IV İslam Həmrəyliyi Oyunları: açılışa 100 gün qaldı

Sanki, dünən qədəm qoyduğumuz 2017-ci ilin start ayı yanvar bir göz qırpımında, əsl sprinter sürətilə finişə çatdı. İndi biz baharın astanasındayıq. Ölkəmizdə ilin bu gözəl fəslinin bəzəyi isə, şübhəsiz, IV İslam Həmrəyliyi Oyunları olacaq. Müsəlman aləmi gənclərinə möhtəşəm dostluq, qardaşlıq və xeyirxahlıq bayramı vəd edən Oyunların ilin, bəlkə də, ən mülayim, elə buna görə də ən çox sevilən ayı maya təsadüf etməsinin özü də xüsusi bir məna kəsb edir.

 Prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi isə IV İslam Həmrəyliyi Oyunlarını, ən azı, 50 ölkə gənclərinin ikiqat bayramına çevirəcək. Bu tarixi hadisə İslam ölkələrinin gəncləri arasında təkcə idman deyil, bütün sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində çox mühüm tədbir olacaq.

Dövlət başçısı yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu barədə çox dəqiq demişdir: “Bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu da çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmişdir. Yəni, bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq... İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar”.

IV İslam Həmrəyliyi Oyunlarının təşkili hüququnun Azərbaycan Respublikasına, onun gözəl paytaxtı, dünyanın ən müasir şəhərlərindən biri olan Bakıya etibar olunması barədə İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasının 2013-cü il 24 iyul tarixli qərarı ölkəmizə, onun idman təşkilatlarına yüksək etimadın göstəricisidir. Həmin qərar bu gün Azərbaycan Respublikasının dünyanın qabaqcıl idman ölkələri sırasında layiqli yer tutduğunu bir daha təsdiq edir. Ən yüksək səviyyədə təşkil edilib, iştirakçılarına və qonaqlarına unudulmaz təəssürat bəxş edən və dövlətimizin qüdrətinin, onun zəngin idman ənənlərinin növbəti təntənəsinə çevrilən “Bakı-2015” birinci Avropa Oyunlarından sonra Azərbaycanın müasir idman ölkəsi kimi nüfuzu və beynəlxalq dairələrdə ona rəğbət hissi ikiqat artmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” 18 sentyabr 2015-ci il tarixli sərəncamı da müsəlman ölkələri gənclərinin ali idman bayramının layiqincə keçirilməsini təmin etməyə yönəldilmişdir. Bu yarışların Azərbaycan dövlətinin qüdrətinin, Azərbaycan idmanının yüksək nailiyyətlərinin növbəti təntənəsinə çevriləcəyi heç kimdə şübhə doğurmur. Hamı möhkəm əmindir ki,  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın başçılıq etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi birinci Avropa Oyunlarında olduğu kimi, yenə də öz vəzifəsinin öhdəsindən ən yüksək səviyyədə gələcək, Oyunların iştirakçıları və qonaqları Bakıda əsl Azərbaycan qonaqpərvərliyi ilə əhatə olunacaq, onlar üçün hər cür şərait yaradılacaq və bütün ölkələrin nümayəndə heyətlərinin üzvləri Azərbaycan paytaxtında özlərini evdəki kimi hiss edəcəklər.

Bu gün cəsarətlə, böyük qürur hissi ilə deyə bilərik ki, Bakıda IV İslam Həmrəyliyi Oyunları – 2017  öz yüksək təşkilatçılıq səviyyəsi ilə birinci Avropa Oyunları – 2015-dən heç də geri qalmayacaq, əksinə, onu bir qədər də üstələyəcəkdir. Çünki Təşkilat Komitəsi Avropa Oyunlarına hazırlıqda yaxşı təcrübə toplamışdır və bu günlər IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq istiqamətində aparılan işlərdə həmin təcrübədən müvəffəqiyyətlə istifadə olunur.

Azərbaycan paytaxtında IV İslam Həmrəyliyi Oyunlarında əsl birlik, qonaqpərvərlik, xeyirxahlıq ab-havası yaşanacaq. On gün ərzində, mayın 12-dən 22-dək keçiriləcək yarışlarda minlərlə idmançı təkcə yüksək nəticələr və medallar uğrunda rəqabət aparmayacaq, həm də startların yekununda fəxri kürsüyə yüksələ bilib-bilməyəcəklərindən asılı olmayaraq, paytaxtımızda günlərini şən və mənalı keçirəcək, bir-biri ilə yaxından ünsiyyətdə olacaq, Bakı, onun görməli yerləri və qonaqpərvər insanları haqqında geniş məlumat əldə edəcək, vətənlərinə qayıtdıqdan sonra isə Azərbaycan həqiqətlərini həmyerlilərinə çatdıracaq, bu barədə Bakıya, bütün ölkəmizə böyük minnətdarlıq hissi ilə söhbət açacaqlar. Bakı Olimpiya Stadionunda, Heydər Əliyev adına İdman Sarayında, Milli Gimastika Arenasında, Tofiq Bəhramov adına Respublika Stadionunda, “Kristal Zal”da, Su İdmanı Sarayında, Atıcılıq Mərkəzində və bir-birindən gözəl digər idman qurğularımızda tarixin yaddaşına köçəcək günləri sonralar həyatlarının ən xoş anları kimi xatırlayacaqlar.

Avropa Oyunlarını Azərbaycanın dünya dövlətləri arasında yerinin müəyyən edilməsi istiqamətində daha bir addım, eyni zamanda, Avropa dəyərlərinə sadiqliyinin sübutu hesab etmək olardısa, IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri gənclərinin bir-birinə daha da yaxınlaşmasının, onlar arasında qarşılıqlı hörmət və anlaşma əlaqələrinin, birliyin möhkəmləndirilməsinin  və inkişaf etdirilməsinin parlaq təntənəsinə çevriləcək. Yuxarıda qeyd etdiyimiz kimi, bu yarışlar zamanı minlərlə iştirakçı təkcə əzəmətli idman meydanlarında qələbə və rekordlara can atmayacaq, həm də Avropa Oyunlarında,  Formula-1 “Qran – pri”sində,  42-ci Ümumdünya Şahmat Olimpiadasında və paytaxtımızda keçirilmiş digər mötəbər idman tədbirlərində olduğu kimi, möhkəm dostluq əlaqələri quracaq və bunun üçün yaradılan şəraitə görə Bakıya, Azərbaycan dövlətinə minnətdar olacaq. Çünki bu dünyada əmin-amanlıqdan, dostluqdan, xeyirxah işlərdən yaxşı heç nə yoxdur. Bir də ki, Bakıda İslam Həmrəyliyi Oyunları – 2017 bu yarışlarda iştirak edəcək bütün ölkələrin ən yaxşı idmançıları üçün Tokioda XXXII Yay Olimpiya Oyunları – 2020-yə hazırlıq istiqamətində çox faydalı olacaq, Olimpiada startlarına hazırlıq prosesində kəskin rəqabət şəraitində öz imkanlarını sınaqdan çıxarmaqda onlara kömək edəcək.

İki il əvvəl tarixin səhifələrində özünə birinci Avropa Oyunlarının paytaxtı kimi yer edən Bakı qitəmizin idman hərəkatında yeni bir dövrə inamla start verdi və əsl təşkilatçılıq nümunəsi göstərib Avropa Olimpiya Komitəsinin (AOK) etimadını şərəflə doğrultdu, ölkəmizin ən yaxşı idmançılarının 50 dövlət arasında yalnız Rusiyadan geri qalıb komanda hesabında ikinci yeri tutmaları isə möhtəşəm idman bayramına xüsusi gözəllik verdi, fantastik nailiyyət kimi qarşılandı. Güləş, boks, gimnastika, taekvondo, cüdo, karate, sambo ustalarımız və idmanın bir sıra başqa növlərinin nümayəndələri ölkəmizə 56 medal – 21  qızıl, 15 gümüş və 20 bürünc mükafat qazandıraraq, bu çox mötəbər yarışda komanda hesabında  ikinci olmaqla Azərbaycanı göylərə yüksəldib, Avropanı heyrətə gətirdilər. Təsadüfi deyil ki, Oyunlardan dərhal sonra İspaniya Milli Olimpiya Komitəsinin rəsmi saytı əla təşkilatçılıq səviyyəsi nümayiş etdirən Azərbaycanın yarışlarda da mükəmməl çıxış edib yekun cədvəlində dünya idmanının nəhəngləri sırasında olan Böyük Britaniya və Almaniyadan da yüksək mövqedə qərar tutduğunu xüsusi qeyd etmişdi.

Bakıda Avropa Oyunlarının əla təşkili,  Azərbaycan idmançılarının tarixi nailiyyəti təkcə İspaniyada deyil, dünyanın hər yerində yüksək qiymətləndirilmiş, ölkəmizə, çoxlarına nümunə göstərilən idmanımıza dərin maraq və rəğbət hissi yaratmışdır.

“Bakı-2015”-in  iştirakçısı və qonağı olmuş idmançı və məşqçilər hələ də iki il əvvəl Azərbaycan paytaxtının idman bazalarında ən yüksək səviyyədə təşkil edilən yarışlardan aldıqları xoş təəssüratla yaşayır, Oyunlara hazırlıq və onların keçirilməsi zamanı idman təşkilatlarımızın göstərdikləri qeyri-adi cəsarət, yüksək qonaqpərvərlik haqqında bizə böyük hörmətlə danışırlar.

İndi hamı Azərbaycanın Avropa Oyunlarında müəyyən edilmiş səviyyəni IV İslam Həmrəyliyi Oyunlarında  bir qədər də artıracağını gözləyir. Artıq Bakı ən böyük yarışları ən yüksək səviyyədə keçirmək bacarığını məharətlə sübuta yetirmişdir və İslamiadaya hazırlıq prosesi də bu yolda qazanılmış təcrübəyə əsaslanır.

Bir qədər də qarşıdakı Oyunların təqviminə nəzər salaq. Təqvimdə idmançıların ağır atletika, atıcılıq, basketbol 3x3, bədii gimnastika,  boks, cüdo, futbol, güləş, həndbol, idman gimnastikası, karate, stolüstü tennis, su polosu, suyatullanma, taekvondo, tennis, uşu, üzgüçülük, voleybol, yüngül atletika, zorxana yarışlarında çıxış edəcəkləri bildirilir. Oyunlara rəsmi açılış mərasimindən bir gün əvvəl, mayın 11-də futbol görüşləri ilə start veriləcəkdir.

Açılış mərasimi isə, artıq diqqətinizə çatdırdığımız kimi, mayın 12-də Bakı Olimpiya Stadionunda olacaq. Elə həmin gün atıcılıq, boks, idman gimnastikası, stolüstü tennis, voleybol turnirləri də starta çıxacaq və  gündən-günə yarışlar daha geniş miqyası əhatə edəcək, daha çox medal öz sahiblərini tapacaqdır.

Nəhayət, Oyunların bağlanış mərasimi mayın 22-də keçiriləcək. Bu ali idman tədbirinin son medalları da elə həmin gün güləş, həndbol və uşu yarışlarında oynanılacaq. Ən başlıcası isə Azərbaycan, Türkiyə, İran, Albaniya, Banqladeş, Benin,  Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bruney, Burkina-Faso, Cibuti, Çad, Əfqanıstan, Əlcəzair, Kamerun, Misir, Özbəkistan, Qabon, Somali, Toqo, Tunis, Türkmənistan, Uqanda və daha neçə-neçə ölkənin idmançıları müstəqil Azərbaycan Respublikasında IV İslam Həmrəyliyi Oyunlarının iştirakçısı olmaqdan böyük zövq alacaqlar.

Əlbəttə, təşkilatçılara başucalığı gətirən birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimləri sizin yaxşı yadınızdadır. Düşünmək olar ki, IV İslam Həmrəyliyi Oyunlarında idman aləmini iki il əvvəlkindən də böyük təntənə və təmtəraq gözləyir.

Beləliklə, Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə 100 gün qalır. Tezliklə bütün müsəlman aləminin nəzərləri Azərbaycan paytaxtına yönələcək. Bu, hamının böyük həyəcanla, səbirsizliklə gözlədiyi çox mühüm tarixi hadisə olacaq. Prezident İlham Əliyev hələ 2016-cı il iyunun 8-də müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərləri qarşısındakı çıxışında bu barədə belə demişdir: “Ötən il burada birinci Avropa Oyunları keçirildi, gələn il isə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Əminəm ki, İslam Həmrəyliyi Oyunları tarixdə təkcə idman yarışı kimi qalmayacaq. Biz istəyirik ki, İslam Həmrəyliyi Oyunları bütün dünyaya nümayiş etdirsin ki, İslam aləmi birliyə, sülhə, sabitliyə çağırır. Eyni zamanda, əminəm ki, bu Oyunlar İslam mədəniyyətinin təzahürü olacaqdır”.

Bakı Azərbaycanda “İslam Həmrəyliyi İli”ndə IV İslam Həmrəyliyi Oyunları kimi böyük bir hadisə ərəfəsindədir. Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin islamşünası Karim İfrakın bu yaxınlarda AZƏRTAC-a müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi müstəsna təşəbbüsdür. Eyni zamanda, böyük ambisiya və bütün İslam ölkələri üçün məmnuniyyət doğurur. Azərbaycan bu il IV İslam Həmrəyliyi Oyunları kimi möhtəşəm tədbirə ev sahibliyi edəcək. Azərbaycanın ev sahibliyi ilə İslam idmanı yenidən dirçələcək və beynəlxalq səviyyəli xarakter alacaq.

Moskva Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Natalya Krasovskaya da Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirmişdir. O, elə həmin agentliyə müsahibəsində bu barədə demişdir ki, bu il İslam Həmrəyliyi Oyunları “Həmrəylik bizim gücümüzdür” şüarı ilə keçəcək. Çox düzgün şüardır: indiki keşməkeşli dövrümüzdə planetimizdə sülh naminə bütün ölkələrin səylərinin birləşdirilməsinin zəruri olduğunu bütün mümkün üsullarla təbliğ etmək lazımdır. Oyunların keçirilməsi üçün Bakı təsadüfən seçilməyib. Onu mübaliğə etmədən multikulturalizmin paytaxtı, müsəlman, pravoslav və yəhudilərin dinc yanaşı, dostluq şəraitində yaşadığı şəhər adlandırmaq olar.

Göründüyü kimi, 100 gündən sonra təntənəli açılış mərasimini qürur hissi ilə izləyəcəyimiz IV İslam Həmrəyliyi Oyunlarını bizimlə yanaşı, Azərbaycanın dostları da böyük maraqla gözləyirlər. Onlar əmindirlər ki, ən böyük beynəlxalq tədbirləri layiqli şəkildə keçirmək bacarığını dəfələrlə sübuta yetirmiş Azərbaycan yenə ona göstərilən etimadı şərəflə doğruldacaq və IV İslam Həmrəyliyi Oyunları ölkəmizin tarixində özünə növbəti parlaq bir səhifə kimi yer edəcək.

İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi  həm də onunla əlamətdar olacaq ki, bu il Azərbaycanın Olimpiya Hərəkatında iki mühüm hadisəni qeyd edəcəyik. Artıq mart ayında ölkə Milli Olimpiya Komitəsinin rəsmən fəaliyyətə başlamasının 25, iyulda isə cənab İlham Əliyevin MOK-a rəhbərliyinin 20 ili tamam olacaq. Bu illər ərzində idmanımızda necə böyük dəyişikliklər baş verdiyi, necə yüksək nailiyyətlər və  beynəlxalq nüfuz qazanıldığı heç kim üçün sirr deyil.

Deməli, bu qənaətə gələ bilərik ki, IV İslam Həmrəyliyi Oyunlarının bəxti gətirmişdir. Bu çox  maraqlı oyunlar 2017-ci ildə bir başqa şəhərdə deyil, ölkəmizin Olimpiya hərəkatında tarixi günlərin qeyd olunacağı Bakıda keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında