Seçmə yarışlarının startında Azərbaycan rekordu – 3 oyunda 7 xal

Azərbaycan milli komandası futbolçularının final mərhələsi 2018-ci ildə Rusiya stadionlarında keçiriləcək dünya çempionatının seçmə yarışlarında əla startı yığmamızın tarixində parlaq bir səhifədir. Komandanın bu səhifəni ölkəmizin dövlət müstəqilliyinin bərpasının
25-ci ildönümünü böyük təntənə ilə qeyd etməyə hazırlaşdığımız bir vaxtda yazması isə onun pərəstişkarlarının, bütün xalqımızın qəlbində ikiqat sevinc və qürur hissi oyadır.

Zarafat deyil, seçmə mərhələnin lap əvvəlində, ilk üç oyunda 7 xal qazanmışıq və Azərbaycanı “C” qrupunun turnir cədvəlinin ikinci pilləsində görəndə adamın ürəyi dağa dönür. Hələ heç vaxt millimiz dünya və Avropa çempionatlarının seçmə yarışlarının start mərhələsində çoxlarının, hətta sayılıb-seçilən zəngin təcrübəli komandaların həsəd apara biləcəyi belə yüksək nəticə göstərməmişdi. 

Səfərdə San-Marino, Bakı Olimpiya Stadionunda Norveç komandalarını eyni hesabla (1:0) məğlubiyyətə uğradıb iki görüşdə maksimum miqdarda xal toplayan Azərbaycan komandasının iki gün əvvəl Çexiyada bu ölkə futbolçuları ilə ağır mübarizədə meydandan qolsuz heç-heçə ilə ayrılaraq yeddinci xalını da qazanması millimizin növbəti uğurlarına  inamımızı artırmışdır. 

Qazanılmış 7 xal, göz dəyməsin, qapımıza hələ bir top da vurulmaması komandanın kapitanı Rəşad Sadıqov və hazırda gözəl idman formasında olan qapıçı Kamran Ağayev başda olmaqla baş məşqçimiz Robert Prosineçkinin  bu oyunlarda güvəndiyi, meydana buraxdığı bütün futbolçuların-- Maksim Medvedev, Ruslan Qurbanov, Rahid Əmirquliyev, yığmamızda ilk addımları ilə diqqəti dərhal cəlb edən Ramil Şeydayevin və onların bütün oyundaşlarının əzmkar, fədakar, kollektiv oyununun nəticəsidir. Belə oyun öz bəhrəsini verir. Çexiya ilə görüşdən sonra R. Prosineçkinin mətbuat konfransında dediyi kimi, “ Bu gün biz kiçik bir möcüzənin şahidi olduq. Bizim üçün böyük bir gündür: Üç oyundan sonra 7 xalımız var və bir top da buraxmamışıq. Çalışacağıq ki, qrupda Şimali İrlandiyaya qarşı növbəti oyunda da yaxşı nəticəyə nail olaq. ”

Azarkeşlərimiz də buna inanır və komandanın  dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda gərgin mübarizədə seçmə yarışlarının 2016-cı il təqvimini daha yüksək əhval-ruhiyyə ilə başa vuracağını gözləyirlər.

Ötən çərşənbə axşamı qrupumuzda keçirilmiş digər iki oyunda Almaniya komandası Şimali İrlandiyaya qalib gələrək (2:0) ardıcıl üçüncü qələbəsini qazanmış, Norveç isə San-Marino yığmasını 4:1 hesabı ilə məğlubiyyətə uğradıb ilk uğuruna sevinmişdir.

Üç turdan sonra qrupun vahid lideri Almaniya yüzfaizli nəticə göstərmişdir—9 xal. Turnir cədvəlində onun ən yaxın izləyicisi Azərbaycan 7 xal toplamış və üçüncü yerdə olan Şimali İrlandiyadan 3 xal irəlidədir. Norveçin 3, Çexiyanın 2 xalı var, San-Marino isə hər üç oyunda uduzmuşdur.

Dördüncü turun görüşləri noyabrın 11-də keçiriləcəkdir. Həmin gün Azərbaycan futbolçuları Belfastda Şimali İrlandiya komandasının qonağı olacaqlar. Digər iki oyunda çexlər Norveçi, San-Marino komandası isə Almaniya yığmasını qəbul edəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında