Azərbaycan komandaları Olimpiadanın liderlər qrupunda

Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət birinci komandaları "Baku Crystal Hall"da keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında debütdən uğurlu nəticələrlə çıxmışlar. Ardıcıl üç matçda qələbə qazanan hər iki heyət liderlər qrupunda irəliləyir.

Üçüncü turda kişilərdən ibarət birinci komanda Macarıstanla prinsipial matçda qarşılaşmışdır. İki il əvvəl Norveçin Tromsö şəhərində keçirilən Olimpiadada Azərbaycan komandası uzun müddət turnir cədvəlində liderlik etsə də, son turlarda mövqeyini əldən vermiş, finişdə isə onun kimi 17 xal toplayan Macarıstan və Hindistanı əlavə göstəricilərə görə özündən irəli buraxaraq, fəxri kürsüdən kənarda qalmışdı. İndi həmin uğursuzluğun əvəzini çıxmaq pis olmazdı.

Hər şey yaxşı alındı. Şəhriyar Məmmədyarov Riçard Rapporta, Rauf Məmmədov  Çaba Baloqa, Arkadi Naydiç Bencamin Qleduraya qalib gəldilər və təkcə Teymur Rəcəbov Zoltan Almaşiyə uduzdu. Nəticədə yığmamız çətin matçda 3:1 hesabı ilə mühüm qələbə qazandı.

Hesabat turunda liderlər qrupunda olan komandaların iştirakı ilə keçirilmiş daha bir neçə matçın nəticələri: Rusiya- Moldova- 3:1, Kuba- Polşa- 2,5:1,5,  ABŞ-Argentina-3:1, Çin-Braziliya- 3:1, Ukrayna-Almaniya-2,5:1,5, Fransa-İspaniya- 2:2, Rumıniya- Norveç- 3:1 ( bu matçda birinci taxtada Konstantin Lupulesku-Maqnus Karlsen görüşündə heç-heçə qeydə alınmışdır).

Üç turdan sonra Azərbaycan kimi, daha 15 komanda - Rusiya, Kuba, ABŞ, Çin, Hollandiya, Belarus, İngiltərə, Hindistan, Ukrayna, Rumıniya, Çexiya, Sloveniya, Latviya, Serbiya və İtaliya maksimum miqdarda xal toplamışlar.

Həmin gün Azərbaycanın qadınlardan ibarət birinci komandası da pərəstişkarlarını qələbə ilə sevindirmişdir. Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Gülnar Məmmədova və Aydan Höcətova polşalı rəqibləri Monika Soçko, Yolanta Zavadska, Karina Şepkovska-Xorovska və Klaudia Kulon üzərində 2,5:1,5 hesabı ilə qələbəyə nail olmuşlar.

Bu turnirdə üç turdan sonra 13 komanda- Azərbaycan-1, Rusiya, Fransa, Hindistan, Rumıniya, Litva, Serbiya, İsveç, Ukrayna, Macarıstan, İsrail, Latviya və Qazaxıstanın hərəyə 6 xalı vardır.

Digər komandalarımızın da ötən turda keçirdikləri matçların nəticələrini xatırladaq: Azərbaycan-2-Hindistan-1:3, Azərbaycan-3-Livan-4:0.  Qadınlardan ibarət heyətlərin yarışında ikinci komandamız Almaniya ilə heç-heçə oynamış-2:2, üçüncü heyət isə Qırğızıstana 4:0 hesabı ilə qalib gəlmişdir.

Olimpiadanın dördüncü turunun matçları dünən oynanılmışdır. Bu turda Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət birinci komandaları Rumıniya şahmatçılarına qarşı oynamışlar.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında