Rekordçu Olimpiada

Beləliklə, Bakıda, Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə çıxış edərək yarış iştirakçılarını salamlamış, onlara uğurlar arzulayaraq, Olimpiadanı açıq elan etmişdir. Dövlət başçımız ümidvar olduğunu bildirmişdir ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq, ölkələr arasında sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcək...

İlk uğurlu səhifə də özünü çox gözlətmədi. Azərbaycan paytaxtına 176 ölkənin komandaları toplaşmışlar ki, bu da ümumdünya şahmat olimpiadaları tarixində rekord göstəricidir.

Deməli, müxtəlif qitələri təmsil edən neçə-neçə ölkənin nümayəndələri Bakıda keçirəcəkləri iki həftə ərzində paytaxtımızla yaxından tanış olmaq imkanı qazanacaq, onun sakinlərinin qonaqpərvərliyinə, gündən-günə simasını dəyişən şəhərimizin gözəlliyinə heyran qalacaq və öz vətənlərinə Azərbaycan həqiqətləri haqqında zəngin təəssüratla qayıdacaqlar. Ən başlıcası isə, Olimpiada ölkələr və xalqlar arasında dostluq və qardaşlıq əlaqələrini, qarşılıqlı anlaşmanı daha da möhkəmləndirəcək və dünyada ən sevimli idman növlərindən biri olan şahmatın şöhrətinin daha da artmasına öz töhfəsini verəcək, iki ildən sonra Gürcüstanın Batumi şəhərində təşkil olunacaq 43-cü Ümumdünya Şahmat Olimpiadasında Bakı rekordçu Olimpiadanın ev sahibi kimi xatırlanacaq.

Azərbaycan paytaxtında Olimpiadanın rekord göstərici ilə başlaması bu yarışın əhəmiyyətini bir qədər də artırır. Əvvəllər heç vaxt, heç bir Olimpiadada 176 ölkə təmsil olunmamışdır. İndi isə Bakıda Olimpiada məhz bu qədər, rekord sayda dövlətin komandalarını öz bayrağı altına toplamışdır.

Əgər səhv etmiriksə, yalnız Yay Olimpiya Oyunlarında bundan çox ölkə təmsil olunur. Braziliyanın Rio-de-Janeyro şəhərində yenicə başa çatmış XXXI Yay Olimpiya Oyunları da bu baxımdan rekord müəyyən etmiş, iştirakçı ölkələrin sayı 207-yə çatmışdı. Bakıda Şahmat Olimpiadasında isə 176 ölkənin komandaları rəqabət aparırlar. Rioda 18 medal qazanmaqla bu göstərici üzrə rekord müəyyənləşdirən Azərbaycan indi də Ümumdünya Şahmat Olimpiadasında ən çox iştirakçı dövləti qəbul edən bir ölkə kimi tarix yazır. Bu çox şərəfli bir tarix olacaq.

Bakıda Ümumdünya Olimpiadası başa çatdıqdan dərhal sonra Azərbaycan paytaxtı daha on gün ərzində növbəti mötəbər şahmat hadisəsinin həyəcanlarını yaşayacaq. Sentyabrın 17-dən 26-dək keçiriləcək "Baku Open" beynəlxalq turnirində iştirak etmək üçün artıq 98 iştirakçıdan sifariş alınmışdır. Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr edilən bu turnirdə həmyerlilərimizin qonaqları İran, Rumıniya , Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və digər ölkələrin təmsilçiləri olacaqlar.

Yarışın  ən yüksək reytinqli  iştirakçısı misirli Amin Bassemdir (2661). Birinci beşliyə, həmçinin rusiyalı Sənan Syugirov (2653),  rumın Konstantin Lupulesku (2618), ukraynalı qrossmeyster Aleksandr Zubov (2606) və iranlı Pouya İdani (2543) daxildirlər. Şahmatçılarımız arasında ən yüksək reytinqə malik Ülvi Bacarani (2509) siyahıda yeddincidir. Onunla yanaşı, turnirdə Azərbaycan şahmat məktəbinin daha bir qrup yetirməsi çıxış edəcəkdir. 

Dünən 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turunda ölkəmizin komandalarının iştirakı ilə keçirilmiş görüşlər belə nəticələnmişdir:

Kişilər

Azərbaycan I-Zimbabve-4-0

Azərbaycan II-Mozambik-  3,5-0,5 Azərbaycan III-Papua Yeni Qvineya-4-0

Qadınlar

Azərbaycan I-Nikaraqua-4-0

Azərbaycan II-Yaponiya-4-0

Azərbaycan III-Lesoto-4-0 (Lesoto oyuna gecikdiyinə görə komandaya texniki məğlubiyyət verilib).

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında