Güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin açılış mərasimi olub

Noyabrın 24-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramından sonra iştirakçı komandaların bayraqları arenaya gətirilib.

Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb. O, bu diqqət və qayğı nəticəsində Azərbaycanın ən mötəbər beynəlxalq yarışların, o cümlədən dünya və qitə çempionatlarının, Olimpiya təsnifat turnirlərinin keçirildiyi məkana çevrildiyini bildirərək deyib: “Bu gün Azərbaycanda idmanın demək olar ki, bütün növləri inkişaf edir. Sevindirici haldır ki, bu baxımdan güləş xüsusi yer tutur. Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandıqları 18 medalın 9-u məhz güləşçilərin payına düşür. Güləşin hər üç növü üzrə yığma komandalarımızın topladığı 91 xal sayəsində Azərbaycan Rusiyadan sonra ikinci yerə layiq görülüb”.

Dünya Güləş Birliyinin vitse-prezidenti Axrolcan Ruziyev yarışın yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O qeyd edib ki, bu turnir Dünya Güləş Birliyinin təqvimində ən mühüm yarışlardan biridir. “Dostluq, qardaşlıq və qarşılıqlı hörmət şəraitində gücünü sınamaq üçün bütün qitələrdən gəlmiş güləşçiləri təbrik edir və hər bir idmançıya uğurlar arzu edirəm”, – deyə A.Ruziyev diqqətə çatdırıb.

Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev artıq doqquzuncu ildir keçirilən bu mötəbər yarışın təşkilini ölkəmizə həvalə etdiyinə görə Dünya Güləş Birliyinin rəhbərliyinə minnətdarlığını bildirib. AGF rəsmisi qeyd edib ki, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan dünyada idman ölkəsinə çevrilib: "Ötən il tarixdə ilk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkili dünya idman ictimaiyyəti, qonaqlar və iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. İdmançılarımız öz uğurlu çıxışları və zəfərləri ilə Azərbaycanın idman tarixini zənginləşdirdilər. Qazanılan nailiyyətləri davam etdirən pəhləvanlarımız bir müddət əvvəl Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında 3 gümüş və 6 bürünc medal əldə etməklə güləş tariximizdə yeni səhifə yazdılar. Bu uğurlar Azərbaycanın ümumi tərəqqisinin, güləşin inkişaf etdiyinin göstəricisidir. Qarşıda bizi qitə və dünya çempionatları, IV İslam Həmrəyliyi Oyunları gözləyir. Hədəfimiz bu mötəbər yarışlarda da yüksək əyarlı medallar qazanaraq bayrağımızı yüksəltmək, himnimizi səsləndirməkdir”.

Çempionatda iştirak edən idmançılara uğurlar arzulayan Namiq Əliyev yarışı açıq elan edib.

Mötəbər yarışın təntənəli açılış mərasimi Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, AZƏRTAC güləş üzrə “Qızıl Qran-pri” turnirinin rəsmi media tərəfdaşıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında