İ D M A N

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qrossmeyster Məmmədovun ikiqat sevinci

 

Azərbaycan milli şahmat komandasının üzvü Rauf Məmmədov Estoniyanın paytaxtı Tallinndə keçirilmiş rapid və blits üzrə Avropa çempionatlarını iki medalla başa vurmuşdur. Rapid turnirində bürünc mükafata sahib olmuş qrossmeysterimiz blits yarışında da fərqlənmiş və bu dəfə gümüş medalın sevincini yaşamışdır.

İyirmi səkkiz ölkənin 500-dən çox təmsilçisinin mübarizə apardığı yarışda Məmmədov 26 mümkün xaldan 20,5 xal toplayaraq, ikinci nəticə göstərmişdir. O, yalnız çempion adını qazanmış rusiyalı Dmitri Andreykindən (22 xal) geri qalmışdır. Üçüncü yeri Belarus şahmatçısı Sergey Jiqalko ( 19,5) tutmuşdur.

R. Məmmədov Avropa çempionatında bir çox tanınmış rəqibi, o cümlədən Maksim Matlakovu (Rusiya, 19,5 xal), macar Peter Lekonu, erməni Zaven Andriasyanı, çexiyalı David Navaranı (hamısı 19 xal) qabaqlamağı bacarmışdır.

Başa çatmaqda olan 2016-cı ilin finişində dörd gün ərzində Avropa çempionatlarında qazanılmış iki medal—bürünc və gümüş mükafatlar, əlbəttə, azərbaycanlı qrossmeysterin böyük uğurudur. Bu mükafatlar Raufun sürətli şahmatda ən güclü rəqiblərdən biri olmasının göstəricisidir.

Blits üzrə Avropa çempionatında iştirak etmiş milli komandamızın daha bir üzvü Arkadi Naydiç isə finişdə 17,5 xalla 28-ci olmuşdur.

Qarşıda Məmmədovla Naydiçi rapid və blits üzrə daha bir sınaq gözləyir. Onların hər ikisi, habelə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Sərxan Həşimov dekabrın 25-31-də Qətərin paytaxtı Dohada dünya çempionatının medalları uğrunda mübarizə aparacaqlar. İlin bu son yarışında qrossmeysterlərimiz Maqnus Karlsen (Norveç), Sergey Karyakin (Rusiya), Vişvanatan Anand (Hindistan), Hikaru Nakamura (ABŞ) kimi  məşhur rəqiblərlə görüşəcəklər.

 

Qış istirahətinə müxtəlif əhval-ruhiyyə ilə

 

Qarlı və şaxtalı 17 dekabr axşamında Topaz Premyer liqasının 14-cü turunda oynanılan dörd  görüşlə (“Qəbələ”–“Kəpəz”-2:1, “Neftçi”–AZAL–0:1, “Sumqayıt”–“Zirə”–1:0, “Qarabağ”–“İnter”–0:0) ikinci dövrəyə yekun vurulmuş və rəqiblər təxminən ay yarım davam edəcək qış istirahətinə çıxmışlar. Turnir cədvəlində müxtəlif nəticələr və təbii ki, müxtəlif əhval-ruhiyyə ilə.

Zirvədə çempionatın birinci yarısını 32 xalla tamamlayan “Qarabağ”dır. Son illərdə Azərbaycanın 1 nömrəli klubu adını şərəflə doğruldan ölkə çempionumuz fasiləyə növbəti qələbə ilə çıxmağa çox çalışsa da, ona layiqli müqavimət göstərən “İnter”in qapısına heç cür yol tapa bilməyib 1xal ilə razılaşmağa məcbur oldu. Bu “dinc” nəticədən isə daha çox “Qəbələ” fayda götürdü. İndi Qurban Qurbanovun komandası Roman Qriqorçukun yetirmələrindən bir tur əvvəl olduğu kimi 3 yox, cəmi 1 xal irəlidədir.

Ağdam klubunun son üç çempionatdakı kimi, yenə də çempionluq yürüşünə başçılıq etməsində qeyri-adi bir şey yoxdur. Təkcə ölkəmizdə deyil, Avropada da yüksək nüfuz qazanmış bu kollektivin əldə etdiyi uğurlarla heç vaxt kifayətlənməməsi onun daha böyük məqsədlər uğrunda mübarizə aparmaq əzmində olduğunu təsdiq edir. Düzdür, ardıcıl üç ildir Avroliqanın qrup mərhələsini aşmağa “Qarabağ”ın qüvvə və ustalığı çatmır, amma buraya qədər gəlib-çıxmağın özü də hər komandanın işi deyil, əksinə, ardıcıl üçüncü dəfə qrup mərhələsinə vəsiqə qazanan komandaya çoxları həsəd apara bilər.

“Qəbələ” də qış fasiləsində “ötən günləri” müəyyən dərəcədə razılıq hissi ilə xatırlayacaq. Komanda 31 xal qazanmış və “Qarabağ”dan, yuxarıda qeyd etdiyimiz kimi, cəmi 1 xal geri qalır. Son illər Ağdam klubu ilə yanaşı, Qəbələ futbolçularının da Avropa stadionlarında görünməsi, əlbəttə, bizə böyük sevinc gətirir. Komandanın ardıcıl ikinci mövsümdür ki, Avropa Liqası yarışlarında qrup mərhələsinə aparan yolda bütün rəqiblərinin öhdəsindən məharətlə gəlməsi çox şeyə sübutdur. “Qəbələ” bu dəfə qrupda çıxışlarını xalsız başa vurdu. Ancaq “Qarabağ” kimi, bu komanda da bu gün Azərbaycan klub futbolunun iki layiqli liderindən biridir.

Turnir cədvəlində “Qarabağ”--“Qəbələ” liderlər tandeminin ən yaxın izləyicisi “İnter” əgər çempionatı ən azı bürünc medallarla başa vurmağı planlaşdırırsa, bu məqsəd uğrunda mübarizədə komanda özünə artıq kifayət qədər xal ehtiyatı yaratmışdır (25). Gürcüstanlı mütəxəssiz Zaur Svanadzenin başçılıq etdiyi klub qış fasiləsini liderlərdən müvafiq surətdə 7 və 6 xal geridə qarşılamış, əvəzində cədvəldə dördüncü pillədə olan “Sumqayıt”dan 8 xal irəlidədir. Bu isə indiki mövqeyi finişədək qoruyub saxlamaq üçün az üstünlük deyil.

Çempionatımızın qalan beş iştirakçısından “Sumqayıt” (17 xal) da öz ünvanına xoş sözlər gözləməkdə haqlıdır. Komanda bugünkü liderlər üçlüyünün ən yaxın izləyicisidir. Onu bu mövqeyə fasilə ərəfəsində “Zirə” üzərində çox mühüm qələbə yüksəltmişdir. Söz yox ki, bu uğurdan ruhlanan sumqayıtlılar dördüncü pilləni özlərində saxlamaq üçün çempionatın ikinci yarısını daha yüksək hazırlıq səviyyəsi ilə qarşılamalıdırlar.Mürəkkəb turnir məsafəsinin birinci yarısında uğurlu çıxışları bu işdə onlara yardımçı olmalıdır.

Digər dörd klub hərəsi 15 xala malik “Kəpəz” və “Zirə”, həmçinin çətin günlərini yaşayan “Neftçi” (9) və cədvəlin, sonuncu pilləsində ondan cəmi bir xal geri qalan AZAL (8) qış fasiləsi dövründə təlim-məşq toplanışlarından maksimum fayda götürməyə çalışacaqlar.

Çempionat  gələn il yanvarın 28-dək fasiləyə çıxsa da (üçüncü dövrəyə məhz həmin gün start veriləcək) komandalar hələlik istirahət barədə düşünə bilməzlər. Hələ ölkə kuboku yarışlarının dörddəbir finalında münasibətləri sonadək aydınlaşdırmaq lazımdır. Bu mərhələnin ilk oyunlarında “Sumqayıt”ın qapısına altı cavabsız top vuran “Qarabağ”ın yarımfinala vəsiqənin taleyini vaxtından əvvəl öz xeyrinə həll etdiyini, “Zirə” üzərində 3:0 hesabı ilə qələbə qazanmış “Neftçi”nin də finalın astanasında Ağdam klubuna yol-yoldaşı olmaq üçün özünə yaxşı zəmin yaratdığını düşünmək olarsa, Bakıda “İnter”ə 0:2 hesabı ilə məğlub olmuş “Kəpəz”in və Qəbələdə kiçik fərqlə uduzmuş (1:2) AZAl-ın öz meydanlarında cavab görüşlərində həmin uğursuzluqların əvəzini çıxmaq üçün bütün qüvvə və bacarıqlarını səfərbərliyə alacaqları da şübhə doğurmur.

Dörddəbir finalın cavab görüşləri sabah keçiriləcək və bu oyunlardan sonra fəxri mükafat uğrunda mübarizədə meydanda cəmi dörd komanda qalacaq. Maraqlıdır, “Qarabağ” ilə yanaşı, yarımfinalın qapısını daha hansı klublar açacaq...

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında