Bu il ötənilkindən də böyük nailiyyətlər qazanacağıq

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rafael Ağayev, karate üzrə 5 qat dünya, 10 qat Avropa çempionu:

 

– Yeni ili idman ictimaiyyəti də böyük nailiyyətlərlə qarşıladı. 2016-cı il həyatın bütün sahələrində olduğu kimi, idman sahəsində də böyük uğurlarla zəngin il olmuşdur. Ölkəmizdə karatenin inkişafı istiqamətində görülmüş böyük işləri xüsusi qeyd etməliyəm. Təsadüfi deyil ki, beynəlxalq yarışlarda Azərbaycan karateçiləri parlaq nailiyyətlərə imza atırlar. Ötən il karate yığmamız Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanaraq 3-cü yeri tutub. Dünya çempionatında 3 medalla 5-ci yerdə qərarlaşmışıq. Sevindirici haldır ki, son illər bu idman növü ilə məşğul olanların sayı xeyli artıb. Hər birimiz Azərbaycan bayrağını dünya arenalarında qaldırmaq və himnimizi səsləndirməklə fəxr edirik.

İdmanda ilk addımlarım müstəqilliyimizin ilk illərinə təsadüf edib. 20 ildən çoxdur ki, idmandayam. Dəfələrlə Avropa çempionu adına layiq görülmüşəm. Ötən  il 5-ci dəfə dünya çempionu olmaqla rekorda imza atdım. Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən böyük dəstək bu sahədə gələcəkdə daha böyük qələbələrin əldə edilməsinə imkan yaratmışdır. Əminik ki, Azərbaycanın qələbələri növbəti illərdə daha bol olacaq.

Bu günlər həm də böyük bayramımız – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü coşqu ilə qeyd etdik. Müasir dövr daha sıx birliyimizi, həmrəy olmağımızı tələb edir. Bütün dünya azərbaycanlılarını bu bayramlar münasibətilə təbrik edir, xalqımıza sülh, əmin-amanlıq, bol nailiyyətlər arzulayıram.

 

Hicran Şərifov,  “Olimpiya” ordenli  güləş üzrə hakim:

 

– Azərbaycanda həyatın bütün sahələrində inkişaf və tərəqqi ili kimi yadda qalan 2016-cı il də tarixin yaddaşına köçdü. Əmin-amanlıq, sülh şəraitində qurub-yaradan xalqımız yeni ilə bol uğurlarla qədəm qoydu. Ötən  il atletlərimiz ən böyük idman sınağı, Rio Olimpiadasında yüksək peşəkarlıq nümayiş etdirərək dünya miqyasında medalların sayına görə 14-cü, Avropada 7-ci, MDB və postsovet məkanında 2-ci, müsəlman ölkələri arasında birinci pillədə qərarlaşmışlar. Bu, müstəqilliyimizin 25 illiyini qeyd etdiyimiz bayram günlərinə gözəl bir hədiyyə olmuşdur.

Keçən  il mənim həyatımda da çox böyük uğurlarla yadda qalıb. 2016-cı ildə üçüncü Olimpiada kimi, Rio Oyunlarında uğurla hakimlik etdim. 65 kiloqram çəkidə sərbəst güləş yarışlarında 3-cü yer uğrunda Monqolustan və Özbəkistan pəhləvanlarının mübarizəsi zamanı verdiyim xallar böyük mübahisəyə səbəb olmasına  baxmayaraq, düzgünlüyü  təsdiq edildi və təşəkkür qazandım. Bununla da, dünyanın ən böyük idman tədbirində azərbaycanlı hakim olaraq ədalətin zəfər çalmasına yardımçı oldum və bu bir daha onu göstərdi ki, London Olimpiadasında “Qızıl fit”ə təsadüfən layiq görülməmişəm. Eyni zamanda, “İlin idman hakimi” nominasiyasında qalib olmağım mənim üçün böyük şərəf idi. Ötən  il pedaqogika üzrə fəlsəfə doktoru elmi işimi başa çatdırdım və uğurla müdafiə edib elmi ad aldım. Bu da mənim üçün ən böyük nailiyyətlərdən biri kimi yadda qaldı. 2016-cı ildə ən böyük uğurum isə Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeninə layiq görülməyim oldu. İlin idman yekunlarına həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin mənə “Olimpiya” ordenini təqdim etməsi həyatımın ən unudulmaz anlarından birinə çevrildi.

Xalqımız böyük bayramları – Dünya  Azərbaycanlılarının  Həmrəyliyi  Gününü və Yeni ili yüksək əhval-ruhiyyə ilə qeyd etdi. Fürsətdən istifadə edib, bu gözəl bayramlar münasibətilə bütün azərbaycanlıları ürəkdən təbrik edirəm. Arzum budur, daha da həmrəy olaraq Azərbaycanımızın çiçəklənməsinə töhfələrimizi verək.

Təqdim etdi:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında