Azərbaycan paralimpiyaçıları ilk medalı tatami üzərində qazandılar

 

Azərbaycan idmançıları sentyabrın 8-də Braziliyanın Rio-de-Janeyro şəhərində başlanmış XV Yay Paralimpiya Oyunlarının elə birinci günü medallarının hesabını açmışlar. Cüdoçu Bayram Mustafayev 66 kq çəki dərəcəsində çıxışlarını fəxri kürsünün ikinci pilləsində başa vurmuş və nümayəndə heyətimizə gümüş medal qazandırmışdır.

Turnirə dörrdəbir finaldan başlayan Mustafayev burada yarış sahibi braziliyalı Xalison Oliveyranı məğlubiyyətə uğratmış, sonra yarımfinalda Yaponiya təmsilçisi Satoşi Fucimotauya qalib gəlmiş və finalda özbək Utkirjon Niqmatovla qarşılaşmışdır. Bayram həlledici görüşdə uduzsa da, Paralimpiadanın gümüş mükafatı, şübhəsiz, çox böyük müvəfəqiyyətdir. Həmvətənimizin bu uğuru şərəfinə Rioda Azərbaycanın milli bayrağı yüksəklərə ucaldılmışdır.

Maraqlıdır ki, avqustda elə həmin Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında da Azərbaycan idmançıları ilk medalı cüdoda qazanmışdılar. Onda da ilk mükafatımız gümüş medal olmuş və Rüstəm Orucovun
( 73 kq ) həmin uğuru onun Azərbaycan milli komandasındakı yoldaşlarını da ruhlandırmış, nümayəndə heyətimiz Braziliyadan ölkəmizə rekord sayda 18 medalla qayıtmışdı. İnanaq və ümidvar olaq ki, Rüstəm kimi, Bayramın da "əli yüngül olacaq" və paralimpiyaçılarımız medalların sayını gündən-günə artıracaqlar.

Yarışların birinci günü daha bir cüdoçumuz mükafatçılar sırasına daxil ola bilərdi. Pekin-2008-in bürünc medalının sahibi və London-2012-nin çempionu Ramin İbrahimov 60 kq çəki dərəcəsində yaxşı start götürmüş, ardıcıl iki görüşdə Argentina idmançısı Eduardo Qauton və qazaxıstanlı Anuar Sarıyevdən üstün hazırlıq nümayiş etdirmişdir. Təəssüf ki, yarımfinalda özbəkistanlı Şerzod Namozov, üçüncü yer uğrunda görüşdə isə Uqanxa Bolormaz
( Monqolustan ) ilə görüşdə məğlubiyyət qeydə alınmış və Ramin fəxri kürsüdən kənarda qalmışdır.

Paralimpiadanın birinci günü daha beş idmançımız start xəttinə dəvət olunmuşdur. Atletika yarışlarında Elmir Cəbrayılov 400 metr məsafəyə qaçışda yarımfinala çıxmış, ancaq burada finala vəsiqə qazana bilməmişdir. Dörd il əvvəl İngiltərə paytaxtında 4x100 metr məsafəyə estafet qaçışında bürünc mükafatçı olmuş Elçin Muradov bu dəfə uzununa tullanma yarışlarında beşinci nəticə göstərmişdir. Digər atletimiz Yelena Çebanu 100 metr məsafəyə qaçışda yarımfinala vəsiqə qazansa da, finala çıxa bilməmişdir.

Dmitri və Roman Saley qardaşları isə üzgüçülərin batterflyay üsulu ilə 100 metr məsafəyə təsnifat yarışlarında uğurla çıxış edib, səkkiz finalçı sırasına daxil olmuşlar. Final startlarında Roman dördüncü, Dmitri beşinci nəticə göstərmişlər.

Azərbaycan nümayəndə heyəti B.Mustafayevin gümüş medalı sayəsində XV Yay Paralimpiya Oyunlarının  birinci günü komanda hesabında çıxışlarını 27-ci yerdə başa vurmuşdur. Cəmisi isə həmin gün 38 ölkənin nümayəndələri medal qazana bilmişlər.

Xatırladaq ki, XV Yay Paralimpiya Oyunlarında 160-dan çox ölkənin təxminən 4300 idmançısı yarışır. Azərbaycan Oyunlarda 24 idmançı ilə təmsil olunur. Onlar cüdo, atletika və üzgüçülüklə yanaşı, güllə atıcılığı, oxatma və pauerlifting yarışlarında mübarizə aparırlar.

Dünən, Rio-de-Janeyroda XV Yay Paralimpiya Oyunlarının ikinci günü növbəti medal dəstləri oynanılmışdır. Azərbaycan komandasının bayraqdarı, Paralimpiya Oyunlarının ikiqat çempionu və bir bürünc medalınını sahibi cüdo ustası İlham Zəkiyev tatami üzərinə bu gün çıxacaq. Onun 100 kq-dan yuxarı çəki dərəcəsində ilk rəqibi Ədilcan Puledıbayev
( Özbəkistan )- Bencamin Qodrix (ABŞ )  görüşünün qalibi olacaq.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında