İDMAN

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rauf Məmmədov Avropa çempionatında bürünc medal qazanmışdır

 

Azərbaycanlı qrossmeyster Rauf Məmmədov Estoniyanın paytaxtı Tallinndə başa çatmış rapid üzrə Avropa çempionatında üçüncü yeri tutmuş və bürünc medal qazanmışdır.

Şahmatçımız İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət yarışda 9 xal toplamışdır (8 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət). Ukraynalı Vladimir Onişuk və Polşa təmsilçisi Radoslav Voytaşek də Məmmədovla eyni nəticə göstərsələr də, Rauf əlavə göstəricilərə görə onlardan üstün olmuşdur.

R.Məmmədov son turadək hətta qızıl medala daha real namizəd idi. Lakin finişdə çempionluq mübarizəsində əsas rəqibi Aleksandr Ryazantsevlə (Rusiya) görüşdə məğlubiyyət fəxri kürsünün ən yüksək pilləsinə aparan yolda Azərbaycan şahmatçısına mane olmuşdur. Nəticədə çempion adını 9,5 xalla Ryazantsev qazanmışdır. İkinci yeri tutan digər Rusiya təmsilçisi Maksim Matlakov da finişdə çempionla eyni nəticə göstərmiş, ancaq əlavə göstəricilərə görə gümüş mükafatla kifayətlənməli olmuşdur.

Azərbaycanın digər şahmatçısı Arkadi Naydiç isə çempionatı 8 xalla 21-ci yerdə başa vurmuşdur.

Avropa çempionatının iştirakçıları rapiddə qalib və mükafatçıları müəyyənləşdirdikdən sonra dünən blits yarışında mübarizəyə başlamışlar. İki gün üçün nəzərdə tutulmuş bu turnirə bu gün axşam yekun vurulacaq. Burada xatırlatmaq yerinə düşər ki, R.Məmmədov bir il əvvəl Belarus Respublikasının paytaxtı Minskdə keçirilmiş blits üzrə Avropa çempionatından Azərbaycana qızıl medalla qayıtmışdı.

 

Litva, Slovakiya və Qazaxıstanla bir qrupda

 

Gələn il yanvarın 7-dən 22-dək Rusiyanın Sankt-Peterburq şəhərində gənclərdən ibarət komandalar arasında Beynəlxalq Futbol Federasiyasının (FİFA) birinci vitse-prezidenti olmuş Valentin Qranatkinin xatirəsinə həsr edilən XXIX beynəlxalq turnirin medalları uğrunda 16 kollektiv mübarizə aparacaq. Qarşıdakı yarışa Azərbaycanın 17 yaşlı futbolçuları da dəvət olunmuşlar. Artıq ilkin mərhələdə komandamızın qarşılaşacağı rəqiblər məlumdur.

Azərbaycan yığması Litva, Slovakiya və Qazaxıstan komandaları ilə birlikdə “C” qrupunda çıxış edəcək.

Qalan qrupların isə tərkibi belədir: “A” qrupu. Tacikistan, Yunanıstan, Bolqarıstan, Estoniya. “B” qrupu. Latviya, Belarus, Rusiya, Hindistan. “D” qrupu. Moldova, Sloveniya, Sankt-Peterburq və İran.

İlkin mərhələdə hər qrupda ən yaxşı nəticə göstərən iki komanda növbəti mərhələyə vəsiqə qazanıb xatirə turnirinin medalları uğrunda mübarizəni davam etdirəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında