Azərbaycanda “Olimpiya hərəkatı” idman proqramının yeni mövsümünə start verilib

Noyabrın 21-də Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Təhsil, habelə Gənclər və İdman nazirliklərinin birgə tərəfdaşlığı ilə icra olunan “Olimpiya hərəkatı” məktəblilərin kütləvi idman proqramının yeni mövsümünün təqdimat mərasimi keçirilib.

MOK-un inzibati binasında keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə “Olimpiya hərəkatı” proqramının ötən il uğurlu icrası nəticəsində qazanılan nailiyyətlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək cari mövsümdə proqramda nəzərdə tutulan yeniliklər barədə məlumat verib. Vitse-prezident bildirib ki, bu il Azərbaycan idmanı üçün çox uğurlu olub. İdmançılarımız “Rio-2016” Yay Olimpiya Oyunlarında 18 medal qazanıblar. On idmançımız isə ilk beşliyə daxil olub. Bu mühüm nəticələri qoruyub saxlamaq üçün Azərbaycan idmanında gənc nəsil formalaşdırmaq lazımdır. Buna isə məhz idmanın kütləviliyinin artırılması ilə nail olmaq mümkündür. Ötənilki proqram çox uğurlu alındı. Layihədə 52 mindən çox şəxs, o cümlədən Bakının bütün məktəblərindən olan şagirdlər fəal iştirak etdilər.

Proqramın icrasında MOK-a dəstək verən Təhsil, həmçinin Gənclər və İdman nazirliklərinə, “Coca-Cola” şirkətinə minnətdarlığını bildirən Ç.Hüseynzadə imzalanacaq yeni memorandumun sayəsində “Olimpiya hərəkatı” proqramının daha yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. Diqqətə çatdırıb ki, proqramın ötən il icrasından sonra mindən artıq uşaq idmanın həmin növləri üzrə məşqlərə yazılıb.

Təhsil naziri Mikayıl Cabbarov proqramın ölkəmizdə Olimpiya dəyərlərinin, həmçinin fəal və sağlam həyat tərzinin təşviqi istiqamətində əhəmiyyətini vurğulayıb. Nazir məktəblilərin sağlamlığının qorunmasında “Olimpiya hərəkatı” proqramının müstəsna rolunu xüsusi qeyd edib. Ölkəmizdə idman sahəsində bir neçə Dövlət Proqramının qəbul edildiyini qeyd edən M.Cabbarov yeni mövsümdən Bakı ilə yanaşı, Gəncə, Göygöl, Sumqayıt məktəblilərinin də “Olimpiya hərəkatı” proqramına qoşulacaqlarını bildirərək deyib: “İlk mövsümdə şagirdlər idmanın dörd növü – atletika, basketbol, badminton və velosiped üzrə yarışlarda güclərini sınayıblar. Gələn ildən bu proqrama voleybol da əlavə olunacaq. Bütün bunlar ölkəmizdə gənc nəslin sağlam yetişməsinə, onlara idman rəqabəti ruhunun aşılanmasına və gənclərimizin Olimpiya dəyərlərini qavramalarına yönəlib.

“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəmini vurğulayaraq, “Olimpiya hərəkatı” proqramının bu baxımdan mühüm rolunu diqqətə çatdırıb. Bildirib ki, 200-dən çox ölkədə fəaliyyət göstərən “Coca-Cola” cəmiyyətin inkişafı naminə müxtəlif proqramlara dəstək verir. “Olimpiya hərəkatı” da belə proqramlardan biridir. Proqramın məqsədi məktəblilər arasında Olimpiya dəyərlərinin təbliği, uşaqları idmana cəlb etməkdir. Məktəb şəraitində idmanla məşğul olmaq uşaqların təhsilinə müsbət təsir edir.

Sonra proqramın yeni mövsümü ilə bağlı videoçarxın təqdimatı olub.

Təqdimatda MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimov AZƏRTAC-ın “Olimpiya hərəkatı” proqramı çərçivəsində keçirilən yarışları yüksək səviyyədə işıqlandırdığını xüsusi vurğulayaraq, agentliyin kollektivinə minnətdarlığını bildirib. 

Daha sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov və “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel “Olimpiya hərəkatı” proqramı ilə bağlı əməkdaşlıq haqqında memorandum imzalayıblar. Memorandumda proqram çərçivəsində məktəblilər üçün münbit idman mühitinin yaradılması, “Bakı-2015” ilk Avropa Oyunlarının idman irsini davam etdirməklə Olimpiya İdman komplekslərindən, o cümlədən idman bazalarından səmərəli istifadə üçün birgə fəaliyyətin təşkili və s. məsələlər əksini tapıb.

“Olimpiya hərəkatı” idman proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da “Coca-Cola”nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. “Olimpiya hərəkatı” proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edir və Azərbaycanda idmanın inkişafına töhfə verir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında