Azərbaycanın kişilərdən ibarət birinci komandası Ümumdünya Şahmat Olimpiadasında uğurlu çıxışlarını dördüncü turda Rumıniya yığması ilə görüşdə davam etdirmişdir – 3:1. Bu matçda qrossmeysterlərimizin müvəffəqiyyətini birinci və dördüncü taxtalarda müvafiq surətdə Şəhriyar Məmmədyarovun Konstantin Lupulesku, Arkadi Naydiçin Vlad -Kristian Jiaunu üzərində qələbələri təmin etmişdir. Digər iki taxtada Teymur Rəcəbov Boqdan -Daniel Diak ilə, Rauf Məmmədov isə Mixail Marinlə heç -heçəyə razılaşmışlar.
Hesabat turunda qızıl medallara əsas namizədlər ilk itkilərə məruz qalmışlar. ABŞ şahmatçıları Çexiya ilə matçda 1 xalla kifayətlənmişlər-2:2, Rusiya komandası isə Ukraynaya məğlub olmuşdur-1,5:2,5. Daha bir neçə prinsipial matç belə nəticələnmişdir: Hindistan -Kuba -2,5:1,5, Çin - İtaliya-3:1, İngiltərə-Hollandiya -0,5:3,5, Yunanıstan-Fransa - 2:2, Belarus-Latviya- 2,5:1,5.
Dörd turdan sonra turnir cədvəlinin ilk altı pilləsində hərəyə 8 xala malik Çin, Azərbaycan, Hollandiya, Hindistan, Belarus və Ukrayna komandaları qərar tutmuşlar.
Kişilərin turnirində Azərbaycan -2 və İBCA (görmə qabiliyyəti zəif olan şahmatçılar) komandalarının görüşündə Vasif Durarbəyli, Ülvi Bacarani, Qədir Hüseynov və Namiq Quliyevdən ibarət yığmamız 3,5 : 0,5 hesabı ilə qələbə qazanmış, üçüncü komanda isə Türkmənistana uduzmuşdur-0,5:3,5. İkinci heyətimiz dörd turda 6, Azərbaycan-3 komandası 4 xal toplamışdır.
Qadın komandalarının turnirində ilk dörd raundda ən yaxşı nəticəyə hərəyə 8 xal toplayan Ukrayna, Serbiya, Rusiya və Qazaxıstan şahmatçıları nail olmuşlar. Beş-on ikinci yerləri tutan yığmalar, o cümlədən Azərbaycanın birinci komandası liderlər dördlüyündən bir xal geri qalır.
Qadınlardan ibarət birinci komandamız ötən turda Rumıniya ilə matçda heç-heçə oynamışdır-2:2. Zeynəb Məmmədyarova birinci taxtada növbəti qələbə qazanmış, Günay Məmmədzadə uduzmuş, Gülnar Məmmədova və Nərmin Kazımova öz görüşlərini heç-heçə başa çatdırmışlar.
Bu turdan sonra əsas komandamızın lideri Z.Məmmədyarova Olimpiadanın mətbuat xidmətinə müsahibəsində bildirmişdir ki, əgər komandamızın çıxışlarına diqqət yetirsək, bir sıra böyük turnirlərdə biz fəxri kürsünün yaxınlığında dayanmışıq. Təbii ki, qalib gələndə öz qüvvənə inamın artır.
Həqiqətən, Azərbaycanın qadın şahmatçılarının birinci komandası da Olimpiadaya yaxşı başlamışdır və indi qızlar müvəffəqiyyəti daha da inkişaf etdirib, turnir cədvəlində mümkün qədər yüksək mövqeyə ucalmaq əzmindədirlər.
Qadın komandalarının yarışında dördüncü turda Macarıstan Rusiyaya uduzmuş-1,5:2,5, Ukrayna Fransaya qalib gəlmiş-3,5:0,5, Hindistan İsraillə heç-heçəyə razılaşmış-2:2, Litva Qazaxıstana, Latviya isə Çinə 1,5:2,5 hesabı ilə məğlub olmuşlar.
Azərbaycan-2 – İtaliya və Azərbaycan-3 – Braziliya matçlarında müvafiq surətdə 1,5:2,5 və 2:2 hesabları qeydə alınmışdır.
Dünən keçirilən beşinci turda Azərbaycanın kişilərdən ibarət birinci komandasının qrossmeysterrləri hindistanlı rəqibləri ilə görüşdə 1:3 hesabı ilə məğlub olmuş, qadın şahmatçılarımızın birinci heyəti isə Almaniya ilə qarşılaşmada 3:1 hesabı ilə qalib gəlmişdir.
Ümumdünya Şahmat Olimpiadasının dördüncü turu haqqında qeydlərimizi Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvilinin Olimpiadanın saytına müsahibəsindən aşağıdakı fikirlərlə yekunlaşdıraq: – Bu, karyeramda 13-cü Olimpiadadır. Mən bu yarışlarda bir oyunçu, FİDE-nin vitse-prezidenti, Gürcüstan Şahmat Federasiyasının nümayəndəsi kimi müxtəlif rollarda iştirak etmişəm. İndi isə ilk dəfədir Avropa Şahmat İttifaqının başçısı kimi Olimpiadadayam. Fərəhli haldır ki, yarış mənə doğma olan Azərbaycanda keçirilir. Burada çoxlu dostum var, mən bu şəhərdə bir çox xoş anlar yaşamışam. Məsələn, 2009-cu ildə kapitanı olduğum Azərbaycan komandası öz tarixində ilk dəfə Avropa çempionatında qalib gəldi.
Çox yaxşı haldır ki, dövlət tərəfindən şahmata diqqət və Azərbaycan şahmatçılarının uğurları ona gətirib çıxarıb ki, indi burada Olimpiada keçirilir. Mən şübhə etmirəm ki, yarış ən yüksək səviyyədə keçəcək. Burada deyiblər ki, bu Olimpiada ən yaxış olimpiadalardan biridir. Mən isə deyərdim ki, Bakı startı birmənalı şəkildə tarixdə ən yaxşı Olimpiadadır. Bu yarış gözlənildiyindən də yüksək səviyyədə təşkil olunub.
Oqtay BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.