Ümid qalır son tura

Ağdamın “Qarabağ” komandasının UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin beşinci turunda Çexiyanın Liberets şəhərində yerli “Slovan” klubu ilə görüşdə məğlubiyyəti (0:3) pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə Azərbaycan çempionunun imkanlarını mürəkkəbləşdirmişdir. İndi ümid qalır Bakıda “J” qrupunun lideri “Fiorentina”ya (İtaliya) qarşı keçirəcəyimiz son oyuna.

“Qarabağ”ın Çexiya təmsilçisinə böyük hesabla uduzması gözlənilməz oldu. Futbol ictimaiyyətimiz bu oyunda uğurlu nəticəyə köklənmişdi. Amma, təəssüf ki, gözləntilərimiz doğrulmadı. Üstəlik də, həmin axşam PAOK-un (Yunanıstan) rəqib meydanında “Fiorentina”ya qalib gəlməsi (3:2) qrupda ilk iki yer uğrunda mübarizədə gərginliyi son həddə çatdırmışdır.

Bu turdan sonra 7 xala malik Azərbaycan futbolçuları turnir cədvəlində ikinci mövqeyi özlərində saxlasalar da, yunanlar xalların miqdarına görə onlarla bərabərləşmişlər. “Qarabağ” PAOK-dan yalnız şəxsi görüşlərin nəticələrinə görə irəlidədir. Topların fərqi Yunanıstan təmsilçisində daha yaxşıdır. Qrupun lideri “Fiorentina”nın 10 xalı var, sonuncu pillədə olan “Slovan” isə 4 xal toplamışdır.

Qrup mərhələsinin son görüşləri dekabrın 8-də keçiriləcək. Həmin gün “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda italyanları qəbul edəcək, PAOK isə “Slovanı” sınağa çəkəcək. Azarkeşlərimizin bu oyunları necə böyük həyəcanla gözləyəcəklərini təsəvvür etmək çətin deyil.

Bizim çempion pley-off mərhələsinə vəsiqə qazanmaq üçün “Fiorentina”ya qalib gəlməlidir.  Bu istəyimiz həyata keçsə, PAOK da öz növbəsində çexlər üzərində qələbə qazansa, Azərbaycan, İtaliya və Yunanıstan klubları finişə 10 xalla çatacaqlar və əlavə göstəricilər Ağdam komandasının xeyrinə olacaq. Son oyunda “Qarabağ”a bir xal da kifayət edə bilər. Bir şərtlə ki, yunanlar da  “Slovan”la matçda “dinc” nəticə göstərsinlər. Azərbaycan və Yunanıstan klubları finişə hərəyə 8 xalla çatsalar, şəxsi görüşlərin nəticələrinə görə ikinci vəsiqəyə “Qarabağ” və onun pərəstişkarları sevinəcəklər.

“Qəbələ”yə gəldikdə, bu komandamız “Bakcell Arena”da Belçikanın “Anderlext” klubuna da uduzub (1:3), qrup turnirində beşinci məğlubiyyətlə barışmalı olub. Bunun özü də çox gözlənilməzdir. Qəbələ futbolçularının hesabında bir xal belə yoxdur.

“Sent-Etyen” (Fransa) --“Maynts” (Almaniya) görüşündə isə hesab açılmayıb-0:0. İndi “C” qrupunda belçikalıların 11, fransızların 9, almanların 6 xalı vardır. Finişdə “Maynts”-“Qəbələ”  və “Anderlext”-“Sent-Etyen”  görüşləri keçiriləcək. Belçika futbolçuları və fransalılar artıq növbəti mərhələyə vəsiqəni özlərinə təmin etmişlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında