Azərbaycan Gimnastika Federasiyasının üçüncü ümumi yığıncağı keçirilmişdir

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilmişdir
Dekabrın 25-də Gənclər və İdman Nazirliyində Azərbaycan Gimnastika Federasiyasının üçüncü ümumi yığıncağı keçirilmişdir.
Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilmişdir.
Yığıncaq iştirakçıları dünyasını dəyişmiş idman xadimlərinin xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Yığıncaqda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan idmançılarının beynəlxalq aləmdə qazandıqları nailiyyətləri vurğulayaraq bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə idmançılarımız bu il rekord sayda medal qazanmışlar. Ötən il 619 medal əldə edilmişdisə, başa çatan ildə Azərbaycan idmançıları həmin rekordu təzələyərək medalların sayını 675-ə çatdırmışlar. Bu nailiyyətlərdə Azərbaycan gimnastlarının payı az deyildir. Azad Rəhimov ümidvar olduğunu bildirmişdir ki, gimnastlarımız Olimpiyaqabağı ildə də bizi öz qələbələri ilə sevindirəcək, ən başlıcası isə London Olimpiadasının medallarını qazanacaqlar.
Gimnastika Federasiyasının 4 illik fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat məruzəsi ilə qurumun vitse-prezidenti Altay Həsənov çıxış etmişdir.
Məruzəçi bildirdi ki, 2006-cı ildə Mehriban xanım Əliyeva hesabat-seçki konfransında yenidən Federasiyanın prezidenti seçilmişdir. Federasiyanın prezidenti gimnastikanın inkişaf etdirilməsi, təbliğinin gücləndirilməsi və əhalinin bu idman növünə cəlb olunması, ölkədə kütləvi yarışların keçirilməsi, eləcə də Azərbaycanı beynəlxalq arenada təmsil etmək vəzifəsini qarşıya qoymuşdur.
Federasiya özündə 4 növü birləşdirir: bədii gimnastika, kişi idman gimnastikası, akrobatika gimnastikası və tamblinq. Bir çox idman cəmiyyətlərində gimnastika bölmələri açılıb, idman zalları təmir olunub, idmançılara, məşqçilərə, həmçinin bu sahədə çalışan mütəxəssislərə qayğı göstərilir. Beynəlxalq yarışlarda və təlimlərdə, məşqçi seminarları və hakim kurslarında iştirak etmək üçün hər bir şərait yaradılıb. Eləcə də, yerli yarışların keçirilmə səviyyəsi yüksəlib.
Deyə bilərəm ki, ötən 4 il gimnastika növlərinin Azərbaycanda inkişafı üçün mühüm mərhələ olmuşdur.
Vitse-prezident xüsusi vurğuladı ki, hesabat dövründə Bakıda Gimnastika Sarayının bünövrəsi qoyuldu. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin və milli federasiyanın rəhbəri Mehriban xanım Əliyevanın təməlqoyma mərasimində iştirak etmələri ölkə gimnastikasının perspektivlərindən xəbər verir. Həmin saray istismara verildikdən sonra orada mükəmməl məşq prosesini həyata keçirmək üçün maksimum şərait yaradılacaqdır. Ən müasir idman avadanlıqları ilə təchiz olunacaq bu möhtəşəm Gimnastika Sarayında yüksək ixtisaslı məşqçi korpusu fəaliyyət göstərəcəkdir.
Milli gimnastlarımızın uğurlarından danışan Altay Həsənov bildirdi ki, 2007-ci ildən etibarən Azərbaycan idmançıları müntəzəm olaraq, dünya və Avropa çempionatlarının mükafatçıları sırasına daxil olurlar. Gimnastımız Aliyə Qarayeva milli gimnastikanın tarixində ilk dəfə Avropa çempionu adını qazanmışdır, qitədə 2-ci, dünya çempionatlarının komanda hesabında isə ölkəmiz üçüncü mövqeyini qorumaqdadır. Pekin Olimpiya Oyunlarında Aliyə finala çıxaraq yüksək - 6-cı yeri tutmuşdur.
Ümumiyyətlə, Aliyə Qarayeva bu il rekorda imza atdı: əvvəlcə o, Azərbaycan gimnastika tarixində ilk dəfə Olimpiya proqramından olan çoxnövçülükdə - Bremendə keçirilmiş Avropa çempionatında medala sahib çıxdı, Moskvada təşkil olunmuş dünya yarışmasında isə 4 mükafatı birdən qazandı.
Digər gimnastlarımız da irəliləyirlər: Anna Qurbanova komandanın sabit üzvü olmaqla yanaşı, başqa yüksək nailiyyətlər də əldə edibdir. Onun Rusiya və Ukrayna gimnastları ilə gərgin mübarizədə qitə çempionatının bürünc medalına yiyələnməsi buna əyani sübutdur. Samirə Mustafayeva və Zeynəb Cavadlı hələ 17 və 19 yaşında olmalarına baxmayaraq, artıq dünya çempionatının ikiqat mükafatçılarıdırlar.
Azərbaycanda yeni gimnastlar nəslinin yetişdiyini diqqətə çatdıran məruzəçi bu il yeniyetmələr arasında Avropa çempionatının gümüş medalını qazanmış 14 yaşlı Lalə Yusifovanın uğurlarından danışaraq demişdir ki, bir çox başqa perspektivli gimnastların da tədricən özlərini göstərəcəklərinə əmindir. Bunun üçün yaxşı imkan vardır. 2008-ci ilin noyabr ayında milli komandaya rəhbərlik etmək bolqarıstanlı mütəxəssis Mariana Vasilevaya tapşırıldı. Buna qədər qrup hərəkətləri üzrə komandasını çalışdıran məşqçinin rəhbərliyi altında millimiz Pekin Olimpiya Oyunlarında iştirak etdi - gimnastlarımız finala adlayaraq, 7-ci yeri tutdular. 2009-cu ilin Avropa çempionatında yeniyetmələrdən ibarət qrup hərəkətləri üzrə komanda gümüş medallara, böyüklərdən ibarət milli komanda isə Yaponiyada təşkil olunmuş dünya çempionatında 4-cü yerə layiq görüldü. Federasiya Mariana Vasilevanın işindən razıdır və demək olar ki o, gimnastlarımız üçün yeni üslub yaratdı - Azərbaycan gimnastika məktəbi önə çıxdı.
Çoxdandır gözlədiyimiz nailiyyətlər, nəhayət ki, akrobatikada da əldə olundu. Qadınlardan ibarət cütlük - Ayla Əhmədova və Dilarə Sultanova hesabat dövrünü layiqincə başa vuraraq, Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bundan başqa, onlar Ümumdünya Oyunları və Dünya Kuboku yarışlarının gümüş mükafatlarını qazandılar. Akrobatlarımızın məşqçisi İradə Qurbanovanın əməyini vurğulamaq istəyirəm. Əlbəttə ki, əldə olunan nəticədə onun da əvəzsiz xidməti vardır.
Tamblinqin ölkəmizdə o qədər də inkişaf etməməsini nəzərə alsaq, bu növdə əldə olunan müəyyən nailiyyətlər diqqətəlayiqdir. Yeniyetmə gimnastımız Mixail Malkin Rusiyada keçirilmiş dünya birinciliyinin final hərəkətlərində 6-cı yeri tutdu.
İdman gimnastikasında əhəmiyyətli nəticələrimiz yoxdur. Məlum olduğu kimi, gimnastımız Şakir Şıxəliyev Almaniyada - məşhur həmyerlimiz, Olimpiya çempionu Valeri Belenkinin yanında təcrübə keçir. Biz ondan daha yüksək nailiyyətlər gözləyirik.
Gimnastikanın inkişafının ölkənin bölgələrində də hiss olunduğunu bildirən A.Həsənov dedi ki, Sumqayıt və Gəncə, Xırdalan, Şabran və Balakəndə bölmələr açılıb və uğurla fəaliyyət göstərir. Bu günlərdə Göyçayda bədii gimnastika bölməsinin açılışı oldu. Qusarda da bu idman növünə maraq vardır. Biz də Federasiya olaraq, öz növbəmizdə həmin bölmələri maddi-texniki baza ilə təchiz edirik. Əminik ki, yerli icra orqanlarının və Gənclər və İdman Nazirliyinin köməyi ilə yaxın gələcəkdə gimnastikanın digər şəhərlərdə də inkişafına nail olacağıq.
Federasiyanın xüsusi diqqət yetirdiyi məsələlərdən biri də beynəlxalq əlaqələrdir. Bakı iki dəfə - 2007-ci və 2009-cu illərdə bədii gimnastika üzrə Avropa çempionatı keçirmək hüququ qazanmışdır. Beynəlxalq qurumlar bu yarışların təşkili və keçirilməsinə dair çox yüksək rəy vermişlər. Federasiya, həmçinin açıq respublika çempionatları keçirir. Burada yerli gimnastlarla yanaşı, xarici ölkələrin idmançıları da qüvvələrini sınayırlar. Bundan başqa, ilk dəfə olaraq, bizim nümayəndəmiz - Federasiyanın baş katibi Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının Helsinkidə keçirilən konqresində bu qurumun Şurasına üzv seçilmişdir.
Federasiyanın hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab edən A.Həsənov dedi ki, dövlətimizin başçısı İlham Əliyevin, eləcə də federasiyamızın prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi daimi diqqət və qayğının müqabilində biz daha məhsuldar işləməyə və yüksək nəticələr göstərməyə borcluyuq. Düşünürəm, idmançı, məşqçi və mütəxəssislərimiz tədricən elə səviyyəyə çatırlar ki, artıq Azərbaycan gimnastikasının tərəqqisindən danışmaq olar.
Azərbaycan Gimnastika Federasiyası milli gimnastikanın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü fəaliyyətini gələcəkdə də davam etdirəcək, idmançıların, məşqçi və hakimlərin səviyyəsini artırmaq, ölkədə gimnastikanın kütləviliyini təmin etmək, eləcə də beynəlxalq əlaqələri möhkəmləndirmək üçün hər bir şəraiti yaradacaqdır.
Çıxışının sonunda bütün gimnastika ictimaiyyəti adından Federasiyanın prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edən məruzəçi əmin olduğunu bildirdi ki, onun rəhbərliyi altında daha yüksək qələbələr qazanılacaqdır.
Yığıncaqda çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə demişdir ki, Azərbaycanın gimnast qızları milli idmanımızın tarixinə şanlı səhifələr yazmışlar. Azərbaycanın bədii gimnastika üzrə qrup komandası Pekin Olimpiadasında uğurla çıxış etmişdir. Ölkəmizin idmançıları olimpiadalarda mühüm nailiyyətlər əldə etmişlər, lakin idmanımızın tarixində ilk dəfə olaraq gimnast qızlarımız Azərbaycanı komanda birinciliyində təmsil etmişlər. Bu gün idman dinamik inkişaf edən ölkəmizin dünyada ən təsirli təbliğ vasitəsidir. Azərbaycan idmançıları parlaq qələbələri ilə bu vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəlirlər. Ç.Hüseynzadə MOK-un prezidenti, dövlətimizin başçısı İlham Əliyevin adından federasiyaya uğurlar arzulamışdır.
Milli Məclisin deputatı Rauf Əliyev bildirmişdir ki, Azərbaycan idmançıları Prezident İlham Əliyevin qayğısını daim hiss edirlər. Son 4 ildə Gimnastika Federasiyası gimnastikanın ölkəmizdə təbliği, yeni istedadların üzə çıxarılması üçün çox işlər görmüşdür. İdmançılarımızın son illər əldə etdikləri qələbələr Olimpiya oyunlarında da ürəkaçan nailiyyətlərin uzaqda olmadığına ümid bəsləməyə imkan verir.
Federasiyanın Veteranlar Şurasının sədri Arif Quliyev veteranlara göstərilən daimi qayğıya görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.
Federasiyanın hesabat dövrü ərzində fəaliyyəti qənaətbəxş hesab edilmişdir.
Gimnastika Federasiyasının İcraiyyə Komitəsi seçilmişdir.
Yığıncaqdan sonra Bakı Olimpiya Kompleksində məşhur və gənc gimnastların iştirakı ilə qala-konsert olmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında