Eltac Səfərli: Bu, xüsusi Olimpiadadır...

"Baku Crystal Hall"da keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turu, gözlənildiyi kimi, asan qələbələrlə zəngin oldu. Bunu başa düşmək çətin deyil. İsveçrə sistemi üzrə keçirilib 11 raunddan ibarət olan Olimpiadanın start mərhələsində, adətən, reytinqləri arasında ciddi fərq olan rəqiblər və ya "böyüklərlə" "kiçiklər" qarşılaşırlar. Bu səbəbdən də istər kişilərin, istərsə də qadınların yarışlarında bir çox görüşlərdə 4:0 hesabı qeydə alınmışdır.

Amma ilk sensasiya da baş vermişdir. Keçmiş dünya çempionu Veselin Topalovun başçılıq etdiyi Bolqarıstan yığması şahmatda elə bir uğurları olmayan Sudan komandası ilə matçda rəqibinin öhdəsindən gələ bilməmiş, heç-heçə ilə kifayətlənmişdir – 2:2.

Azərbaycan komandalarının iştirakı ilə keçirilmiş görüşlərin nəticələrini qəzetimizin dünənki sayında nəzərinizə çatdırmışdıq. Bu gün həmin matçlar üzərində bir qədər ətraflı dayanaq.

Birinci yığmamız Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç və Eltac Səfərlidən ibarət heyətlə  Zimbabve komandasını bütün dörd taxtada məğlubiyyətə uğratmışdır. İkinci heyətimiz (Vasif Durarbəyli, Nicat Abbasov, Qədir Hüseynov, Namiq Quliyev) Mozambiklə matçda 3,5:0,5 hesabı ilə qələbə qazanmışdır. Birinci taxtada çıxış edən Durarbəyli Mateus Elislə görüşdə heç-heçə ilə kifayətlənmişdir. Azərbaycanın kişilərdən ibarət üçüncü komandası isə Papua-Yeni Qvineyanı "dörd cavabsız qolla" məğlubiyyətə uğratmışdır – 4:0. Qalib komanda bu matçda Vüqar Əsədli, Nail Bəşirli, Məhəmməd Muradlı və Pərviz Qasımovdan ibarət heyətlə çıxış etmişdir.

Ölkəmizin hər üç qadın komandası isə Olimpiadaya 4:0 hesablı qələbə ilə başlamışdır. Birinci heyət (Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Aydan Höcətova və Nərmin Kazımova) Nikaraqua yığmasına, ikinci komandamızın şahmatçıları Türkan Məmmədyarova, Xəyalə Abdulla, Ülviyə Fətəliyeva və Nərgiz Umudova yaponiyalı rəqiblərinə qalib gəlmişlər, üçüncü komanda (Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Aynur Kətanova) isə ilk qələbə xallarını mübarizəsiz qazanmışdır. Rəqib Lesoto komandası matça gəlməmişdir.

Türkiyə komandaları da Ümumdünya Olimpiadasının birinci turunda öz nəticələrindən tam razı qala bilərlər. Startda qardaş ölkənin kişi şahmatçıları Salvadora, onların qadın həmvətənləri isə Uelsə bütün dörd görüşdə qalib gəlmişlər.

Hər şeydən göründüyü kimi, yarış sahibləri Azərbaycan şahmatçıları Olimpiadaya yaxşı əhval-ruhiyyə ilə başlamışlar və yüksək yerlər uğrunda mübarizə aparmaq əzmindədirlər.  Məsələn, Eltac Səfərli birinci turda zimbabveli rəqibi üzərində qələbədən sonra demişdir: – Bu, karyeramda mənim üçün dördüncü Olimpiadadır. Bu xüsusi Olimpiadadır, çünki Bakıda keçirilir. Burada azarkeşlərin və yaxınlarımızın dəstəyini hiss edirik. Birinci üçlükdə yer uğrunda mübarizə aparmağa çalışacağıq.

Qrossmeyster, həmçinin qeyd edib ki, son vaxtlar onun reytinqi xeyli yüksəlib və gələcəkdə bu göstəricisini 2700-ə çatdırmaq fikrindədir.

Azərbaycanın qadınlardan ibarət ikinci komandasının üzvü Nərgiz Umudova isə mətbuat konfransında öz fikrini belə ifadə etmişdir: – Şahmatda "doğma divarlar" arasında oynamaq çətindir. Təzyiq olur. Amma bizim üçün belə deyil. Tamaşaçıların dəstəyi bizə əlavə güc verir. Üzərimizdə hər hansı təzyiq hiss etmirik. Ailə üzvlərimiz, dostlarımız bizi dəstəkləyirlər.

Olimpiadanın açılış mərasimindən əvvəl cənab Prezident İlham Əliyev bizi qəbul etdi. Bu qürurvericidir. Dünya praktikasında belə hala az rast gəlinir. Çox nadir ölkələrdə idmana dövlət səviyyəsində bu cür qayğı göstərilir.

Dünən Olimpiadanın 2-ci turunda komandalarımızın iştirakı ilə keçirilən matçların nəticələri:

Kişilər.  Azərbaycan 1- Makedoniya 4:0

Azərbaycan 2-Litva 3,5 - 0,5

Azərbaycan 3-Belarus 0,5 - 3,5

Qadınlar. Azərbaycan 1-Meksika 2,5 - 1,5

 Azərbaycan 2- Monqolustan 2,5 - 1,5

 Azərbaycan 3-Türkiyə 1,5 - 2,5

Oqtay BAYRAMOV, 
"Xalq qəzeti" 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında