Dövlətin diqqət və qayğısı gələcək uğurların təməlidir

Azərbaycanın idman tarixinə növbəti zəfər salnaməsi yazan 2016-cı ilin yola salırıq. Bu il beynəlxalq aləmdə ən böyük hadisələrdən olan Rio-de-Janeyro Yay Olimpiya Oyunları kimi möhtəşəm mübarizənin sınaqlarından üzüağ çıxmağa çalışan dünya ölkələri sırasında  Azərbaycan adını növbəti dəfə nüfuzlu idman ölkələrindən biri kimi qabaqcıllar sırasına yazmağı bacarmışdır.

İlk dəfə 1996-cı ildə Yay Olimpiya Oyunlarında müstəqil dövlət kimi iştirak edən yığma  komandamızın cəmi 1 medal (güləş) qazandığını xatırlasaq, sonrakı olimpiadalarda əldə etdiyimiz uğurların hansı sürətlə artdığının (2000-ci ildə 3, 2004-cü ildə 5, 2008-ci ildə 7, 2012-ci ildə 10, nəhayət, son Olimpiadada, 2016-cı ildə 18 medal)  şahidi olarıq. Rio Olimpiadasında qazanılan tarixi qələbə nəticəsində komandamız medalların sayına görə dünyada 14-15-ci yerləri bölüşmüş, Avropa ölkələri arasında 7-ci, keçmiş Sovet İttifaqı respublikaları sırasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci olmuşdur. Olimpiadada iştirak edən atletlərin medallarının sayına görə isə dünyada birinci pillədə qərarlaşdıq (56 idmançıdan  18-i medal qazanıb). Olimpiyaçılarımız həm də taekvondo, boks və avarçəkmədə yeni tarix yazmaqla çoxsaylı rekordlar əldə etdilər.

4 taekvandoçu ilə oyunlarda mübarizə aparan millimiz 3 medal qazanaraq ümumi  nəticələrə görə 4-cü yeri tutdu - MDB ölkələri arasında 1-ci, Avropada isə 2-ci yerdə qərarlaşdı. Dünyanın ən güclü 4 komandasından biri kimi nüfuz qazanan dayanq ustalarımız Olimpiadadan sonra uğurlarının sayını artırmaqda davam edirlər. Qeyd edək ki, bu ilin son həftələrində Bakının ev sahibliyi ilə baş tutan beynəlxalq turnirlərdən ikisi bu idman növü üzrə keçirildi. Beynəlxalq aləm komandalararası dünya çempionatı və Qran-pri turnirlərinə yüksək səviyyədə ev sahibliyimizlə yanaşı, taekvandoçularımızın uğurlu çıxışlarına da şahidlik etdi. Yeri gəlmişkən, kişilərdən ibarət taekvando yığmamızın ikinci dəfə dünya çempionu adını qazanması başa çatmaqda olan ilin ən yüksək nailiyyətlərindən biridir.

Rioda boksçularımız da parlaq səhifə yazdılar. Qeyd edək ki, möhtəşəm oyunlar ərəfəsində 105 ölkədən 469 boksçunun 39 Olimpiya vəsiqəsi uğrunda mübarizə apardığı Dünya Olimpiya Təsnifat Turnirinin ev sahibliyi Bakıya etibar edilmişdi.  Uğurla keçirilən yarışda daha 3 lisenziya əldə edərək “Rio-2016”-da tam heyətlə iştirakımızı təmin etdik. Bu yarışda son vəsiqələrdən birini qazanan Kamran Şahsuvarlı (75 kq-da) Rioda ümidləri doğruldaraq bürünc medal əldə etdi. “Rio-2016”-da digər boksçumuz olimpiadalar tarixində ilk dəfə finalda mübarizə apardı və bürünc sindromunu qıraraq gümüş medal qazandıq.

Olimpiya oyunları daha bir idman növü üzrə güclü potensialımızı üzə çıxardı. Belə ki, Valentin Demyanenko birnəfərlik kanoe qayığında 200 metr məsafədə gümüş, İnna Osipenko-Radomskaya isə birnəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yarışda bürünc medal əldə etdilər. Taekvando və boksda olduğu kimi, avarçəkmədə də bu nəticəni gözləyirdik. Çünki, Azərbaycanda bu idman növünün inkişafı istiqamətində görülən işlər, qurulan infrastruktur, son illərdə mötəbər yarışlarda qazanılan qələbələr bu tarixi nailiyyət üçün əsas yaradırdı. Təsadüfi deyil ki, bu yaxınlarda Bakı 89 ölkədən 200-dən çox nümayəndənin qatıldığı Beynəlxalq Kanoe Federasiyasının (ICF) XXXVI Konqresi kimi əhəmiyyətli tədbirə yüksək səviyyədə ev sahibliyi etdi. Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Lopez qurumun konqresi barədə danışarkən Azərbaycanda kayak və kanoe növlərinin vəziyyətindən və nüfuzlu beynəlxalq yarışların təşkili imkanlarından da söz açdı. Azərbaycanda beynəlxalq yarışların təşkili üçün yüksək səviyyəli infrastrukturun mövcud olduğunu bildirən İCF prezidenti kanoe sahəsində çox potensiallı idmançılarımızın olduğunu qeyd etdi.  O Azərbaycana da İCF-nin idarəçilik strukturunda təmsil olunmağı təklif etdi.

2016-cı ilin idman nailiyyətlərini təhlil edərkən ölkəmizdə ən populyar olan güləşi ilk növbədə vurğulamalıyıq.  Olimpiadanın güləş yarışlarında 14 idmançı ilə çıxış edən milli komandamız 3 gümüş və 6 bürünc olmaqla 9 medal qazandılar. Ölkəmizin Olimpiya tarixində yeni bir səhifə açan güləşçilərimiz qazanılan medalların sayına görə Rusiya ilə ilk sıranı bölüşüblər. Cüdoçularımızın Rio Olimpiadasındakı gümüş və bürünc medalları da bu idman növü üzrə 2016-cı ilin ən möhtəşəm idman nailiyyətləri sırasındadır.

Ümumiyyətlə, ölkəmizdə bütün idman növlərinin inkişafında 2016-cı ildə əhəmiyyətli irəliləyişlər baş verdi. Müxtəlif idman növləri üzrə dünyanın ayrı-ayrı ölkələrində dünya, Avropa çempionları, dünya kubokunun və bir sıra  beynəlxalq yarışların qaliblərinin şərəfinə ölkəmizin dövlət himni səsləndirildi, bayrağı yüksəklərə qaldırıldı.

Azərbaycanda bu il ilk dəfə keçirilən “Formula-1” Avropa Qran-prisinin yüksək səviyyədə təşkili xüsusilə qürurvericidir. “Odlar ölkəsində, sürət zirvəsində” devizi ilə baş tutan möhtəşəm avtoyürüşdə  azarkeşlər digər şəhər trekləri ilə müqayisədə Bakı şəhər halqasında ən yüksək sürətin və “Formula-1” tarixində ən sürətli pit-stop əməliyyatının şahidi oldular. Hər il keçirilən “Formula-1” yarışlarının 187 ölkədə 500 milyondan çox izləyicisi olduğunu nəzərə alsaq, deyə bilərik ki, Avropa Qran-pri yürüşlərini televiziya vasitəsilə izləyən milyonlarla insan Bakının UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olan İçərişəhər Tarix-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahili boyunca paytaxtımızın gözəl simasını görə bildilər. Dünyanın ən güclü pilotları Bakı şəhər trasında baş tutan yürüşlərdən xüsusi zövq aldıqlarını bildirdilər. Qeyd edək ki, Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) tərəfindən “Formula-1” üzrə dünya çempionatının 2017-ci il üçün təsdiqlənən təqviminə əsasən, növbəti mötəbər yarışın Bakıda baş tutacaq mərhələsinin adı Avropa Qran-prisi yox, Azərbaycan Qran-prisi adlandırılacaq.

Bu il dünyanın ən kütləvi idman yarışlarından olan 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyimizlə də beynəlxalq aləmin diqqət mərkəzində olduq. Bakı Olimpiadasında dünyanın 175 ölkəsini təmsil edən və heyətində dünyanın güclü şahmatçıları olan 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü iştirak etdi. FİDE prezidenti Kirsan İlyumjinov "Əminliklə demək olar ki, Bakı Şahmat Olimpiadası indiyə qədər keçirilən ən möhtəşəm Olimpiadadır”, - deyə ölkəmizdə bu tədbirin yüksək səviyyədə təşkilini qeyd etdi. O, dünyada təqdirəlayiq hal kimi ilk dəfə məhz Azərbaycanda şahmatın inkişafına dair Dövlət Proqramının imzalandığını və məktəblərdə şahmatın tədris olunduğunu da vurğuladı. Yarışlar zamanı, paytaxtımızda FİDE-nin 87-ci Konqresi və Baş Assambleyasının iclasları da keçirildi.

Bu il 2017-ci ildə Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının final mərhələsinə əsas hazırlıq ili kimi də yadda qaldı. Yarışların ölkəmizdə təşkili ilə bağlı rəsmi müqavilənin imzalanması və bu mötəbər yarışların paytaxtımızda püşkatma mərasimi ilin sonuna təsadüf etdi. Ümumiyyətlə, qadınlar arasında voleybol idman növünün ənənələrini xüsusi qeyd etməliyik. Müstəqillik dövründə komanda idman növləri arasında voleybol üzrə də Olimpiya oyunlarına vəsiqə əldə etmək şanslarımız olub və təəssüf ki, buna nail olmamışıq. Postsovet məkanında ilk dəfə bu yarışın həlledici – yarımfinal və final mərhələlərinin ölkəmizdə keçirilməsi (yarışın bəzi qrup görüşləri Gürcüstanda təşkil ediləcək) bizə göstərilən böyük etimadın nümunəsi sayıla bilər.  Maraqlıdır ki, 1949-cu ildən başlanan qitə birinciliklərində SSRİ yığmasının, SSRİ dağıldıqdan sonra Rusiya voleybolçularının dəfələrlə qalib gəlməsinə, eləcə də Sovet respublikalarından bəzilərində bu idman növündə yaxşı nəticələrin əldə edilməsinə baxmayaraq, postsovet ölkələrindən heç biri belə bir etimada layiq görülməyib. Respublikamızın da bu idman növünün inkişafında özünəməxsus yeri var və bu ənənələri dirçəltməyin əsl məqamıdır.

Ölkəmizin Olimpiya dəyərlərinin – qardaşlıq, sülh, əməkdaşlığın dünyada təşviqi üçün gördüyü işlərə gənclərimizin verdiyi böyük töhfələri xüsusi vurğulamaq lazımdır. Beynəlxalq yarışların ölkəmizdə təşkilindən söhbət açarkən könüllü gənclərimizin təqdirəlayiq fəaliyyətini məmnuniyyətlə qeyd edərdik. Ölkəmizdə onların sayı artıq onminlərlədir. İlk dəfə könüllülərimizin geniş fəaliyyəti ilə 2015-ci ildə birinci Avropa Oyunlarında tanış olduq. İrimiqyaslı tədbir zamanı böyük peşəkarlıq nümayiş etdirən azərbaycanlı gənclərin simasında beynəlxalq aləm yeni dünya  gəncliyinin parlaq nümunəsi ilə tanış oldu. Yarış iştirakçıları, qonaqlar Bakını Avropanın ən gözəl paytaxtlarından biri kimi gördülər, onun qoynunda özlərini evdəki kimi rahat hiss etdilər. Bu il paytaxtımızda “Formula-1” Avropa Qran-prisi zamanı könüllü gənclərimiz müasir gəncliyin yeni nümunəsini nümayiş etdirməklə Avropaya daha bir mesaj verdilər.

Bu ili həm də, dünya müsəlman ölkələrinin ən mötəbər idman yarışı IV İslam Həmrəyliyi Oyunlarına əsas hazırlıq ili kimi qeyd etmək olar. UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi bu mötəbər yarışı ən böyük idman bayramına çevirmək üçün böyük səylər göstərir. Bu yaxınlarda IV İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komissiyasının Bakıda keçirilən dördüncü iclasında Azərbaycanın yarışa yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdıran İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) birinci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malbum ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətindən söhbət açıb, Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək önəm verdiyini, hazırlıq prosesini diqqət mərkəzində saxladığını vurğulayıb. Dekabrın 8-də IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq çərçivəsində şef-de-missionların seminarından sonra təşkil olunan mətbuat konfransında isə İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar yarışa 50 ölkədən idmançıların qatılacağının təsdiqləndiyini və bu göstəricinin İslam Həmrəyliyi Oyunlarının tarixində ilk olduğunu nəzərə çatdırdı. Baş katib irimiqyaslı yarışların təşkilində Azərbaycanın çox böyük təcrübəsi və potensialı olduğunu, idman arenalarının,  Atletlər kəndinin şəraitinin heyrətamizliyini qeyd edərək oyunların əvvəlkilərdən daha yüksək səviyyədə təşkil ediləcəyinə əmin olduğunu bildirdi. 

Xüsusi vurğulamaq istərdik ki, 2017–ci il Azərbaycan idmanı tarixində daha bir mühüm hadisə ilə yadda qalacaq. Belə ki, respublikamız müstəqillik dövründə Olimpiya hərəkatına qoşulmasının 25 illiyini qeyd edəcək.  Həmçinin gələn il Azərbaycan Olimpiya hərəkatına rəhbərlik edən dövlət başçısı cənab İlham Əliyevin MOK–a rəhbərliyinin 15 ili tamam olur.  Möhtərəm İlham Əliyevin MOK rəhbərliyinə gəlişi ilə ölkənin idman və Olimpiya Hərəkatında böyük inkişaf dövrü başladı, respublikamız dünyanın idman ailəsinə daxil oldu. 1997-ci ildən etibarən başlanan Olimpiya hərəkatının inkişafı təkcə idman yarışlarının təşkili ilə məhdudlaşmadı, həmçinin kütləviliyin təmin edilməsi məqsədilə tikinti-quruculuq işləri geniş vüsət aldı. Ölkəmizdə bu cür sürətlə qurulan idman infrastrukturuna bu gün dünyanın ən qabaqcıl ölkələri belə həsəd apara bilər. Artıq ən mötəbər idman tədbirlərinin Azərbaycanda keçirilməsi üçün bu arenalar gözəl imkanlar yaradır. Şübhəsiz, bütün bunların qurulmasında məqsəd həm də, gənc nəslin sağlam həyat tərzi keçirməsi üçün şərait yaratmaqdır. Prezident İlham Əliyev “Əlbəttə, hər bir ölkə, hər bir ölkənin əhalisi, xalqı istəyir ki, onun idmançıları daha çox medal qazansın. Biz də bunu istəyirik. Ancaq bununla bərabər biz istəyirik ki, Azərbaycanda idman kütləvi xarakter alsın. Artıq bu istiqamətdə çox önəmli addımlar atılıbdır. İdmanın kütləviliyi insanların sağlamlığı, sağlam həyat tərzi deməkdir”, – deyə dövlət tərəfindən gənc nəslə diqqət və qayğının nə qədər vacib olduğunu bir daha ­vurğulayır.

Bu diqqət və qayğının bariz nümunəsini 2016-cı ildə, eləcə də ondan əvvəlki illərdə görülmüş işlər, qazanılmış nailiyyətlər əsaslı şəkildə sübut edir.  Bütün bunlar isə gələcək uğurların təməlini təşkil edir. 

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında