Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “ IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 2 mart 2017-ci il tarixli sərəncam ölkəmizdə və bütün İslam aləmində böyük maraq və xoş bir həyəcanla gözlənilən mötəbər idman hadisəsinə bir qədər də yaxınlaşdığımızı və ona hazırlıq istiqamətində son tədbirlərin həyata keçirildiyini təsdiq edir.
Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsində iştirak edən şəxslərin, habelə Oyunların iştirakçılarının akkreditasiya sisteminin təşkili, bu sistemin fəaliyyətinin təmin edilməsi üçün müvafiq tədbirlər görsün və bəzi başqa məsələləri həll etsin.
Mayın 12-dən 22-dək Bakıda keçirilib 50-dən çox müsəlman ölkəsinin nümayəndələrini öz bayrağı altında birləşdirərək, onların gənclik, dostluq və qardaşlıq bayramına çevriləcək IV İslam Həmrəyliyi Oyunları Azərbaycan tarixində çox mühüm hadisə olacaq, dövlətimizin qüdrətini, onun hər hansı bir beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil etmək imkanlarını bir daha bütün dünyaya sübut edəcək.
Azərbaycan paytaxtına səfərə hazırlaşan ölkələrin nümayəndə heyətlərini Bakının ən yaxşı idman qurğularında necə xoş anlar, əsl bayram şəraiti gözlədiyini, qonaqlarımızın burada böyük səmimiyyət və qonaqpərvərliklə qarşılanacağını təsəvvür etmək çətin deyil. Şübhəsiz, bir-birindən müasir idman qurğuları olan Olimpiya Stadionunda, Heydər Əliyev adına İdman Sarayında, Milli Gimnastika Arenasında, “Kristal Zal”da, Su İdmanı Mərkəzində və digər yerlərdə qələbə və medallar, yüksək nailiyyətlər uğrunda gərgin mübarizə gedəcək və Oyunların proqramına daxil olan bütün 20 növün nümayəndələri onlara göstərilən etimadı mümkün qədər yüksək nəticələrlə doğrultmaq üçün əllərindən gələni edəcəklər.
Əlbəttə ki, IV İslam Həmrəyliyi Oyunlarının iştirakçısı olacaq ölkələrin nümayəndələri iki il əvvəl Bakıda keçirilmiş birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinin bütün dünyada necə böyük rəğbətlə qarşılandığını yaxşı bilirlər. Onda, 2015-ci ilin iyun günlərində bütün yollar Avropanı Azərbaycana gətirmişdi və hamı da qitəmizin idman hərəkatında yeni mərhələyə start verən avropalı gənclərin bu yarışlarının ən yüksək səviyyədə təşkilini, onlara göstərilən Azərbaycan qonaqpərvərliyini yekdilliklə etiraf etdi. Çünki Bakı birinci Avropa Oyunlarının paytaxtı, Azərbaycan isə bu yarışların vətəni kimi öz missiyasını şərəflə yerinə yetirmiş, etimadı layiqincə doğrultmuşdur.
İki il ərzində çox böyük iki idman yarışının təşkilatçısı olmaq sevincini heç də hər ölkə yaşamır. Belə bir etimadı yalnız ən layiqlilər qazanırlar.
Bu da şübhəsizdir ki, idman yarışları təkcə qələbə və rekordlar uğrunda gərgin mübarizə meydanı deyil, bütün yarışlar ilk növbədə müxtəlif ölkələrin gənclərinə yaxından ünsiyyətdə olmaq, dostluq münasibətləri yaratmaq, qarşılıqlı anlaşma əlaqələri qurmaq, sonralar onları daha da inkişaf etdirib möhkəmləndirmək imkanı verir.
Dövlət başçımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarından birində IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar dediyi kimi, İslam Həmrəyliyi Oyunları böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampanya aparanlara da bir cavab olacaq...
Azərbaycanın, Bakının beynəlxalq yarışların, bir-birindən mötəbər idman hadisələrinin ən yüksək səviyyədə təşkilində qazandığı uğurlar, idman meydanlarında nailiyyətlərimiz beynəlxalq idman dairələrinin diqqət mərkəzindədir. Cəsarətlə bu qənaətə gələ bilərik ki, IV İslam Həmrəyliyi Oyunlarından sonra ölkəmizə qarşı rəğbət hissi daha da artacaq, Avropa Oyunlarını nümunəvi şəkildə təşkil edən Azərbaycan İslam Həmrəyliyi Oyunları ilə öz tarixinə növbəti parlaq səhifə yazacaq.
“Həmrəylik bizim gücümüzdür” şüarı ilə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 25 illik yubileyinin qeyd olunacağı 2017-ci ilə təsadüf etməsi də çox maraqlı məqamdır. Təbii ki, qarşıdakı Oyunlarda starta çıxacaq ən yaxşı idmançılarımız yubileyə öz layiqli töhfələrini vermək əzmindədirlər və əminik ki, Avropa Oyunlarındakı kimi yenə məqsədlərinə çatacaqlar.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.