İDMAN

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəyalə Abdulla: İki liderdən biri

 

Azərbaycan şahmatçısı Xəyalə Abdulla Birləşmiş Ərəb Əmirliklərində keçirilən qadınlar arasında beynəlxalq Şərci kuboku turnirində yarış məsafəsinin birinci yarısını iki liderdən biri kimi başa vurmuşdur.

Həmvətənimiz üç qələbə və bir heç-heçədən sonra beşinci turda ukraynalı Yevgeniya Doluxanovaya qalib gələrək xal ehtiyatını 4,5 -ə çatdırmışdır. Belaruslu Anna Zozulya da bir o qədər xal toplamışdır. Beş turdan sonra turnir cədvəlinə bu iki  şahmatçı başçılıq edir.

Azərbaycan şahmat məktəbinin digər yetirməsi Turan Əsgərova 40 nəfərə qədər rəqibin çıxış etdiyi turnirdə 3 xalla on ikinci mövqedədir. İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olan yarışda dünən altıncı turun görüşləri oynanılmışdır.

 

Qahirədən üçüncü mükafatla

 

Misirin paytaxtı Qahirədə başa çatmış “Qızıl Kleopatra” beynəlxalq turnirinin üç qalibindən biri Azərbaycan şahmatçısı Azər Mirzəyev olmuşdur.

Təmsilçimiz turniri 8,5 xalla üçüncü pillədə başa vurmuşdur. İkinci yeri tutan Oleq Korneyev də (İspaniya) Mirzəyevlə eyni nəticə göstərmiş, lakin daha yaxşı əlavə göstəricilərə görə ikinci olmuşdur. Baş mükafatı isə 9 xal toplayan bolqarıstanlı qrossmeyster Kirill Georgiyev qazanmışdır. 

 

 İlin finişində dünya çempionatı

 

Qətərin paytaxtı Doha şəhərində start ərəfəsində olan rapid üzrə dünya çempionatında medallar uğrunda 120 şahmatçı, o cümlədən 94 qrossmeyster mübarizə aparacaq.

Çempionatın saytında verilmiş siyahıda iştirakçılardan beş nəfəri Azərbaycan nümayəndəsidir. Şəhriyar Məmmədyarov (2762) reytinqə görə siyahıda səkkizinci, Teymur Rəcəbov (2696) 26-cı, Arkadi Naydiç (2686) 32-ci, Rauf Məmmədov (2684) 33-cü, Sərxan Həşimov (2351) 111-cidir. Çempionatın ən yüksək reytinqli şahmatçısı dünya çempionu norveçli Maqnus Karlsendir (2853). Üç gün üçün nəzərdə tutulmuş turnir dekabrın 26-da başlanıb 28-də finişə çatacaq.

Rapid çempionatından dərhal sonra, dekabrın 29-da rəqiblər blits turnirində mübarizəyə başlayacaqlar. Sürətli şahmatın bu növündə qalib və mükafatçılar iki gün ərzində müəyyənləşəcək.

Başa çatmaqda olan 2016-cı ilin son mötəbər şahmat hadisəsi – Dohada keçiriləcək dünya çempionatı idman aləmində böyük maraqla gözlənilir. Görək, çempionat onun azərbaycanlı iştirakçıları üçün nə ilə yadda qalacaq...

 

FİFA ilin sonuncu reytinq cədvəlini açıqlamışdır

 

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2016-cı ildə milli komandaların sonuncu reytinq cədvəlini dərc etdirmişdir. Azərbaycan yığması Argentinanın (1634) başçılıq etdiyi siyahıda 386 xalla 90-cı yerdədir.

Dünya çempionatı –2018 –in seçmə yarışlarında komandamızın rəqibləri Almaniya (1433) 3-cü, Şimali İrlandiya (767) 32-ci, Çexiya (671) 43-cü, Norveç (422) 83-cü, San-Marino (17) 202-ci pillədədirlər.

Xatırladaq ki, Azərbaycan milli komandasının futbolçuları dünya çempionatı seçmə yarışlarının 2016-cı il təqvimini   7 xalla üçüncü yerdə başa vurmuşlar və 2017-ci ildə ilk görüşü martın 26-da Bakıda “C” qrupunun lideri Almaniya yığmasına qarşı keçirəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında