İ d m a n x ə b ə r l ə r i

Yenə “dinc” nəticələr turu

 

Ardıcıl iki turdur ki, Moskvada Mixail Talın xatirəsinə həsr edilən beynəlxalq şahmat turnirində 10 qrossmeysterdən heç biri qələbə qazana bilmir. Yeddinci raunddakı kimi, səkkizinci turda da bütün beş görüşdə rəqiblər yarış meydanından “dinc” nəticələr və eyni əhval-ruhiyyə ilə ayrılmışlar.

Təbii ki, belə bir vəziyyətdə yenə turnir cədvəlində heç bir dəyişiklik olmamışdır. Rusiyalı Yan Nepomnyaşi lider mövqeyini özündə saxlamışdır. O, səkkiz turdan sonra 5,5 xal toplamışdır və cədvəldə ən yaxın izləyicisi Aniş Giridən ( Hollandiya) yarım xal irəlidədir.

Hesabat turunda Giri ilə heç-heçəyə razılaşan Şəhriyar Məmmədyarov özünün xal ehtiyatını 3,5-ə çatdırmışdır. Dünən keçirilən sonuncu turda Azərbaycan şahmatçısı keçmiş dünya çempionu Vladimir Kramniklə ( Rusiya ) görüşmüşdür.

 

Sloveniyalı hakimlər briqadası

 

Azərbaycan milli futbol komandasının 2018-ci il dünya çempionatının seçmə yarışları çərçivəsində sabah Bakı Olimpiya Stadionunda Norveç yığmasına qarşı keçirəcəyi oyunu israilli hakimlər briqadasının idarə edəcəyi barədə məlumat vermişik. Təqvimdə oktyabrın 11-nə təyin edilmiş Çexiya-Azərbaycan matçının da hakimləri artıq məlumdur.

Bu oyunun hakimliyi Sloveniya Futbol Federasiyasının nümayəndələrinə həvalə olunmuşdur. Baş hakim funksiyasını Matey Yuq yerinə yetirəcəkdir. Çexiya- Azərbaycan görüşündə topa ilk zərbə oktyabrın 11-də Bakı vaxtı ilə saat 22.45-də endiriləcək.

 

Onuncu mövqedə

 

Futzal üzrə yığma komandaların növbəti reytinq cədvəli açıqlanmışdır. Azərbaycan millisi 1435 xalla siyahıda onuncu mövqedədir.

Xatırladaq ki, ölkəmizin futzal ustaları bu yaxınlarda ilk dəfə dünya çempionatının final mərhələsində çıxış etmışlər. Azərbaycan komandası Kolumbiyada keçirilmiş  yarışda qrupda ikinci yeri tutmuş, səkkizdəbir finalda Tailanda qalib gəlmiş, dörddəbir finalda Portuqaliyaya uduzub, mundialda çıxışlarını ən güclü səkkiz komanda sırasında başa vurmuşdur.

17 yaşlıların seçmə sınaqları

 

Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandasının futbolçuları bu günlər Macarıstanın qonağıdırlar. Bu ölkədə final mərhələsi 2017-ci ilin may ayında Çexiyada keçiriləcək Avropa çempionatının birinci seçmə mərhələsi starta çıxır. Rəqiblərimiz yarış sahibləri macarlarla yanaşı, Polşa və Estoniya komandalarıdır.

Həmyerlilərimiz 3-cü qrupda turnirə bu gün macarıstanlı yaşıdlarına qarşı görüşlə başlayacaqlar. Azərbaycan komandasının növbəti iki oyunu isə oktyabrın 10-da və 13-də müvafiq surətdə Polşa və Estoniya yığmalarına qarşı olacaq.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında