Azərbaycan məktəblilərinin dünya çempionatında qiymətləri – 1 qızıl və 1 gümüş medal

Ötən bazar günü Soçinin “Jemçujina” otelində başa çatmış 7-17 yaşlı məktəblilər arasında şahmat üzrə dünya birinciliyində qaliblərin mükafatlandırılması mərasimində Azərbaycan təmsilçilərinə iki medal – 1 qızıl və 1 gümüş mükafat təqdim olunmuşdur. Bu medallar ölkəmizin şahmat məktəbi yetirmələrinin mötəbər yarışlarda növbəti nailiyyətidir.

Doqquz yaşlı qızların yarışında Səmra Qasımova inamlı qələbə qazanmışdır. O, 9 mümkün xaldan 7,5 xal toplayaraq gümüş mükafatçı rusiyalı Qalina Makeyevanı yarım xal qabaqlamışdır. Dünya çempionumuz onu böyük müvəfəqiyyətə aparan yolda yeddi rəqibinə qalib gəlmiş, bir görüşdə heç-heçəyə razılaşmış və yalnız bir oyunda uduzmuşdur.

Soçidən Bakıya dünya çempionatının gümüş medalı ilə qayıdan Murad İbrahimli isə 15 yaşlı oğlanların yarışında çempionluğa çox yaxın olmuşdur. Azərbaycan şahmatçısı turnirdə çıxışlarını 7,5 xalla başa vurmuşdur. Rusiyalı Oleq Bıkov da onunla eyni nəticə göstərmişdir. Lakin qızıl medalı daha yaxşı əlavə göstəricilərə malik Rusiya məktəblisi qazanmış, Murad isə gümüş mükafatla kifayətlənməli olmuşdur. Bununla belə, təmsilçimiz dünya birinciliyinin gümüş medalı ilə haqlı olaraq fəxr edə bilər. Bu yaş qrupunda Kənan Əhədzadə isə 6 xalla dördüncü yeri tutmuşdur.

Nail Bəşirli 17 yaşlı iştirakçılar qrupunda dördüncü nəticə göstərmişdir (6 xal). Eyni miqdarda xalla üçüncü yeri tutan Dmitri Çeredniçenko (Rusiya) Naildən yalnız əlavə göstəricilərə görə üstün olmuşdur.

Aytac Heydərovanın (6 xal) 15 yaşlı qızların turnirində, Nəzrin Mirzəzadənin (5,5) 17 yaşlıların çempionatında beşinci, Ləman Hacıyevanın (5,5) 13 yaşlı iştirakçıların yarışında yeddinci, Suada Abaszadənin (6 xal) 7 yaşlı rəqiblərlə mübarizədə 6-cı yerləri tutduqlarını da qeyd edək.

Dünya birinciliyində 27 ölkənin şahmatçıları iştirak etmişlər. Cəmi 7 ölkə nümayəndələri qızıl medal qazana bilmişlər. Yarış sahibləri rusiyalılardan 4 nəfər çempion olmuşdur. Hindistan və Özbəkistan 2, Azərbaycan, ABŞ, Monqolustan və Türkmənistan 1 qızıl medal qazanmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında