Azərbaycan Taekvando Federasiyası ilin ən yaxşı milli federasiyası seçilib

Bakıda Dünya Taekvando Federasiyasının (DTF) 2016-cı ildəki fəaliyyətinin yekunları ilə bağlı mərasim keçirilib.

Tədbirdən əvvəl DTF-in və Azərbaycan Taekvando Federasiyasının (ATF) rəhbər şəxsləri xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.

ATF-dən AZƏRTAC-a bildiriblər ki, DTF-in prezidenti Çunqvon Ço, Azərbaycan Taekvando Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə bədən tərbiyəsinin və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərən ulu öndərin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Sonra “Badamdar Hotel Baku”da keçirilən mərasimdə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub.

ATF-in prezidenti, DTF-in vitse-prezidenti Kəmaləddin Heydərov Dünya Taekvando Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb. Mükafatı Kəmaləddin Heydərova DTF-in prezidenti Çunqvon Ço təqdim edib.

Azərbaycanı cari ildə qazandığı uğurlar münasibətilə təbrik edən Çunqvon Ço “Rio-2016” Yay Olimpiya Oyunlarında taekvandoçularımızın qazandıqları 1 qızıl və 2 bürünc medalı yüksək nəticə kimi qiymətləndirib.

Kəmaləddin Heydərov taekvando üzrə Qran-pri yarışının final mərhələsinin və komandalararası dünya çempionatının keçirilməsini Azərbaycana həvalə etdiyinə görə Dünya Taekvando Federasiyasının rəhbərliyinə və Çunqvon Çoya təşəkkürünü bildirib. Federasiya prezidenti bunu Azərbaycanın idman sahəsində qazandığı uğurlara verilən yüksək qiymət kimi dəyərləndirib.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın dünyada artıq idman ölkəsi kimi tanındığını vurğulayaraq, idmançılarımızın qazandıqları uğurlardan danışıb.

Sonra müxtəlif nominasiyalar üzrə ilin qalibləri müəyyənləşib.

Azərbaycan Taekvando Federasiyası “2016-cı ilin ən yaxşı milli federasiyası” nominasiyasında qalib elan olunub. Mükafatı ATF-in vitse-prezidenti Nağı Səfərova Çunqvon Ço təqdim edib.

“İlin ən yaxşı kişi məşqçisi” nominasiyasında Azərbaycanın kişilərdən ibarət milli komandasının baş məşqçisi Reza Mehmandoust qalib gəlib. Mükafatı məşqçiyə ATF-in prezidenti Kəmaləddin Heydərov təqdim edib.

“Ən yaxşı kişi idmançı” üçün nəzərdə tutulan mükafat XXXI Yay Olimpiya Oyunlarının qalibi, iordaniyalı Əhməd Abuqaşa, “Ən yaxşı qadın idmançı” adı isə ikiqat Olimpiya çempionu, britaniyalı Ceyd Consa verilib. “Ən yaxşı kişi hakim” nominasiyasında kanadalı Sonq-çul Kim, “Ən yaxşı qadın hakim” nominasiyasında isə gürcüstanlı Mariya Merkuri qalib olublar. “Ən yaxşı zərbə” nominasiyası üzrə mükafata isə Şeyx Saleh Junior Sisse (Fil Dişi Sahili) layiq görülüb. 

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında