İ D M A N

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan futbolçuları Sankt-Peterburqda

 

Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq Futbol Federasiyasının (FİFA) birinci vitse-prezidenti olmuş Valentin Qranatkinin xatirəsinə həsr edilən yeniyetmələrdən ibarət yığma komandalar arasında ənənəvi beynəlxalq turnirə start verilmişdir. Sayca 29-cu dəfə təşkil edilən yarışın mükafatları uğrunda 16 komanda mübarizə aparır.

Azərbaycan futbolçuları Litva, Slovakiya və Qazaxıstan yığmaları ilə birlikdə  “C” qrupuna daxildirlər.  Digər üç qrupun isə tərkibi belədir: “A” qrupu. Tacikistan, Yunanıstan, Bolqarıstan, Estoniya. “B” qrupu. Latviya, Belarus, Rusiya, Hindistan. “D” qrupu. Moldova, Sloveniya, Sankt-Peterburq, İran.

Xatirə turniri yanvarın 8-də Tacikistan-Yunanıstan görüşü ilə başlanmışdır.  Bu oyunda taciklərin xeyrinə 1:0 hesabı qeydə alınmışdır. Həmin gün keçirilmiş digər oyunlar isə belə nəticələnmişdir: Bolqarıstan-Estoniya-0:0, Latviya-Belarus-2:2, Rusiya-Hindistan-8:0.

Həmvətənlərimiz ilk oyunda dünən litvalı yaşıdları ilə qarşılaşmışlar. Növbəti iki görüşümüz yanvarın 11-də və 13-də müvafiq surətdə Qazaxıstan və Slovakiya komandaları ilə olacaq.

İlkin mərhələnin yekununda hər qrupdan ən yaxşı iki komanda dörddəbir finala çıxıb, mükafatlar uğrunda mübarizəni davam etdirəcək. Turnirin qalib və mükafatçıları yanvarın 21-nə təyin edilmiş üçüncü yer uğrunda oyunda və final görüşündə müəyyənləşəcək.

 

Bazeldə baş mükafatı Eltac Səfərli qazanmışdır

 

İsveçrənin Bazel şəhərində başa çatmış beynəlxalq şahmat festivalının “A” turnirinin baş mükafatını azərbaycanlı qrossmeyster Eltac Səfərli qazanmışdır.

Milli komandamızın üzvü yüzdən çox rəqibin mübarizə apardığı yarışda 9 mümkün xaldan 7 xal toplamış və yekun cədvəlində birinci olmuşdur.

Daha iki iştirakçı çinli Szinşi Bay və fransalı Kristian Bauer də finişə 7 xalla çatmışlar. Lakin Səfərli əlavə göstəricilərə görə onların hər ikisindən üstün olmuşdur.

Bazel turnirində Azərbaycanın digər şahmatçısı Nicat Abasov da uğurla çıxış etmişdir. O, 6,5 xal toplayaraq  üç qalibdən cəmi yarım xal geri qalmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında