Azərbaycan paralimpiyaçıları Rioda medal qazanmağa hazırdırlar

Dünən Braziliyanın Rio-de-Janeyro  şəhərinin "Marakana" stadionunda XV Yay Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilmiş və fiziki cəhətdən qüsurlu idmançıların bu böyük bayramı rəsmən açıq elan olunmuşdur. Bu gün isə 176 ölkənin təmsilçiləri Paralimpiadanın medalları uğrunda mübarizəyə başlayırlar.

Rio sahillərinə yaxşı əhval-ruhiyyə ilə yola düşən Azərbaycan paralimpiyaçıları Braziliyada ölkəmizi layiqincə təmsil etmək əzmindədirlər. Onların qarşıda duran məqsəd uğrunda gərgin mübarizədə böyük qələbələrin tələb etdiyi yüksək ustalıq nümayiş etdirib, idman ictimaiyyətimizə mümkün qədər çox medalın sevincini yaşatmaq arzuları əsassız deyil. Azərbaycanda Olimpiya hərəkatı ilə yanaşı, paralimpiyaçıların da hazırlığı üçün hər cür şərait yaradılmışdır. Məhz belə bir şərait fədakar insanlar olan Azərbaycan Paralimpiya  Komitəsinin üzvlərinə təcrübəli məşqçilərin rəhbərliyi altında gərgin və məqsədyönlü məşğələlər sayəsində hər dörd ildən bir  keçirilən bu məsul yarışlarda öz nəticələrini yaxşılaşdırıb, getdikcə medallarının sayını artırmaq imkanı verir.

İlk dəfə starta 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində çıxan Azərbaycan paralimpiyaçıları sonralar Sidney, Afina, Pekin və Londonda daha geniş heyətlə mübarizə aparmış və yarış meydanından daha çox "məhsul" götürmüşlər. Hələlik isə komandamızın ən böyük nailiyyət qazandığı Paralimpiada dörd il əvvəl Londonda təşkil edilmiş XIV Oyunlardır. Həmvətənlərimiz İngiltərə paytaxtında 166 ölkə komandalarının rəqabətində 12 medal -4 qızıl, 5 gümüş və 3 bürünc mükafat qazanaraq, komanda hesabında 27-ci yeri tutmuşlar.

Bu gün xatırlatmaq yerinə düşər ki, Londonda qızıl medallara cüdoçular Ramin İbrahimov, Afaq Sultanova, üç təkanla tullanan Oleq Panyutin və üzgüçü Natali Pronina sahib olmuşdular. Pronina həmçinin müxtəlif üsullarla müxtəlif məsafələrə üzməkdə dörd gümüş medal qazanmışdı.  Cüdoçu İlham Zəkiyevin bundan əvvəlki paralimpiadalarda iki qızıl medaldan sonra bu dəfə bürünc mükafatçı olması da kiçik nailiyyət deyildi.

İ.Zəkiyev yenə də yığmamızın heyətindədir, üstəlik də, nümayəndə heyətimizin bayraqdarıdır. Şübhəsiz, İlham bu dəfə də öz çəkisində qızıl medala əsas namizədlərdən biridir.

Rio-de-Janeyroda paralimpiyaçıların cüdo yarışları üç gün davam edəcəkdir. Onlar tatami üzərində ilk görüşlərini bu gün keçirəcək, növbəti iki gün ərzində də mübarizəni davam etdirəcəklər. Deməli, artıq bu günlərdə İlham Zəkiyev üçüncü dəfə Paralimpiya Oyunlarının çempionu adını qazana bilər. Milli komandamızın lideri və bayraqdarı daha bir idman qəhrəmanlığı göstərməyə hazırdır.

Azərbaycan paralimpiyaçıları Rio-de -Janeyroda cüdo ilə yanaşı, atletika, güllə atıcılığı, üzgüçülük, pauerliftinq və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar. Braziliyaya səfərə çıxmış 24 idmançımızın hamısı çətin sınaqlardan şərəflə çıxıb Azərbaycanın Paralimpiya hərəkatı tarixinə yeni parlaq səhifə yazmaq istəyir. Ölkəmizin idman ictimaiyyəti onların öz məqsədlərinə çatacağına inanır. Bir də ki, paralimpiyaçıları böyük qələbəyə avqustda elə həmin Rioda XXXI Yay Olimpiya Oyunlarında rekord sayda -18 medal (1+7+10) qazanmış olmpiyaçı həmvətənlərinin tarixi nailiyyəti ruhlandırır.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında