Azərbaycan paytaxtında 180-ə qədər ölkənin komandalarını öz bayrağı altına toplayan 42-ci Ümumdünya Şahmat Olimpiadasında bir günlük istirahətdən sonra dünən növbəti, altıncı turun matçlarına start verilmişdir. Bu görüşlərlə Olimpiada həlledici mərhələyə qədəm qoymuşdur. Deməli, indi həm kişi, həm də qadın komandalarının turnirinə maraq ikiqat artacaq. Axı turlar bir-birini əvəz etdikcə liderlik və medallar uğrunda mübarizə daha kəskin şəkil alır.
İlk beş turdan sonra kişi şahmatçıların yarışında birinci beşliyi hərəyə 10 xalla Hollandiya, Ukrayna, Hindistan və onlardan 1 xal geri qalan Çexiya, ABŞ yığmaları, qadınların turnirində isə Rusiya, Ukrayna (10 xal), Rumıniya , Çin və Azərbaycan-1 (9 xal) komandaları təşkil etmişlər. Bizim qızları bu siyahıda görmək, əlbəttə ki, onların pərəstişkarları üçün çox xoş haldır. İlk müvəffəqiyyətdən ruhlanan komandamızın lideri Zeynəb Məmmədyarova və onun rəfiqələri Olimpiadanın ikinci yarısında da inamlı çıxışlarını davam etdirmək əzmindədirlər.
Qəzetimizin dünənki sayında Rusiyanın chesspro saytına istinadla Olimpiadanın dördüncü turunda Latviya və Çinin qadınlardan ibarət komandalarının matçında Baltikyanı ölkə şahmatçılarının lideri, Latviyanın maliyyə naziri Dana Reyzniese-Ozolanın Çin komandasının 1-ci nömrəsi, dünya çempionu Hou İfana qalib gəldiyini və bununla da başçılıq etdiyi nazirliyin tarixinə parlaq bir səhifə yazdığını diqqətinizə çatdırmışdıq. Həmin xəbərlə tanışlıqdan bir qədər sonra onu da öyrəndik ki, xanım Reyzniese-Ozola "Kristal Zal"da mətbuat konfransının qonağı olub. Olimpiadanın saytından əldə etdiyimiz məlumatlar əsasında bu barədə ətraflı danışmaq istərdik.
Latviyalı nazirin dediklərindən: Dünya çempionu üzərində qələbə mənim üçün əsl bayrama çevrildi. Latviyadan çoxlu təbriklər aldım, çox gözəl duyğular yaşadım. Mən təkcə nəticədən yox, həm də göstərdiyim oyundan razıyam. Sizə deyim ki, hər görüş kiçik bir həyatdır. Və sən bu həyatı yaşayırsan.
Latviya Olimpiadada reytinqə görə iyirmincidir. Biz yarışa ardıcıl üç qələbə ilə başladıq. Bakıya səfər ərəfəsində təlim-məşq toplanışları keçirmişdik. Toplanışlarda təkcə nəzəri və praktiki məşğələlərə vaxt ayırmır, həm də birlikdə hazırlaşırdıq. Böyük bir ailə kimi yaşayırdıq.
Bununla yanaşı, D. Reyzniese-Ozola şahmat məşğələlərinin mühüm əhəmiyyətini də qeyd etmişdir: Şahmat oynamaq bacarığı fəaliyyətin hər hansı bir sahəsində köməyə gələ bilər. Xüsusən də siyasətdə. Bu sahədə də bir neçə gedişi əvvəlcədən görmək, dəqiq müəyyənləşdirmək lazımdır. Mənim uşaqlarım hələlik bu oyunu yenicə öyrənirlər. Məsələn, böyük qızımın 13 yaşı var, o, basketbol və futbola daha çox maraq göstərir...
Latviyalı qonağımız Bakıda Olimpiadanın yüksək səviyyədə keçdiyini də xüsusi qeyd edərək bildirib ki, bu mənim səkkizinci Olimpiadamdır və deyərdim ki, ən yaxşısıdır. Hər şey əladır, burada özünü çox rahat hiss edirsən. Təşkilatçılar çox yaxşı çalışmışlar.
Bakıda Olimpiada iştirakçıları üçün əla şərait haqqında digər qonaqlarımız da yüksək fikirdədirlər. Məsələn, ABŞ-ın qadınlardan ibarət komandasının üzvü Katerina Nemtsova paytaxtımıza gəldiyi elə ilk günlərdə bildirmişdir ki, hava limanında Olimpiadanın könüllüləri bizi hərarətlə qarşıladılar, otelə çox rahat çatdıq. Olimpiada səyahəti üçün gözəl başlanğıcdır.
Katerinanın komanda yoldaşı macar əsilli Susan Polgar isə Bakı haqqında ilk təəssüratını belə ifadə etmişdir: Bakı gözəl şəhərdir. Mən inanılmaz müasir arxitekturaya malik şəhərə gəlmişəm. Şəhərin hər yerində şahmat Olimpiadası barədə məlumatları əks etdirən avtobus, taksi və qatarlar var. Qaldığımız otelə də məhz xüsusi şahmat fotoları əks olunmuş avtobusla gəldim. Həmçinin şəhərin bir çox yerlərində banner və posterlər də görmək mümkündür. 42-cı Ümumdünya Şahmat Olimpiadasının oyun məkanı olan "Kristal Zal" geniş, işıqlı və müasirdir. Bu yer çox gözəl Olimpiada məkanıdır.
Hollandiya komandasının lideri Aniş Giri əvvəllər də paytaxımızda olmuş, bir neçə yarışda iştirak etmişdir. O, hər dəfə Azərbaycana səfərindən xoş təəssüratla qayıdıb. İndi də Olimpiadanın təşkili barədə yüksək fikirdədir. Mətbuat konfransında demişdir ki, ötən il Bakıda Dünya kuboku turnirində yarışmışdım. O zaman şəhərlə tanış olmaq üçün kifayət qədər vaxtım var idi. Müasir binaların İçəri Şəhərlə harmoniyası məni valeh edir. Azərbaycanda ənənələrə, tarixə hörmətlə yanaşılması sevindirici haldır. Piyada gəzintini sevdiyimdən məni ilk növbədə Bakı Bulvarı cəlb etdi. Orada dəfələrlə olmuşam.
Yəqin bunu da qeyd etmək maraqlı olar ki, Aniş Girinin həyat yoldaşı gürcüstanlı şahmatçı Sofiko Quramişvilidir.
Bizim üçün çox fərəhli haldır ki, Olimpiada haqqında fikir söyləyənlərin hamısı, xüsusən də neçə-neçə Ümumdünya Şahmat Olimpiadasının şahidi olmuş məşhur mütəxəssislər Bakıda Olimpiadanı ən yaxşı Olimpiada hesab edirlər.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim, 42-ci Ümumdünya Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənov da keçirdiyi mətbuat konfransında bu barədə fəxrlə danışıb: --Mən 1984-cü ildən olimpiadalarda iştirak edirəm. Əminliklə söyləyə bilərəm ki, bu cür yaddaqalan Olimpiada olmayıb. Bakıda Şahmat Olimpiadası tarixə düşəcək. Bu təkcə mənim fikrim deyil, hər kəs bu faktı dəstəkləyir.
Həqiqətən, Azərbaycan paytaxtında Ümumdünya Şahmat Olimpiadası böyük müvəffəqiyyətlə davam edir. Bu günlər dünyanın hər yerindən onlarla, yüzlərlə şahmat mütəxəssisi Olimpiadanın yüksək səviyyədə təşkilindən, dünya şahmat elitası nümayəndələrinin maraqlı və gərgin görüşlərindən, Azərbaycan paytaxtı ilə tanışlıqdan zövq almaq üçün ölkəmizə gəlir. Bu isə o deməkdir ki, FİDE üzvləri dörd il əvvəl Olimpiada-2016-nın Bakıda keçirilməsinə yekdilliklə səs verməklə düzgün qərar qəbul etmişlər. Azərbaycan onların etimadını şərəflə doğruldur.
Bu arada respublikamızın gənclər və idman naziri Azad Rəhimov "Kristal Zal"da Birləşmiş Ərəb Əmirlikləri Şahmat Federasiyasının rəsmisi Rəşid Musabah bin Keşaiş ilə görüşüb. Görüş zamanı qonaq Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası haqqında fikrini söyləyib, onun yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, həmçinin turnirin qonaq və iştirakçıları üçün yaradılan şəraitdən məmnun olduğunu bildirib.
Onu da qeyd edək ki, sentyabrın 11-də Bakıda Beynəlxalq Şahmat Federasiyasının növbəti Baş Assambleyası öz işinə başlayacaq. Assambleyada 183 ölkənin şahmat federasiyalarının rəsmi şəxsləri iştirak edəcəklər.
* * *
Dünən altıncı turda komandalarımızın iştirakı ilə keçirilən matçlar belə nəticələnmişdir:
Kişilər.
Azərbaycan-1-Yunanıstan-2-2
Azərbaycan-2-Rumıniya-1.5-2.5
Azərbaycan-3-Qana-4-0
Qadınlar.
Azərbaycan-1-Gürcüstan-2-2
Azərbaycan-2-Çexiya-2-2
Azərbaycan-3-Çili-3-1
Oqtay BAYRAMOV,
Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.