“Windsor Park”: Şimali İrlandiya – Azərbaycan

Bu gün Azərbaycan milli komandasının futbolçuları 2018-ci il dünya çempionatının seçmə yarışlarında dördüncü dəfə meydana çıxacaqlar. Yığmamız Belfastın “Windsor Park”  stadionunda Şimali İrlandiya komandasının qonağıdır. Bakı vaxtı ilə saat 23.45-də başlanacaq oyunu FİFA-nın fransalı hakimlər briqadası idarə edəcək.

Belfastda matç təkcə bugünkü rəqiblərin təmsil etdikləri ölkələrdə deyil, bütün Avropada, dünyada maraqla gözlənilir.  Azərbaycan futbolçularının final turniri iki ildən sonra Rusiya stadionlarında keçiriləcək dünya çempionatı seçmə yarışlarının start mərhələsində üç oyundan ikisində qalib gəlmələri (San –Marinoda bu ölkənin komandasına, Bakıda Norveçə 1: 0 hesabı ilə), səfərdə Çexiya ilə görüşdən qolsuz heç-heçə ilə ayrılmaları dünya futbolunda onlara böyük maraq yaratmışdır.

Komandamız mövcud olduğu, dünya və Avropa çempionatlarının seçmə yarışlarında iştirak etdiyi bütün illər ərzində hələ heç vaxt belə hünər göstərməmişdi. İlk üç oyunda qazanılmış 7 xal və turnir cədvəlində ikinci mövqe futbol aləmini  Azərbaycan möcüzəsi haqqında danışmağa məcbur etmiş, bir çox mütəxəssis millimizin düzgün taktika seçərək etibarlı müdafiə olunduğunu, əks-hücumlarda yaxşı təsir bağışladığını  qeyd etmişdir. Hətta yığmamızı məğlubedilməz komanda adlandıranlar da var. Bu gün Azərbaycanın “C” qrupunun turnir cədvəlində yalnız hazırki dünya çempionu  Almaniyadan geri qalıb, üçüncü pillədə olan Şimali İrlandiya ilə öz arasında 3 xallıq bir məsafə yaratması çoxlarının diqqətini cəlb etmişdir.

Arxada qalan üç görüşdə qazanılmış uğur və bu gün azarkeşlərimizi  turnir cədvəlinə qürur hissi ilə nəzər salmağa sövq edən yüksək nəticə baş məşqçimiz Robert Prosineçkinin yaratdığı səmimi və mübariz kollektivin bütün futbolçularının meydanda göstərdikləri son anadək əzmkar mübarizənin, komandanın istənilən rəqibə qarşı sınaqda öz qüvvəsinə inamının bəhrəsidir. Qüvvəyə inam isə hər bir işdə olduğu kimi, futbolda da çox mühüm şərtdir. Ümid edək ki, bu inam qarşıdakı görüşlərdə də futbolçularımızı tərk etməyəcək.

Bu gün bizim qrupda Şimali İrlandiya – Azərbaycan görüşü ilə yanaşı, Çexiya – Norveç və San-Marino – Almaniya matçları da keçiriləcəkdir. Bu oyunlar ərfəsində vahid lider Almaniyanın 9, turnir cədvəlində onun ən yaxın izləyicisi Azərbaycanın 7, Şimali İrlandiyanın 4, Norveçin 3, Çexiyanın 2 xalı vardır, San-Marino isə hələlik xal qazanmayıb. Azərbaycan futbolçuları Belfastdan da uğurlu nəticə ilə qayıtsalar, ən azı qarşıdakı dörd ayda (martın 26-da Bakıda Almaniya ilə görüşədək) indiki ikinci mövqedə olacaqlar. Ölkəmizi ilk dəfə dünya futbol bayramında təmsil etmək, Rusiyada mundialın iştirakçısı olmaq üçün milli komandamız özünə tarixi şans yaratmışdır. Niyə də bu imkandan axıradək istifadə etməyək?!

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında