İ D M A N

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Avropa çempionatında uğurlu start

 

Azərbaycan milli komandasının şahmatçıları Rauf Məmmədov və Arkadi Naydiç Estoniyanın paytaxtı Tallinndə təşkil edilmiş rapid üzrə Avropa çempionatına uğurla başlamışlar.

Yarışın birinci günü Məmmədov keçirdiyi altı görüşdə bir dəfə də uduzmamışdır. Qrossmeysterimiz beş oyunda latviyalı Arturs Feldmanisə, rusiyalılar Tatyana Molçanova, Sergey Qriqoryants və Sergey Aqrestə, ispan Enrike Kortelleyə qalib gəlmiş, Rusiyanın daha bir nümayəndəsi Aleksandr Raxmanov ilə heç-heçəyə razılaşmışdır.

Altı turdan sonra Məmmədov 5,5 xal toplayaraq Raxmanov, Pavel Ponkratyev, Dmitri Andreykin (hər üçü Rusiya), polyak Radoslav Voytaşek və almaniyalı Daniel Fridmanla ikinci—yeddinci yerləri bölüşdürür.

Çempionatın birinci günündən sonra vahid lider mövqeyinə yüksəlmiş latviyalı Aleksey Şirov maksimum nəticə göstərmişdir—6 xal.

Digər təmsilçimiz Naydiç isə altı görüşdə 5 xal qazanaraq (beş qələbə və bir məğlubiyyət) liderlər qrupundan yarım xal geri qalır.  On bir raunddan ibarət yarışın son beş turunun görüşləri dünən axşam keçirilmişdir.

 

“Azərreyl”  Çempionlar Liqası turnirinə inamlı qələbə ilə başladı

 

Bakının “Azərreyl” klubu qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının elə ilk oyununda qələbələrinin hesabını açmışdır.

Azərbaycan Voleybol  Mərkəzində keçirilmiş qrup mərhələsinin start turunda təmsilçimiz Polşanın “Dabrova Qornitsa” komandasını qəbul etmiş və qələbəyə layiq olduğunu inamla sübuta yetirmişdir–3:1. “Azərreyl” birinci və üçüncü hissələrdə eyni hesabla (25:21) qalib gəlmiş, ikinci setdə uduzmuş–15:25, oyunun taleyinin həll olunduğu və gərgin mübarizə şəraitində davam edən dördüncü hissədə də rəqibindən daha yüksək ustalıq nümayiş etdirmişdir–28:26.

Liqa yarışlarının startında qazanılmış mühüm qələbə pley-off  mərhələsinə aparan yolda, şübhəsiz, kollektivin öz qüvvəsinə inamını daha da artıracaq və onu yeni uğurlara ruhlandıracaq.

“C” qrupunun digər görüşündə Türkiyənin “Fənərbaxça” klubu rəqib meydanında Fransanın “Sen-Rafael” komandası üzərində 3:0 hesabı ilə qələbə qazanmışdır. Birinci turdan sonra qrupda hərəyə 3 xala malik “Fənərbaxça” və  “Azərreyl” liderdirlər.

Azərbaycanın digər komandası “Telekom” isə Çempionlar Liqası sınaqlarının “A” qrupunda çıxış edir. Bu klubumuz ilk oyunda İtaliyada “Konelyano” komandasına 0:3 hesabı ilə uduzmuşdur.

Qeyd edək ki, Çempionlar Liqasında 16 kollektiv yarışır və onlar ilkin mərhələdə dörd qrupa bölünmüşlər. Hər qrupda birinci –ikinci yerləri tutan komandalar pley-off görüşlərində mübarizəni davam etdirəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında