İ D M A N

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Avroliqa yoluna bizsiz davam edəcək

 

Alınmadı, üçüncü cəhd də baş tutmadı. Hərçənd “Fiorentina” ilə hər iki rəqib üçün prinsipial oyunda “Qarabağ” UEFA Avropa Liqası turnirində son səddi uğurla dəf etmək üçün qüvvə və bacarığını əsirgəmədi. Amma, görünür, onun futbolçularının ustalıq səviyyəsi İtaliya klubu oyunçularının ustalığından hələ geri qalır.

Bu səbəbdən də “Fiorentina”nın Azərbaycan çempionuna ikinci oyunda da qalib gəlməsi, – bu dəfə Tofiq Bəhramov adına Respublika stadionunda, – təsadüfi deyil. Bununla belə, qonaqların 2:1 hesabı ilə qələbə qazandıqları görüşdə meydan sahiblərinin müdafiə xəttində bəzən çaşqınlıq yaranmasaydı, qapımıza vurulan topları buraxmamaq da olardı.

Təəssüf ki, hesab 0:1 olarkən Reynaldonun vurduğu və çempionumuzun pərəstişkarlarını ümidləndirən qoldan sonra uğurlu hücumlarımızın davamı gəlmədi, əksinə, italyanlar görüşün sonuna yaxın ikinci dəfə fərqlənib, turniri qrup mərhələsinin qalibi kimi başa vurdular (13 xal). Pley-off mərhələsinə ikinci vəsiqəni isə həmin axşam Çexiyanın “Slovan” klubunu iki cavabsız qolla məğlubiyyətə uğradan Yunanıstanın PAOK klubu bayram etdi. “Qarabağ” 7 xalla yalnız üçüncü oldu, “Slovan” (4) isə sonuncu yerdə qaldı.

Bir tərəfdən, “Qarabağ”ın ardıcıl üç mövsümdür ki, Avroliqanın qrup mərhələsində oynamaq hüququ qazanması kiçik nailiyyət deyil, digər tərəfdən isə Ağdam klubunun hər dəfə son anda pley-off görüşlərindən kənarda qalması çox acınacaqlıdır. Amma belə bir qənaətə gəlmək olar ki, bu komandanın daha böyük məqsədlər uğrunda mübarizə aparacağı və istəyinə çatacağı gün uzaqda deyil.

Finişdə “Maynts-Arena”da Almaniyanın “Maynts” klubuna 0:2 hesabı ilə uduzan “Qəbələ”yə gəldikdə, təmsilçimiz qrup turnirini xalsız başa vursa da, hər halda, almanlara, habelə “Sent-Etyen”ə (Fransa) və “Anderlext”ə (Belçika) qarşı görüşlərdə toplanılan təcrübə gələcəkdə kollektivə fayda gətirə bilər. Qrupdan növbəti mərhələyə vəsiqələri fransızlar (12 xal) və belçikalılar (10 xal) qazanmışlar.

İndi UEFA Avropa Liqası yarışları yoluna bizsiz, Azərbaycan komandalarının iştirakı olmadan davam edəcək. Növbəti mərhələ, 1/16 finalın püşkü dekabrın 12-də atılacaq. Bu mərasimdə Türkiyənin “Fənərbaxça”, “Beşiktaş” və “Osmanlıspor” klubları nümayəndələrinin də iştirak edəcəklərini  qeyd edək. Qardaş ölkə növbəti mərhələdə üç komanda ilə təmsil olunacaq. Pley-off görüşlərinə gələn ilin fevralında start veriləcək.

 

Azərbaycan şahmatçıları dünya birinciliyində liderdirlər

 

Yeniyetmə şahmatçılarımız Murad İbrahimli və Səmra Qasımova Soçinin “Jemçujina” otelində keçirilən 7-17 yaşlı məktəblilər arasında dünya birinciliyindən Bakıya medalla qayıtmaq üçün özlərinə yaxşı zəmin yaratmışlar. Finişə  üç tur qalmış hər iki təmsilçimiz liderdir.

M. İbrahimli 15 yaşlı oğlanların yarışında altı görüşdə 5,5 xal toplayaraq turnir cədvəlinə inamla başçılıq edir. Şahmatçımız 4,5 xalla ikinci-dördüncü yerləri bölüşdürən rusiyalılar Aital Mestnikov, Oleq Bıkov və  komanda yoldaşı Kənan Əhədzadədən bir xal irəlidədir.

Qızların dünya birinciliyində isə S.Qasımova 9 yaşlı rəqiblərlə mübarizədə 6 turda 5 xal toplamışdır. İkinci-üçüncü pillələrdə olan Hindistan və Qazaxıstan təmsilçiləri də onunla eyni nəticə göstərmişlər. Lakin Azərbaycan şahmatçısı əlavə göstəricilərə görə turnir cədvəlində birinci mövqedədir.

Doqquz turdan ibarət yarışda dünən yeddinci raundun görüşləri keçirilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında