Paralimpiadanın ikinci günü bir dəst medal

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarının ikinci günü Azərbaycan komandası üçün çox əlamətdar olmuşdur. Həmin gün ölkəmizin paralimpiyaçıları kəskin rəqabət şəraitində bir dəst medal qazanmışlar. Cüdoçular Ramil Qasımov (73 kq) və Rövşən Səfərov (81 kq) müvafiq surətdə fəxri kürsünün birinci və üçüncü pillələrinə yüksəlmişlər, atletika yarışlarında isə Yelena Çebanu gümüş mükafatçı olmuşdur.

Paralimpiadanın çempionu Qasımov bu böyük müvəffəqiyyətə doğru yolda bütün rəqiblərini tatamidən məğlubiyyətlə yola salmağı bacarmışdır. Dörddəbir finalda Kuba təmsilçisinə, yarımfinalda Almaniya idmançısına qalib gələn Ramil finalda ukraynalı Dimitro Solovyov üzərində də inamlı qələbə qazanmış və Riodakı nümayəndə heyətimizi, bütün Azərbaycanı Oyunların ilk qızıl medalı ilə sevindirmişdir.

Çempionun komanda yoldaşı Rövşən Səfərov da ümidləri doğrultmuşdur. O, startda belaruslu rəqibinə qalib gəldikdən sonra növbəti mərhələdə Ukrayna idmançısına uduzsa da, təsəlliverici görüşdə Argentina cüdoçusu, bürünc medal uğrunda mübarizədə isə Böyük Britaniya nümayəndəsi üzərində qələbə qazanıb, üçüncü yeri tutmuşdur.

Atletika yarışlarının gümüş mükafatçısı Yelena Çebanu  yaxşı sürət nümayiş etdirmişdir.  İdmançımız 100 metr məsafəyə qaçışda yarımfinalda birinci yeri tutaraq finala çıxmış, burada isə səkkiz iştirakçı arasında ikinci nəticə göstərmişdir. Atletimiz yalnız Paralimpiadanın kubalı çempionu Omara Duranddan geri qalıb gümüş medal qazanmışdır.

Rio-2016-nın ikinci günü qazanılmış bir dəst medal yarışların startında digər cüdoçu Bayram Mustafayevə (66 kq) təqdim olunan gümüş mükafatla birlikdə Azərbaycan paralimpiyaçılarının mükafatlarının sayını 4-ə çatdırmışdır.

Paralimpiadanın ilk iki yarış günündən sonra, təxminən, 50 ölkə idmançılarının hesabında medal vardır. Azərbaycan 1 qızıl, 2 gümüş və 1 bürünc mükafatla komanda hesabında 16-cı yerdədir. İlk üçlüyü isə Çin (20 qızıl,17 gümüş, 12 bürünc medal), Böyük Britaniya (12+6+9) və Ukrayna (7+6+13) təşkil edirlər.

Onu da qeyd edək ki, Ramil Qasımov Paralimpiya Oyunlarında çempion adı qazanan Azərbaycanın sayca yeddinci idmançısıdır. Əvvəllər cüdoçular İlham Zəkiyev, Ramin İbrahimov, Afaq Sultanova, atletlər  Oleq Panyutin, Oluxan Musayev və üzgüçü Natali Pronina paralimpiadalarda qızıl medal sevinci yaşamışlar.

Dünən Azərbaycan idmançıları Rio-2016 -da çıxışlarını davam etdirmişlər.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında