Azərbaycan paralimpiyaçıları XV Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün Braziliyaya yola düşüblər

Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın paralimpiya yığması və nümayəndə heyətinin Braziliyaya yola salınması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil edilən mərasimdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, komitə rəsmiləri, idman ictimaiyyəti, idmansevərlər və KİV nümayəndələri iştirak ediblər.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov idmançılarımızın bu yarışa ciddi hazırlaşdıqlarını diqqətə çatdırıb. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan komitənin prezidenti Paralimpiya hərəkatının inkişafında görülən işləri yüksək qiymətləndirib.

Paralimpiyaçılarımızın dördilliyin zirvə yarışına plana uyğun hazırlığından danışan İ.Rəhimov idmançılarımızın potensialından danışıb və ölkəmizin “Rio-2016”da güclü heyətlə təmsil olunacağını deyib.

İ.Rəhimov Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edib. Olimpiya millimizin “Rio-2016”da uğurlu çıxışının paralimpiyaçılarımızı yeni qələbələrə ruhlandırdığını vurğulayan komitə prezidenti Paralimpiya Oyunlarında Azərbaycanın üçrəngli bayrağının dalğalanacağına və dövlət himnimizin səslənəcəyinə inandığını deyib: “Paralimpiyaçılarımız Rioya qələbə üçün gedirlər. Əminəm ki, onlar olimpiyaçılarımızın başladığı zəfəri davam etdirəcəklər və Vətənimizə qalibiyyətlə dönəcəklər. Hamını paralimpiyaçılarımıza dəstək verməyə və yarış ərzində azarkeşlik etməyə çağırıram”.

Rio-de-Janeyroya 27 idmançı yola düşüb. İdmanın altı – cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadındır. Lisenziyaların sayı isə 44-dür. Bu rəqəmləri “London-2012” ilə müqayisə etdikdə 6 idmançı və 8 lisenziya çoxdur. Heyət daha çox gənclərdən ibarətdir.

Paralimpiya Kəndində Azərbaycanın bayrağı sentyabrın 5-də qaldırılacaq. İki gün sonra isə Rionun nəhəng Marakana stadionunda yarışın açılış mərasimi təşkil ediləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq. Açılış üçün sürpriz də hazırlanıb.

Ümumilikdə, paralimpiyaçılarımız mötəbər turnir öncəsi yüksək səviyyədə hazırlıq keçiblər. “London-2012” Olimpiya Oyunları başa çatdıqdan sonra yeni proqram üzrə hazırlığa start verən idmançılar üçün hər cür şərait yaradılıb. Hazırlıqlara təlim-məşq toplanışları, beynəlxalq yarışlarda çıxışlar, maddi-texniki bazanın genişləndirilməsi və digər məsələlər daxil edilib.

Son dörd il ərzində paralimpiyaçılarımız 161 medal qazanıblar. Bunların 64-ü qızıl, 57-si gümüş, 40-ı isə bürünc olub. Hesabat dövründə iki paralimpiyaçımız dünya rekordunu yeniləyib. Milli komandamızın üzvləri 61 təlim-məşq toplanışında iştirak ediblər. Bu hazırlıq proseslərindən 17-si xaricdə, 44-ü isə respublikamızda təşkil olunub.

Qeyd edək ki, XV Yay Paralimpiya Oyunları sentyabrın 7-dən  18-dək Rio-de-Janeyroda keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında