Azərbaycan dünyanın intellektual mərkəzi kimi

 

 

 

 

 

 

 

 

 

 


Şahmat insanı saflaşdıran və kamilləşdirən idman
növüdür.

 Heydər Əliyev
Ümummilli lider


 

Azərbaycanda  şahmatın inkişaf tarixi

 

Azərbaycanda şahmatın intellektual idman növü kimi tarixi qədim zamanlara gedib çıxır. Ölkəmizdə şahmat oyunu özünü təsdiq edənə qədər böyük inkişaf yolu keçmişdir.  Tədqiqatçıların fikrincə, şahmatın ilk forması olan çətrəngin əsrlər boyu təkmilləşdirilib şətrənc (şahmatın ikinci inkişaf mərhələsi) halına salınmasında, həmçinin şətrəncin inkişaf etdirilib müasir şahmata çevrilməsində böyük əmək sərf etmiş xalqlardan biri də azərbaycanlılar olub.

Azərbaycan xalqının görkəmli elm, sənət adamları hələ qədim zamanlarda uzaq Hindistanda şahmatın yaradılması ilə maraqlanmış, onun başqa ölkələrə yayılmasını daim izləmiş və özləri də VI əsrin axırlarında həmin oyunla yaxından məşğul olmuşlar. Lakin o dövrün şahmat oyunçularından heç kəsin adı bizə məlum deyil. Bir Orta Asiya əlyazmasında adı çəkilən ilk Azərbaycan şahmatçısı Cəlaləddin Naxçıvanidir (IX əsr). Bu qədim əlyazmada Qədim Orta Asiyada  peşəkar oyunu ilə hamını heyran edən Cəlaləddin Naxçıvaninin adı orta əsrin ən görkəmli şahmatçıları ilə bir sırada çəkilir.

Xaqani Şirvani (XII əsr), Nizami Gəncəvi (XII əsr), İmadəddin Nəsimi (XIV əsr), Məhəmməd Füzuli (XVI əsr) kimi dahi mütəfəkkirlərimiz öz əsərlərində şahmatı tərənnüm etmiş, oyun haqqında mənalı, dərin fikirlər söyləmişlər.  XI əsrdə yaşamış görkəmli mütəfəkkirimiz Qətran Təbrizinin əsərlərində o dövrün şahmatı haqqında maraqlı məlumatlar verilmişdir. Dövrün digər böyük mütəfəkkiri Xaqani Şirvani də əsərlərində Azərbaycanda şahmat mədəniyyətınin geniş yayılması haqqında çox əhəmiyyətli məlumatlar vermişdir.

Bütün tədqiqat əsərlərindən məlum olduğu kimi, XII əsrin böyük şairlərindən Məhsəti Gəncəvi şahmat oynamağı sevirmiş. O, Şərqin şahmat oyunu ilə maraqlanan ilk qadınlarından biri hesab olunur. Hətta bəzi mənbələrdə Məhsəti Gəncəvinin dövrünün qabaqcıl şahmat ustalarından biri olduğu vurğulanmışdır.

Xoşbəxtdir rüxünə rüx qoysa hər kəs,

Rüxün eyləyəni şah edə bilməz.

Mən oyuna baxım, yoxsa rüxünə?

Bu halda neyləyim, mat qalmayım bəs?

Şairə həmin rübaidə şahmat oyununun xüsusiyyətindən danışır. "Rüx" sözü şeirdə bir neçə dəfə təkrar olunmasına baxmayaraq, hər misrada ayrı-ayrı mənalarda işlənmişdir: Birinci misrada "rüx" sözu fars dilindəki üz mənasında işlədilmişdir. İkinci misradakı "rüx" sözü gedişi ilə fərqlənən şahmat oyunundakı fiqurun adıdır. Bu rübainin yaranma tarixçəsi ilə bağlı belə bir rəvayət vardır ki, bir gün Məhsəti Gəncəvi həyat yoldaşı Xətiboğlu ilə şahmat oynayırmış. Rübaidən də aydın olduğu kimi, Xətiboğlu simaca gözəl bir adam olub. Xətiboğlu oyun prosesində rüxlə (vəzirlə) şah elan edir. Məhsəti xanımın şahı müdafiə etmək imkanı olmadığı üçün mat vəziyyətində qalır. O, pərt olmamaq üçün bədahətən həmin rübaini deyir. Rübainin lirik məzmunu ondan ibarətdir ki: sən o qədər gözəlsən ki, sifətinin gözəlliyi mənim diqqətimi cəlb elədi, fikrim oyundan yayındı. Belə halda mən necə mat olmayım.

Böyük alim, mütəfəkkir və dahi şairimiz Nizami Gəncəvi şahmat mədəniyyətinə çox böyük əhəmiyyət verirdi. Onun əsərləri təkcə Azərbaycanda deyil, ümumiyyətlə, bütün Şərq ölkələrində şahmatın tarixini öyrənmək üçün son dərəcə qiymətli material hesab olunur. Nizami şahmatın adını ilk dəfə "Xosrov və Şirin" poemasında çəkmişdir. Poemada göstərilir ki, Sasani hökmdarı öz oğlu Xosrovu çox sevir. Düşmənlər ata ilə oğul arasındakı bu mehribanlığı pozmaq məqsədilə Xosrovun adından saxta pul kəsib şəhərdə yayırlar. Şah bu  pulları görəndə oğlundan şübhələnir, hətta onu məhv etmək üçün gizli plan hazırlayır. Nizami Xosrovun başına gətirilən bu hadisəni şahmatla müqayisə edir və onu şahmat məsələsi – mənsubə adlandırır. Məlumdur ki, mənsubəni həll edə bilməyən şəxs məğlub hesab edilir.

XIII əsrdə yaşamış dahi filosof, böyük mütəfəkkir Nəsirəddin Tusi şahmatın estetik tərbiyə məsələsindəki roluna xüsusi toxunmuşdur. Onun məşhur "Əxlaqi-Nasiri" kitabı bu baxımdan böyük əhəmiyyət kəsb edir. Görkəmli alim şahmatı tərbiyə vasitəsi hesab edərək yazırdı: "Uşaqların nəzərində qızıl və gümüşü aşağı salmaq lazımdır, çünki bunların verdiyi ziyan əfi ilanın zəhərindən daha güclüdür... Uşaqlara şahmatı öyrətmək lazımdır".

XIV-XV əsrlərdə Azərbaycanda şahmat oyunu artıq bir "elm" kimi qiymətləndirilirdi. Tarixçi Xandəmir XIV-XV əsrlərdə Azərbaycanda bu oyunun geniş yayılmasından bəhs edərək göstərir ki, bu dövrdə şahmat "fənn" hesab edilirdi. Onun verdiyi məlumata görə, bu dövrün ən güclü şahmatçısı Xacə Əli Təbrizi hesab olunurmuş. Görkəmli Azərbaycan şairi Seyid İmadəddin Nəsimi şahmat sənətinə yaxından bələd idi. Onun əsərlərində şahmatın və şahmat məsələləri adlanan mənsubələrin adları tez-tez çəkilir:

Canu-cahanu din dil  oynamayan bu əsrdə

Şahu cahan olursa gər,  ol Rüxi mat olur

Nəsimi bu misraları ilə başa salır ki, əgər bu dünyada hər hansı bir adam ürəkdən çalışıb fəaliyyət göstərməsə, dünyanın şahı da olsa, əvvəl-axır bu həyatda çıxılmaz vəziyyətə düşüb mat olacaqdır.

Tarixi mənbələr göstərir ki, Azərbaycan tarixində görkəmli dövlət xadimi kimi məşhur olan Şah İsmayıl Xətai şahmat oyunu ilə çox yaxından maraqlanırdı. Türk professoru İsmayıl Hikmət "Tarixi-gülşəni-Maarif" və "Trabzon tarixi" adlı mənbələrə əsaslanaraq Şah İsmayıl Xətainin şahmatda mahir bir oyunçu kimi də şöhrət tapmasını təsdiq edir. Professor göstərir ki, Şah İsmayıl ilə Türkiyə sultanı Səlim arasında hələ uşaq vaxtlarında qızğın şahmat yarışı keçirilərmiş.

Müdrik sənətkarımız Məhəmməd Füzuli öz dövrünün bütün elmlərini dərindən bildiyi kimi, şahmat oyununa da yaxından bələd idi. O, eşqində Məcnundan qat-qat üstün olduğunu bəyan etmək məqsədilə şahmatdakı daşların gediş qaydasından son dərəcə qüvvətli bədii vasitə kimi istifadə etmişdi:

Mənə zaman ilə Məcnun  müqəddəm olsa nola,

Oyunda şah bərabər degil  piyada ilə.

Füzuli daşların gedişi kimi sadə görünən bir şeyi poetik vasitəyə çevirir, burada çox dərin bir məna görür və başa salır ki, Məcnun, ümumiyyətlə, dünyaya, eşq aləminə zaman etibarı ilə məndən xeyli əvvəl gəlsə də, məhəbbət meydanının şahı mən, piyadası isə Məcnundur.

XIX əsrdə Qərbdə şahmat hərəkatı geniş vüsətlə irəliləmişdir. XIX əsrin tanınmış fransız yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Xurşidbanu Natəvan ilə şahmat oynamışdır. Oyunun nəticəsi isə çox yaddaqalan olub. Belə ki, Natəvan Dümanı mat edir.  Bu zaman Natəvanın cəmi 26, Dümanın isə 56 yaşı var idı. Düma "Qafqaz səfəri" əsərində onun qədim oyunun sirlərini dərindən bilməsini qeyd etmişdir.

Görkəmli dramaturqumuz Mirzə Fətəli Axundov oğluna yazdığı məktubda şahmatın sirlərinə yiyələnməyi tövsiyə etmişdir. Onun fars dilində qələmə aldığı  "Şahmat oyunu haqqında" ictimai ruhlu şeiri də vardır. Müəllifin fikrincə, şahmat insanın əqli və idrak qabiliyyətinin formalaşmasına zəmin yaradan başlıca vasitədir.

 

Şahmat dövlət səviyyəsində

 

1926-cı ildə şahmat üzrə Bakı, 1934-cü ildə isə ilk Azərbaycan çempionatı keçirilmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanda şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilirdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Sovet İttifaqında şahmata olan diqqəti ilə seçilən bir respublika idi. Hələ o dövrdə 60-a yaxın uşaq-gənclər şahmat məktəbi tikilib istifadəyə verilmişdi. Bu, daha çox gələcəyə istiqamətlənmiş bir addım idi. Ulu öndərin məqsədyönlü fəaliyyəti, çox keçmədi ki, öz bəhrəsini verdi. 1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını həmyerlimiz Aynur Sofiyeva qazandı.

1993-cü ildən etibarən şahmatın inkişafı müstəqil dövlət siyasətinin tərkib hissəsinə çevrildi.  Azərbaycan şahmatçıları dünya şahmat tarixinə ilkləri ilə imza atdılar. 1991-ci ildən sonra  müstəqil Azərbaycan şahmatının tarixində ilk dəfə olaraq ölkəyə birinci qızıl medalı  Qədir Hüseynov gətirmişdir. 1994-cü ildə o, 8 yaşındaykən Rumıniyada keçirilən uşaqlar arasında Avropa çempionatında birinci yeri tutduqdan sonra dünyanın ən gənc FİDE ustası kimi "Ginnesin Rekordlar kitabı"na düşmüşdür.  2001-ci ildə Teymur Rəcəbov 14 yaşında ikən dünyanın ən gənc qrossmeysteri  rekordunu yeniləmişdi. O, şahmat vunderkindi  hesab olunur. Teymur Rəcəbov 2003-cü ildə  Harri Kasparova qalib gələrək dünya çempionunu məğlub edən ən gənc şahmatçı kimi şahmat tarixinə düşdü. Bu qarşılaşma həmin il Linares (İspaniya) superturnirində ən yaxşı oyun mükafatına layiq görülmüşdü. Həmin il Teymur hindistanlı Vişvanatan Anandı və ukraynalı Ruslan Ponomaryovu qara fiqurlarlara məğlub etmişdir. Bu nəticə ilə də Rəcəbov 1 ildə üç FİDE dünya çempionunu  məğlub edən yeganə şahmat ustası hesab edilir.

Azərbaycanın parlaq zəka nəslinin digər nümayəndələri Məmmədyarovlar ailəsidir. Bu ailə Azərbaycanda yeganə şahmat ailəsidir ki, üç beynəlxalq qrossmeyster yetişdirmişdir: Şəhriyar Məmmədyarov, böyük bacısı Zeynəb Məmmədyarova və kiçik bacısı Türkan Məmmədyarova.  Fərdi dünya və Avropa birinciliklərindən Azərbaycanın şahmat xəzinəsinə bu ailə tərəfindən 12 medal gətirilmişdir. Bunlardan 7-si qızıl, 3-ü gümüş və 2-si bürünc medallardır. Şəhriyar Məmmədyarov fərdi yarışlarda 4 qızıl, 2 gümüş və 1 bürünc medalın sahibidir. O,  yeganə şahmatçıdır ki, 20 yaşadək gənclər arasında ikiqat dünya çempionu tituluna sahib olmuşdur. 

Azərbaycan şahmatına böyük uğurlar qazandıran mərhum şahmatçımız Vüqar Həşimovun da adı  xüsusi vurğulanmalıdır. O, dünyanın ən qabaqcıl, Azərbaycan tarixinin ən böyük şahmatçılarından biri olub. 2009-cu ildə dünya şahmatçılarının reytinq siyahısında 6-cı pilləyədək irəliləmiş, dəfələrlə ilk onluğa daxil olaraq planetin ən güclülərindən biri olmağı bacarmışdı. 2009-cu ildə kişilərdən ibarət  yığmamızın Avropa çempionatında qalib gəlməsində həlledici rol oynamışdı. Təsadüfi deyildir ki, Vüqar Həşimovun ölümü ilə  bağlı nüfuzlu "The New York Times" qəzetində dərc olunmuş yazıda o, dünyanın aparıcı şahmatçılarından biri kimi qələmə verilmişdi (13.01.2014).

Hələ 1998-ci il dekabrın 18-də ulu öndər Heydər Əliyev yeniyetmə şahmatçılar – Vüqar Həşimov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynovu qəbul etmişdi. Ümummilli lider xüsusi sərəncamla dövlət büdcəsinin ehtiyat fondundan onların hər birinə böyük vəsait ayrıldığını bildirmişdi. Şahmatçılarımızı yeni uğura aparan yollar məhz bu qayğı və səmimiyyətdən  keçirdi.

Demək olar ki, indi respublikamızın hər bir yerində müasir şahmat evləri, məktəbləri vardır. Qeyd etmək lazımdır ki, Azərbaycan  FİDE -nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlətdir. Prezident  İlham Əliyevin 5 may 2009-cu il tarixli, 260 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı" ölkəmizdə bu qədim idman növünün kütləviliyinin təmin olunması, şahmat müəssisələri şəbəkəsinin getdikcə genişləndirilməsi və onların maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə yüksək peşəkarlıq səviyyəsinə malik mütəxəssis korpusunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın şahmat ölkəsi kimi nüfuzunun artırılması üçün böyük imkanlar açmışdır.

Bütün bu dəstək və qayğı hədər getməmişdir. Odur ki, bu gün Azərbaycan dünyada öz güclü şahmatçıları ilə tanınır. Şahmatın inkişafı ölkəmizin ümumi intellektual potensialını əks etdirir. Kişilərdən ibarət Azərbaycan millisi iki dəfə Avropanın ən güclüsü statusunu qazanıb (2009; 2013). Beynəlxalq Şahmat Federasiyasının (FİDE)  reytinq siyahısında Azərbaycan şahmatçıları Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və mərhum Vüqar Həşimov dünyanın ən güclü 20 şahmatçısı sırasında yer almışlar. Eyni zamanda, qadın şahmatçılarımız Zeynəb və  Türkan Məmmədyarovalar, Nərmin Kazımova, Gülnar Məmmədova və başqaları ölkəmizin idman şərəfini ucaltmaqdadırlar.

Hazırda Azərbaycanda 25 beynəlxalq qrossmeyster, 16 beynəlxalq usta, 20 FİDE ustası, 15 benəlxalq hakim və 16 FİDE hakimi vardır.

 

 

Ümumdünya Şahmat Olimpiadası – 2016

 

2002-ci ildə şahmat üzrə Avropa çempionatı, 2003-cü ildə Naxçıvanda gənclər arasında dünya çempionatı, 2008-ci ildə Bakıda FİDE-nin Qran-pri seriyasının Heydər Əliyevin  xatirəsinə həsr olunmuş turniri, mərhum şahmatçımız, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan, 2014-cü ildən etibarən ənənəvi olaraq təşkil edilən və dünyanın ən güclü şahmatçılarını bir araya toplayan "Shamkir Chess" superturniri , şahmat üzrə 2015-ci il Dünya kuboku və bu il Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi Beynəlxalq Şahmat Federasiyasının ölkəmizə göstərdiyi yüksək etimadın bariz nümunəsidir.

Bu mötəbər yarışda 175 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə apardı. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşdı. Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olundu. Qeyd edək ki, Bakının ev sahibliyi etdiyi 42-ci Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarışdır. Dünyanın ən güclü şahmatçıları Odlar yurdunda toplaşaraq öz zəkasını, məntiqini sınadı.

Beynəlxalq Şahmat Federasiyasının  prezidenti Kirsan İlyumjinov sentyabrın 3-də təşkil etdiyi mətbuat konfransında Azərbaycanın bu etimadı artıqlaması ilə doğrultduğunu ifadə etmişdir. O qeyd etmişdir ki, bu, FIDE-nin tarixində ən yaddaqalan olimpiadalardan biri, bəlkə də, birincisidir.

Avropa Şahmat İttifaqının (ECU) prezidenti Zurab Azmayparaşvili isə çıxışında Bakı Şahmat Olimpiadasını tarixdə ən yaxşı Olimpiada adlandırmış, yarışın təşkilatçılıq baxımından ən yüksək səviyyədə olduğunu qeyd etmişdir. Bir çox nüfuzlu xarici nəşrlər Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadasına, Azərbaycanın yüksək təşkilatçılığına və qonaqpərvərliyinə həsr olunan məqalələr dərc edib.

On bir turdan ibarət yarışlarda kişilərin mübarizəsində aktivində 20 xal olan ABŞ millisi çempion adını qazanıb. Eyni xala malik Ukrayna isə ikinci yeri tutub. Rusiya millisi  17 xalla bürünc medal qazanıb.  Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiçin daxil olduğu əsas komandamız yarışı  15 xalla 12-ci sırada tamamlayıb. Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abbasov və Ülvi Bacaraninin daxil olduğu ikinci yığmamız  14 xalla 26-cı,  Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarət üçüncü komandamız isə 13 xalla 49-cu pillədə yer alıb.

Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazanıblar. Hesabında 17 xal olan Polşa ikinci, Ukrayna isə üçüncü pillədə yer alıb. Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova və Nərmin Kazımova ilə təmsil olunan Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurub. Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanovanın daxil olduğu üçüncü komandamız 13 xalla 30-cu, Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfovadan ibarət ikinci yığmamız isə 32-ci olub.

Bakı Olimpiadası həm şahmatçılar, həm də nümayəndə heyətləri üçün yüksək şərait yaradılması, qonaqların xüsusi razılığı ilə yadda qaldı. Bu onu deməyə imkan verir ki, Azərbaycan beynəlxalq yarışların təşkilində dünya üçün nümunədir. Artıq şahmat üzrə uşaq Olimpiadası, həm də FIDE Qran-prilərinin təşkili ilə bağlı Azərbaycana müraciətlər vardır. Bütün bunlar Azərbaycanın əzminin, yüksək təşkilatçılığının, eyni zamanda, tarixi şahmat ənənələrinin mövcudluğunun və xalqın intellektual səviyyəsinin göstəricisidir. Qürurla deyə bilərik ki, bu gün Azərbaycan şahmat aləmində ən yüksək yerlərdən birini tutur. Azərbaycan artıq aparıcı şahmat ölkələrindən biri kimi özünü təsdiq edib.

İnanırıq ki, Şahmat Olimpiadasında idmançılarımızın uğurlu çıxışı şahmatın inkişafına yeni təkan verəcək, bu intellektual oyuna marağı daha da artıracaq, şahmat mərkəzlərinə axını gücləndirəcəkdir. Onu da xüsusi vurğulamaq lazımdır ki, bu il açılması planlaşdırılan Vüqar Həşimov adına Şahmat Akademiyası bu oyuna olan maraq və diqqətin bariz nümunəsidir. Bütün bunlar ölkəmizdə şahmatın gələcək inkişafına zəmin yaradır. Çünki şahmat yalnız idman növü deyil, eyni zamanda, insan məntiqini zənginləşdirən elmdir. Millətimizə uğurlu və parlaq zəka arzulayırıq.

Nailə Məmmədova,
"Azerbaijan Realities"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında