İ D M A N

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xatirə turniri finişin astanasında

 

Moskvada keçmiş dünya çempionu Mixail Talın xatirəsinə həsr edilən XXI kateqoriyalı  beynəlxalq şahmat turniri finişin astanasındadır. Artıq bu gün yarışın qalib və mükafatçıları məlum olacaq.

Növbəti, 7-ci turun bütün oyunlarında, o cümlədən azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun Levon Aronyanla (Ermənistan) görüşündə rəqiblər heç-heçəyə razılaşmışlar.

Finişə iki tur qalmış turnir cədvəlinə 5 xala malik Yan Nepomnyaşi (Rusiya) başçılıq edir. İkinci pillədə irəliləyən Aniş Giri (Hollandiya) vahid liderdən yarım xal geri qalır. Məmmədyarov 3 xalla səkkizinci mövqedədir.

Dünən qrossmeysterlər 8-ci  turun görüşlərində mübarizə aparmışlar. Məmmədyarov Giri ilə qarşılaşmışdır. Bu günə təyin edilmiş sonuncu, 9-cu turda isə qrossmeysterimiz rusiyalı Vladimir Kramniklə görüşəcək.

Azərbaycan yığma komandasının daha bir üzvü Arkadi Naydiç isə bu günlər Men  adasında ( İngiltərə) keçirilən beynəlxalq turnirdə iştirak edir. O, ilk dörd turun üçündə macar Balint Vilmosa, almaniyalı Martin Zumsandeyə və Hindistan təmsilçisi Abicet Quptaya  qalib gəlmiş, bir görüşdə isə heç-heçə oynamışdır.

Dörd turdan sonra yüzfaizli nəticə göstərən latviyalı Aleksey Şirov liderdir-4 xal. Naydiç, eləcə də Uesli So (ABŞ), Pavel Elyanov (Ukrayna), Maksim Rodşteyn (İsrail) və Sergey Movsesyanın (Ermənistan) 3,5 xalı var.

 

Azərbaycan – Norveç görüşü qarşısında

 

Azərbaycan milli komandası final turniri 2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə yarışları çərçivəsində oktyabrın 8-də ikinci oyununu keçirəcəkdir. Yığmamız Norveç komandasını qəbul edəcək və bu görüş indiki seçmə mərhələdə futbolçularımız üçün “doğma divarlar” arasında ilk sınaq olacaq.

Oyunun gərgin mübarizə şəraitində davam edəcəyini gözləyənlər haqlıdırlar. Bir ay əvvəl birinci turda səfərdə San-Marino komandası üzərində 1:0 hesabı ilə qələbə qazanmış Azərbaycan futbolçuları hazırda turnir cədvəlindəki ikinci mövqelərini möhkəmləndirməyə çalışacaq, norveçlilər isə startda öz pərəstişkarları qarşısında Almaniya komandasından aldıqları ağır zərbədən (0:3) sonra təbii ki, uğurlu nəticəyə can atacaqlar.

Hər iki komandanın qarşıdakı oyuna son hazırlıq gördüyü bir vaxtda norveçli futbol eksperti Mini Yakobsen  bu görüşlə bağlı öz ölkəsinin jurnalistlərinə fikrini bildirmişdir: “Mən yüz faiz əmin deyiləm ki, Norveç Azərbaycana qalib gələcək. Sonuncu seçmə mərhələdə biz evdə bu komanda ilə qolsuz heç-heçə oynamışıq. Buna qədər isə səfərdə 1:0 hesabı ilə qalib gəlmişdik. Gərgin oyun görəcəyimizi gözləyirəm. Amma Norveçin sonuncu dəfə necə oynadığını nəzərə alaraq, mən Azərbaycanı görüşün favoriti adlandırardım”.

Olimpiya stadionunda Azərbaycan –Norveç görüşü oktyabrın 8-də saat 20-də başlanacaq. Azərbaycan və Norveçlə yanaşı, Almaniya, Çexiya, Şimali İrlandiya və San-Marino komandalarının da daxil olduqları “C”  qrupunda ikinci tur ərəfəsində Azərbaycanla Almaniyanın 3, Şimali İrlandiya və Çexiyanın 1 xalı var, Norveç və San-Marino isə çempionata məğlubiyyətlə başlamışlar. Azərbaycan-Norveç görüşünü Liran Lianinin başçılığı ilə israilli hakimlər briqadasının idarə edəcəyini də diqqətinizə çatdıraq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında