İ D M A N

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tarixi zəfərin bir addımlığında

 

Bu gün, 2016-cı il dekabrın 8-də Azərbaycan tarixi bir zəfər axşamı yaşaya bilər. Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsinin cəmi bir addımlığındadır. Bu addımı son illərdə ölkəmizin dəyişməz çempionu ilə birlikdə biz hamımız – bütün Azərbaycan atmalıyıq.

Turnir mövqeyi baxımından oyun nə qədər həlledici əhəmiyyət daşısa da, rəqib bir başqası deyil, İtaliya kimi güclü futbol dövlətinin təmsilçisi “Fiorentina” olsa da, imkanlarımız pis deyil, əksinə, hər şey pley-off mərhələsinin astanasında olan “Qarabağ”ın özündən asılıdır.

Avroliqa sınaqlarının qrup mərhələsinin finişində “J” qrupunun turnir cədvəlində çox mürəkkəb vəziyyət yaranıb (xatırladaq ki, “Fiorentina”nın 10, “Qarabağ” ilə PAOK-un 7, “Slovan”ın 4 xalı var) və son turadək bu dörd rəqibdən heç biri növbəti mərhələnin xoşbəxtləri arasında olmaq imkanını itirməyib. “Qarabağ” və “Fiorentina” ilə yanaşı, yunanlar və çexlər də bu saatlarda, bəlkə də, pley-offa “biletdən” başqa heç nə barədə düşünmürlər. Bir-birinə layiq dörd rəqib komandanın hər biri son nəticədə uğurun məhz onun tərəfində olacağına inanır və bu məqsəd uğrunda mübarizədə qüvvəsinə heyfsilənməyəcək.

Əlbəttə, “Qarabağ”ın oyunçuları da taleyüklü görüşdə fədakarlıqla mübarizə aparmalı olduqlarını yaxşı bilirlər. Güman etmək olar ki, Qurban Qurbanovun komandası ağır oyuna tam hazırdır. Bu komandanın tarixində Avropa şəhərlərində qazanılmış gurultulu qələbələr az olmayıb və ölkə çempionumuz çoxsaylı pərəstişkarları ilə birlikdə bu gün daha bir  böyük nailiyyətin sevincini yaşamağa layiqdir.

Beləliklə, top meydanın mərkəzindədir. Tofiq Bəhramov adına Respublika stadionunda FİFA-nın xorvatiyalı hakimi İvan Bebekin idarə edəcəyi görüşdən bizi saatlar ayırır. Bütün Azərbaycan bu gün yenə “Qarabağ”la nəfəs alacaq və istər stadionun tribunalarında, istərsə də televizor ekranları qarşısında hamı bir nəfərtək onu dəstəkləməyə, tarixi zəfərə ruhlandırmağa hazırdır.

Pley-offa adlamaq imkanlarına gəldikdə, bugünkü sınaqda Ağdam klubu qələbəyə can atmalıdır. Heç-heçə də məqsədə çatmaqda “Qarabağ”a kömək edə bilər, bir şərtlə ki, PAOK Yunanıstanda “Slovan”a qalib gələ bilməsin.

 

Superliqada çətin və asan qələbələr

 

Azərbaycanın qadın voleybol komandaları arasında Superliqa turnirində daha iki oyun olmuşdur. “Telekom” gərgin idman mübarizəsi şəraitində davam edib, qalibin yalnız beşinci hissədə müəyyənləşdiyi görüşdə “Azərreyl” üzərində 3:2 hesabı ilə çətin qələbə qazanmış, “Azəryol” isə “Lokomotiv”i asanlıqla məğlubiyyətə uğratmışdır—3:0.

Bu oyunlardan sonra Superliqanın turnir cədvəlinə 15 xala malik “Telekom” başçılıq edir. İkinci pillədə irəliləyən “Azərreyl” (13 xal) liderdən 2 xal geri qalır. Üçüncü yeri tutan “Azəryol”un isə 10 xalı var, amma bu komanda iki liderdən bir oyun az keçirmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında