Olimpiadada yolun yarısı keçildi

"Baku Crystal Hall"da davam edən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 11 turdan 5-i və ya yarış məsafəsinin yarısı artıq arxada qalmış, rəqiblər təşkilatçıların onlar üçün nəzərdə tutduqları bir günlük istirahətə çıxmışlar. Yarış sahibi kimi öz hüquqlarından tam istifadə edib, dünya şahmat bayramında altı heyətlə təmsil olunan Azərbaycan yığmaları arasında fasiləni qadınlardan ibarət birinci komanda daha yaxşı əhval-ruhiyyə ilə qarşılamışdır. Budəfəki qeydlərimizə də məhz ondan başlayaq.

Təcrübəli mütəxəssis Fikrət Sideifzadənin  baş məşqçi olduğu bu komanda üç qələbə və bir heç-heçədən sonra beşinci turda Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Gülnar Məmmədova və Aydan Höcətovadan ibarət heyətlə Almaniya yığmasına 3:1 hesabı ilə qalib gələrək, xal ehtiyatını 9-a çatdırıb, onunla eyni nəticə göstərən Rumıniya və Çin komandaları ilə üç-beşinci yerləri bölüşdürür. İlk iki pillədə isə yüzfaizli nəticə ilə ( 10 xal) Rusiya və Ukrayna komandaları irəliləyirlər.

Azərbaycanın ikinci və üçüncü komandaları müvafiq surətdə 6 və 5 xalla 39-cu və 61-ci yerdədirlər.

Dünən Olimpiadada istirahət günü idi. Bu gün keçiriləcək altıncı turda Azərbaycan-1 komandasını Gürcüstanla çətin matç gözləyir. Ukrayna-Rusiya və Rumıniya-Çin görüşləri də gərgin mübarizə vəd edir.

Azərbaycanın ikinci və üçüncü heyətləri isə bu gün müvafiq surətdə Çexiya və Çili komandalarına qarşı oynayacaqlar.

Kişilərdən ibarət birinci komandamız (Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Eltac Səfərli, Rauf Məmmədov) ilk dörd turda maksimum nəticə göstərmişdi. Lakin beşinci raundda Hindistanla matçda məğlubiyyət qeydə alındı (1:3) və bu uğursuzluq fasilə ərəfəsində yığmamızı liderlər qrupundan bir qədər uzaqlaşdırdı.

Azərbaycanlı qrossmeysterlər altıncı tura 8 xalla turnir cədvəlinin doqquzuncu pilləsində başlayacaqlar. Lakin komandamızın vəziyyəti düzəltmək üçün hələ imkanı olacaq. Bunun üçün ilk növbədə bu gün Yunanıstanla matçdan qalib ayrılmaq lazımdır.

Maraqlıdır ki, Azərbaycan-2 komandası da birinci heyətlə yanaşı addımlayır. Beşinci turda Türkmənistanın qapısına "dörd cavabsız qol vuran" (4:0) Vasif  Durarbəyli, Nicat Abbasov, Qədir Hüseynov və Namiq Quliyevdən ibarət heyət 8 xalla 11-ci mövqedədir. Amma qarşıdakı turlarda bu müvəffəqiyyəti bir qədər də inkişaf etdirmək olar. Azərbaycan -3 isə (4 xal)  99-cu yerdədir.

Bu turnirdə hərəyə 10 xalla ilk üç mövqedə olan Hollandiya, Ukrayna və Hindistan hələlik itkisiz irəliləyirlər. Çexiya, ABŞ və Gürcüstanın 9 xalı vardır.

Bu gün altıncı turda Azərbaycanın birinci komandasının Yunanıstanla oynayacağını yuxarıda qeyd etdik. Digər iki heyətimiz isə müvafiq surətdə Rumıniya və Qana şahmatçıları ilə görüşəcək.

 

Dünya çempionu maliyyə nazirinə uduzmuşdur

 

Məşhur chesspro.ru saytında Bakıda keçirilən  42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü turunun görüşlərinin şərhi ilə tanış olarkən bir maraqlı məqam diqqəti cəlb edir. Düşünmək olar ki, həmin fakt siz də biganə qalmayacaqsınız.

Qadın komandalarının turnirində Latviya və Çin yığmalarının matçında çinli dünya çempionu Hou İfan (reytinqi 2658-dir) latışların lideri, bu ölkənin maliyyə naziri Dana Reyznietse - Ozolaya  (2243) uduzmuşdur. Düzdür, Dana bu qələbə ilə öz komandasını məğlubiyyətdən xilas edə bilməmiş, matç 2,5 : 1,5 hesabı ilə Çin yığmasının xeyrinə başa çatmışdır. Bununla belə, İfanla görüşün qalibi Reyznietse -Ozola Latviyanın Maliyyə Nazirliyinin tarixinə şanlı səhifə yazmışdır.

Həqiqətən, istər şahmatda, istərsə də idmanın başqa növlərində heç də hər nazir dünya çempionu ilə qarşılaşıb, ona qalib gələ bilmir.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında