“Gücümüz həmrəyliyimizdədir”

Azərbaycan paytaxtı Bakının 2015 və 2017-ci illərdə dünyanın ən möhtəşəm idman tədbirləri – ilk Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları vasitəsilə müasir dünya gəncliyini bir araya gətirməsi çox mühüm əhəmiyyət kəsb edir. Əslində, müxtəlif mədəniyyətlər və sivilizasiyaların qovuşuğunda yerləşib Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycanımızın bir-birinin ardınca  həm Avropa, həm müsəlman gəncliyinin eyni məkanda idman vasitəsilə dünyaya birlik nümayiş etdirməsi üçün yaratdığı imkanlar daha güclü, daha sağlam, daha gözəl dünya üçün bir çağırışdır. 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarında məhz sağlam rəqabət, ədalətli mübarizə şəraitində əldə edilən uğurlar minlərlə gəncə ruh yüksəkliyi və mübarizə əzmi bəxş etdi.

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının da məramı onun şüarından, – “Gücümüz həmrəyliyimizdədir”, – aydın görünür. Müsəlman dövlətlərindən gələcək idmançılar, həm də bütün qitələrin təmsilçiləri olaraq, yüksək zirvələr uğrunda ədalətli mübarizənin növbəti təntənəsinin carçılarıdır. Onlar iki qütbə bölünüb, ikili standartlardan əziyyət çəkən müasir dünya üçün sağlam rəqabətin bəxş etdiyi yenilməz mübarizə əzminin gücünü nümayiş etdirəcəklər.

Bu baxımdan oyunların geniş miqyas alması və əsl idman bayramına çevrilməsi üçün görülən hazırlıq işləri böyük əhəmiyyət kəsb edir. İlk İslam Həmrəyliyi Oyunları 15, növbəti yarışlar 13 idman növü üzrə keçirilmişdisə, Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında idmançılar 21 növdə mübarizə aparacaqlar. Oyunların proqramına rekord sayda idman növünün salınması isə müsəlman ölkələrinin bu gözəl idman bayramının daha geniş miqyasda keçiriləcəyindən xəbər verir. Rəsmi Bakının siyasi, iqtisadi, mədəni və idman sahələrində Avropa və dünya miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi ilə bağlı əldə etdiyi zəngin təcrübə bu mötəbər yarışın yüksək səviyyədə təşkilinin qarantı hesab oluna bilər. Ölkəmizin Şərqlə Qərb arasında həm də multikultural mərkəz rolunu oynaması artıq genişmiqyaslı əks-sədada özünü göstərdi. Beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə təşkili, həm də ölkəmizdə insan hüquqları və demokratikləşmə, habelə milli-etnik, dini tolerantlığın təmini sahəsində böyük nailiyyətlərin əldə edilməsinin bariz göstəricisi idi.

Beynəlxalq tədbirlərdə təhlükəsizlik artıq dünyanı düşündürən ən vacib məsələlərdəndir və irimiqyaslı tədbirlərə ev sahibi seçərkən buna xüsusi önəm verilir. İşğalçı Ermənistan tərəfindən 20 faiz torpağının ələ keçirilməsi nəticəsində müharibəyə cəlb edilməsinə, xalqına qarşı dəhşətli Xocalı soyqırımının törədilməsinə, düşmən ölkə tərəfindən tez-tez təxribatlara təhrik edilməsinə baxmayaraq, Azərbaycan beynəlxalq arenada ən təhlükəsiz ölkələrdən biri kimi tanınır, sabitlik adası kimi diqqəti cəlb edir. BMT, ATƏT, İƏT, Avropa Şurası kimi beynəlxalq qurumlarda nüfuz sahibinə çevrilən respublikamız həm də müasir dövrün qlobal çağırışlarına dəstək verən, dünyaya sülh çağırışı edən bir ölkə kimi də diqqəti cəlb edir. Respublikamızda son illər keçirilən ən mötəbər tədbirlərdə – “Eurovision-2012”, “Bakı-2015”, “Formula-1” Avropa Qran-prisi kimi irimiqyaslı yarışlarda ölkələrin, nümayəndə heyətlərinin, qonaqların, eləcə də, turistlərin maksimum sayı bunu deməyə əsas verir ki, Azərbaycana gələn hər kəs burada özünü rahat hiss edir.

Oyunların yüksək səviyyədə keçirilməsinin daha bir təminatı yarışların təşkil ediləcəyi məkanların müasir standartlara cavab verməsidir. Onu da qeyd edək ki, bu möhtəşəm tədbirə hazırlıq zamanı artıq heç bir tikintiyə ehtiyac duyulmadı. Oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionu, “Baku Crystal Hall”, Tofiq Bəhramov adına Respublika stadionu, Bakı Su İdmanı Sarayı, Heydər Əliyev Arenası, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, “İnter Arena”, Bakı Olimpiya Kompleksi, “Bakcell Arena”, Sərhədçi-İdman-Olimpiya Mərkəzi və s. idman qurğularında yarışların yüksək səviyyədə təşkili üçün bütün standartlar mövcuddur. Atletlər və Media kəndlərində yarış iştirakçıları və jurnalistlər üçün hər cür şərait var.

Digər ən əhəmiyyətli məsələ bu irimiqyaslı tədbir zamanı idmançılar, nümayəndə heyətləri, yarışlar zamanı ölkəmizə təşrif gətirəcək qonaqlar və turistlərin yerləşdirilməsi, həmin müddətdə burada yaşamaları, istirahəti və vaxtlarını səmərəli keçirmələri üçün onlara yaradılacaq şəraitdir ki, artıq bunlar yüksək səviyyədə həllini tapıb. XIX əsrdə Azərbaycanda ilk neft bumu yaşananda tikilən çoxsaylı tarixi binalar, dünya irsi kimi UNESCO tərəfindən qorunan İçərişəhər, Bakının yeni rəmzinə çevrilmiş "Alov qüllələri”, ən uzun bulvarlardan biri olan 16 kilometrlik Dənizkənarı  Milli Park, bütün sahələrdə yeniləşən infrastruktur qədim Bakını, həm də qonaqlar üçün əsrarəngiz məkana, müasir paytaxtlardan birinə çevirib. Onu da qeyd etməliyik ki, məhz belə tədbirlərin ölkəmizə turist axınının ildən-ilə çoxalmasında böyük rolu var. Oyunların keçirildiyi müddətdə geniş mədəni proqramların – tamaşaların, konsertlərin təşkili də diqqət mərkəzində olacaq ki, bu da əcnəbilərin zəngin mədəniyyətimizlə tanış olmasına imkan yaradacaq. Eyni zamanda, xüsusi ekskursiya turları vasitəsilə ölkəmizə gələcək turistlərin regionlarımıza səfərləri də nəzərdə tutulub. Qeyd edək ki, artıq beynəlxalq idman tədbirlərinin paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də yüksək səviyyədə təşkili ilə bağlı geniş infrastruktur layihələri həyata keçirilib. Bunlara Olmpiya idman kompleksləri, beynəlxalq standartlara uyğun yenidən qurulan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, “Tufandağ” Xizək Yay-Qış İstirahət Kompleksi, “Şahdağ” Qış-Yay Turizm Kompleksi, Qəbələ Atıcılıq Mərkəzi və digər idman qurğuları, eləcə də beşulduzlu otellər, istirahət mərkəzləri və s. misal ola bilər. Bütün bunlar son illər yüksək sürətlə yenilənən müasir infrastruktura malik Azərbaycanın bütün sahələrdə inkişaf tempinin bariz göstəricisidir. Əgər müstəqilliyimizin ilk illərində hər hansı bir sahədə, ələlxüsus da, idmanda kiçik bir beynəlxalq tədbirin belə keçirilməsi hər bir cəhətdən bizim üçün problem yaradırdısa, indi istər paytaxtda, istərsə də regionlarımızda irimiqyaslı tədbirlərə təşkilatçılığımızla artıq dünyanın istənilən ölkəsinə nümunə göstəririk.

Müsəlman ölkələrinin mötəbər idman yarışında komandamızın əldə edəcəyi nəticələr də bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, “islamiada”lar dörd ildə bir dəfə, olimpiadadan bir il sonra keçirilir. Afina-2004-dən sonra – 2005-ci ildə Səudiyyə Ərəbistanında 55 müsəlman ölkəsinin iştirak etdiyi ilk “İslamiada”da Azərbaycan komandasının 103 atleti 12 idman növündə mübarizə aparıb. Yarışı 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) başa vuran yığmamız medal qazanan ölkələr siyahısında 8-ci yerdə qərar tutmuşdu.

İranda keçirilməsi nəzərdə tutulan ikinci oyunlar fikir ayrılığına görə ləğv edilib. London Olimpiadasından bir il sonra – 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunan III İslam Həmrəyliyi Oyunlarında isə Azərbaycanı 9 idman növü üzrə 53 idmançı təmsil edib. Təmsilçilərimiz bu dəfə daha yüksək nəticələr əldə ediblər – 24 medalla (7 qızıl, 8 gümüş, 9 bürünc) iştirakçı ölkələr arasında 7-ci yeri tutublar.

IV İslam Həmrəyliyi Oyunlarının ev sahibi kimi milli komandamız bütün idman növlərində mübarizə aparmaq şansı qazanıb. Şübhəsiz, daha çox idman növündə təmsil olunmaq komandamıza böyük üstünlüklər verəcək. Bu il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yığmamızın möhtəşəm uğurlar əldə etdiyini xatırlatsaq, gələn il müsəlman ölkələrinin genişmiqyaslı idman tədbirində daha böyük qələbələrə şahidlik edəcəyimizi əminliklə deyə bilərik.

IV İslam Həmrəyliyi Oyunlarına
6 aydan da az müddət qaldığı bir vaxtda Azərbaycanda bu mötəbər yarışa təşkilatçılıqla bağlı genişmiqyaslı hazırlıq tədbirləri davam edir. Məlumat üçün bildirək ki, IV İslam Həmrəyliyi Oyunlarında hələlik 49 ölkənin iştirakı təsdiqlənib, lakin bu son rəqəm deyil. Hesablamalara görə oyunlara 3-3,5 min idmançının qatılması nəzərdə tutulur. Bu rəqəmin də artacağı istisna deyil. Yarışların biletlərinin gələn ilin mart və ya aprel ayından satışa çıxarılması planlaşdırılır.

Oyunların nəzdində fəaliyyət göstərəcək könüllülük proqramına qeydiyyata da artıq start verilib. Tədbirə 8 min könüllünün cəlb olunacağı nəzərdə tutulur. Bu gənclər yarışlar zamanı qonaqların qarşılanması, media, idman, akkreditasiya, texnologiya, nəqliyyat, təhlükəsizlik kimi sahələrdə çalışacaqlar. Qeyd edək ki, ilk Avropa Oyunlarında gənclərimiz könüllü kimi yüksək səviyyəli fəaliyyət göstərdilər. Xarici dil bacarıqlarını inkişaf etdirməklə yanaşı, iş təcrübəsi qazandılar, mədəniyyət mübadiləsi üçün gözəl şans əldə etdilər.

Bu yaxınlarda IV İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komissiyasının dördüncü iclasında İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) birinci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malbum ölkəmizdə oyunlara hazırlıq prosesinin yüksək əhval-ruhiyyədə aparıldığını xüsusi vurğulayıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına böyük önəm verir və hazırlıq prosesini diqqət mərkəzində saxlayır. “Bu gün biz 2017-ci ildə bütün İslam dünyasının diqqətini cəlb edəcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesinin yüksək sürətlə getdiyinin şahidi olduq. Oyunların başlanmasına altı ay qaldığı dövrdə İslam Oyunları Əməliyyat Komitəsi ilə əməkdaşlığın daha sıx şəkildə davam etdiriləcəyinə əminəm”, - deyə əlavə edib.

IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov geridə qalan vaxt ərzində hazırlıq prosesi ilə bağlı ISSF-dən müsbət rəylər alındığını, buna baxmayaraq, bu müddətdə görüləsi işlərin çox olduğunu bildirib.

Sonda isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əminəm, İslam Oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir”, – fikirlərini diqqətə çatdırmaq istəyirəm.

İnanırıq ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirməklə müsəlman dünyasına daha bir möhtəşəm töhfə verəcək!

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında