Bakı kimi, Minsk də yüksək etimadı şərəflə doğruldacaq

Belarus Teleqraf Agentliyinin (BELTA) bu yaxınlarda yaydığı bir xəbərə görə, Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Andrey Şorets  jurnalistlərə bildirmişdir ki, Minskdə Avropa Oyunları üçün yeni idman obyektləri inşa ediləcək. “Bizim əsas vəzifəmiz açılış mərasiminin keçiriləcəyi “Dinamo” yüngül atletika stadionunu inşa etməkdir. Stadionu bu ilin sonunda istifadəyə verəcəyik. İkinci obyekt Bədii Gimnastika Mərkəzidir. Onun inşasının 2018-ci ilin ortalarında başa çatdırılması nəzərdə tutulub. Bu Mərkəz, həqiqətən, şəhərin mərkəzinə çevriləcək”, – deyə A.Şorets bildirmişdir.

O, həmçinin məlumat verib ki, Oyunların Təşkilat Komitəsi yaradılmış, idman yarışlarının keçirilməsində istifadə edilə biləcək obyektlər müzakirə olunur. Belə mühüm idman hadisəsinə hazırlıq zamanı 2014-cü ildə keçirilmiş xokkey üzrə dünya çempionatının müsbət təcrübəsindən istifadə olunacaq. Həmçinin qonaqpərvərlik zonalarının təşkili nəzərdə tutulur. Şəhərin hakimiyyət orqanlarının hesablamalarına görə, yarışlar dövründə Minskə çoxsaylı qonaqlar gələcək.

Göründüyü kimi, birinci Avropa Oyunlarının paytaxtı Bakıdan estafeti qəbul etmiş Minsk 2019-cu ildə qitəmizin ali idman bayramını ən yüksək səviyyədə təşkil etməyə hazırlaşır. Bakıdan sonra Avropa Oyunlarının təşkilatçısı olmaq hüququnu məhz Belarus Respublikası paytaxtının qazanması təsadüfi deyil. Azərbaycan və Belarus prezidentləri həm də öz ölkələrinin milli olimpiya komitələrinin rəhbərləridir. Bu da maraqlı məqamdır ki, həm möhtərəm İlham Əliyev, həm də cənab Aleksandr Lukaşenko müvafiq surətdə Azərbaycan və Belarus MOK-larına 1997-ci ildən başçılıq edirlər və bu il hər iki dövlət başçısının Milli Olimpiya Komitəsinin prezidenti seçilməsinin 20-ci ili tamam olacaq.

Hələ 2015-ci ilin iyun ayında  paytaxtımızda birinci Avropa Oyunlarının gedişi zamanı qonağımız olmuş belaruslu mütəxəssislər Bakının tarixdə ilk dəfə keçirilən möhtəşəm idman bayramını yüksək səviyyədə təşkil etdiyini və gələcəkdə öz ölkələrində böyük yarışlara hazırlıq zamanı Azərbaycan paytaxtının təcrübəsindən geniş istifadə edəcəklərini bildirmişdilər. Bu zaman onlar yekdilliklə belə bir fikir söyləmişdilər ki, Bakı Avropa Oyunları ilə yaşayır. Burada idman bayramı çox yaxşı alınmışdır. Bunun üçün Azərbaycanda xeyli səy göstərilmişdir. Qonaqlar həmçinin qeyd etmişdilər ki, birinci Avropa Oyunlarının bütün günləri ərzində idman meydanlarında iştirakçı və azarkeşləri rəsmi talismanlar Ceyran və Nar əyləndirib. Onlar Azərbaycanın gözəl təbiətinin , zəngin mədəni irsinin simvollarıdır və öz yaradıcılarının fikrincə, ölkənin böyük keçmişini və çox şey vəd edən gələcəyini əks etdirir.

Bakda Oyunlar başa çatdıqdan dərhal sonra isə BELTA ölkənin
“7 dney” qəzetində dərc olunmuş “Davamı olan Oyunlar” sərlövhəli geniş həcmli yazını oxucuların diqqətinə çatdırmışdı. Həmin məqalənin müəllifi Vyaçeslav Dutov  “Bakı—2015”  birinici Avropa Oyunlarından aldığı xoş təəssürat haqqında böyük razılıq hissi ilə söhbət açmışdı:

 “Avropa idmanının zəngin tarixinə adi bir səhifə yox, ən parlaq səhifə yazılıb. Axı, indiyə qədər belə bir şey olmamışdı. Deməli, bu səhifəni idmançıların, o cümlədən Belarus atletlərinin bir yox, neçə-neçə nəsli dönə-dönə oxuyacaq və ondan “sitat gətirəcək”. Aydındır ki, söhbət birinci Avropa Oyunlarından gedir. Bu Oyunlar bizə bir çox həyəcan dolu və yaddaqalan hadisə bəxş edərək “Ey idman! Sən sevinc gətirirsən”—deyimini bir daha xatırlatdı. Avropa Oyunlarının məşəllərindən biri isə bizə simvolik şəfəq saçacaq. Bu məşəl Belarus Milli Olimpiya Komitəsinin muzeyində özünə layiqli yer etmişdir.

İlk Oyunlar həmişəlik ilk kimi qalacaq. Çünki bu Oyunlar yeni salnamənin başlanğıcıdır. “Avropa Oyunları – 2015” bir çox göstəricilərə--yüksək təşkilatçılığına, Avropa nümunəli genişmiqyaslı yeni yarışların bayraqdarları olmuş müxtəlif ölkələrin atletlərinin xeyirxahlıq və birlik nümunəsinə görə tarixdə özünə möhkəm yer edəcək”.

Həqiqətən, Bakıdakı Avropa Oyunları yaddaşlarda həmişəlik olaraq ilk Oyunlar kimi qalacaq. Birinci Avropa Oyunlarının paytaxtında hər şey gözlənildiyindən,  arzu olunduğundan da yüksək səviyyədə idi  və bunu bütün dünya gördü.

Avropanın idman hərəkatnda yeni dövr tarixinin ilk səhifəsini qızıl hərflərlə yazan Bakı 50 ölkənin xoşniyyətli, daim yeniliklərə can atan gənclərini öz bayrağı altında birləşdirib, əsl həmrəylik və dostluq nümunəsi göstərdi. Bununla da ümumdünya məhəbbəti qazandı. 

Avropa idmanı, Avropa Oyunları yaşadıqca belaruslu idmançılar və mütəxəssislər kimi, bütün qitəmiz “Bakı—2015-i” həmişə böyük razılııq, dərin minnətdarlıq hissi ilə xatırlayacaq və bu Oyunların əks-sədası hələ çox eşidiləcək.

Ötən il noyabrın son günlərində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı da Azərbaycan  və Belarus respublikalarının dövlət başçıları mətbuata bəyanatlarla çıxışlarında bu barədə məmnuniyyətlə danışmışlar.

 Azərbaycan Prezidenti İlham Əliyev öz bəyanatında bildirmişdir ki, bu gün  Belarus iri idman məmləkətidir. Biz də belaruslulardan geri qalmamağa çalışırıq, həmçinin idman sahəsində əlaqələrimizin möhkəmləndirilməsində əməkdaşlıq edirik. Əlbəttə, həm birinci, həm ikinci Avropa Oyunlarının keçmiş Sovet İttifaqı ölkələrində – keçmiş SSRİ-nin ən uğurlu ölkələrində keçirilməsi də, yəqin ki, rəmzi xarakter daşıyır. Düşünürəm ki, bu bizim ölkələrimizin xidmətlərinin tanınmasıdır. Çünki ölkələrimiz müstəqil dövlət kimi gəncdir—cəmi 25 il. Bu illər ərzində biz ən yüksək zirvələr fəth etmişik və istənilən səviyyədə tədbirlər keçirmək qabiliyyətinə malik olduğumuzu göstərmişik. Əminəm ki, ikinici Avropa Oyunları birincidən pis keçməyəcək. Çünki təcrübədən keçirdiyimiz təşkilati işlər, bu cür tədbirlərin təşkilinə göstərdiyiniz cəhdlər qarşıdakı Oyunların unikal olacağını deməyə imkan verir. Siz təkcə Belarus xalqının qəlbini deyil, həm də müasir Belarusun güclü , müstəqil, layiqli dövlət olduğunu bütün Avropaya nümayiş etdirəcəksiniz.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko da öz növbəsində bildirmişdir: “İdman barədə mən hələ o vaxt demişdim, bir daha təkrar edirəm, siz Avropa Oyunlarını parlaq səviyyədə keçirdiniz, heç kəs həmin turniri təkrar edə bilməz. Siz elə bir səviyyə müəyyən etdiniz ki, ümumiyyətlə, əsas Olimpiada, dünya Olimpiadası bu dərəcədə hazırlanmır, keçirilmir. Siz təkcə Bakının deyil, bütün ölkənin simasını dəyişmisiniz. Bunu təkrarlamaq asan məsələ deyil. Bunu dərhal demişdim, ikinci Avropa Oyunlarının bizdə, Belarusda keçiriləcəyini nəzərdə tuturdum. Əlbəttə, biz sizi üstələyə bilmərik, lakin belaruslulara xas olan səmimiyyətlə dedim, biz çalışacağıq ki, bu Oyunların açılışında, bağlanışında və keçirilməsində Azərbaycandan geri qalmayaq. Buna görə, İlham Heydər oğlu, vaxtilə siz məni dəvət etdiyiniz kimi, indi mən həm Sizi, həm də azərbaycanlı qardaşlarımızı 2019-cu ildə keçiriləcək həmin Oyunlara dəvət edirəm. Biz estafeti sizdən qəbul edirik. Əlbəttə, biz sizin topladığınız o qiymətli təcrübəni mənimsəmək istərdik ki, həmin Oyunları ləyaqətlə, yüksək səviyyədə keçirək. İdmanda konkret əməkdaşlığın başqa istiqamətləri üzrə də sizin təcrübənizi öyrənməyə hazırıq. Kimin fikrinə gələrdi ki, vaxtilə idmanın çox növlərini Azərbaycan Belarusdan öyrəndiyi halda, bu gün biz idmanın çox növləri üzrə Azərbaycandan öyrənməli olacağıq. Ümumiyyətlə, biz qoçaq adamlarıq. Rioda siz çox ləyaqətlə çıxış etdiniz və bu, çox cəhətdən sizin keçirdiyiniz Avropa Oyunları sayəsində mümkün oldu. Bildiyiniz kimi, həm sizin Prezident, həm də mən, eyni zamanda, Milli Olimpiya komitələrinin prezidentləriyik. Bu gün idman həm Azərbaycan Prezidentinin həyatında, həm də mənim həyatımda mühüm yer tutur və xüsusi rol oynayır. Biz öz vətəndaşlarımızda idmana həm maraq, həm də sevgi aşılayırıq”.

Sonda onu da xatırladaq ki, Belarus 2019-cu ildə ikinci Avropa Oyunlarının keçirilməsi hüququnu ötən ilin oktyabr ayında Minskdə Avropa Olimpiya Komitələrinin (AOK) 45-ci Baş Assambleyasının iclasında qazanıb. Bakıda birinci Avropa Oyunları isə 2015-ci il iyunun 12-28-də keçirilmişdir. Həm Azərbaycan, həm də Belarus komandaları “Bakı—2015” birinci Avropa Oyunlarında uğurla çıxış etmişlər. Azərbaycan idmançıları Oyunlarda 56 medal (21 qızıl, 15 gümüş, 20 bürünc) qazanaraq 50 ölkə arasında Rusiyadan sonra ikinci yeri tutmuşlar. Belarus yığması isə 43 mükafatla (10+11+22) yeddinci olmuşdur. Şübhəsiz, hər iki ölkə atletləri Minskdə də ən güclülər sırasında olmağa çalışacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında