Bakıda Ümumdünya Şahmat Olimpiadası xoş xatirələrlə yadda qalacaq

Azərbaycan paytaxtında 176 ölkənin kişilərdən ibarət 181 komandasını və 142 qadın kollektivini öz bayrağı altına toplayan 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi ərəfəsində  Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq cədvəlini açıqlamışdır. Sentyabrın 1-nə olan vəziyyətə görə norveçli dünya çempionu Maqnus Karlsenin (2857) başçılıq etidiyi siyahıda Olimpiadada Azərbaycanın birinci komandasının şərəfini qoruyacaq qrossmeysterlərin göstəriciləri belədir: 11. Şəhriyar Məmmədyarov (2761), 32. Teymur Rəcəbov (2722), 45. Arkadi Naydiç (2696), 50. Eltaç Səfərli (2688), 79. Rauf Məmmədov (2666).

Dünyanın qızlar arasında 100 ən yaxşı gənc şahmatçısının da siyahısı diqqəti cəlb edir. Bu cədvəldə də beş təmsilçimizin adlarına rast gəlirik: 12. Günay Məmmədzadə (2361), 19. Aydan Höcətova (2339), 62. Ülviyyə Fətəliyeva (2234), 67. Nərmin Məmmədova  (2230) və 75. Səma Tağıyeva (2217).

Bu arada Rusiya Şahmat Federasiyasının prezidenti, kişilərdən ibarət komandanın baş məşqçisi Andrey Filatov "R-Sport" agentliyinə bildirib ki, onun komandası Olimpiadada qarşısına maksimum vəzifə qoyub və hər bir matçda var qüvvə ilə oynayacaq: – Turnirdə rəqabət çox sərt olacaq. ABŞ yığması hazırda reytinqə görə birinci nömrədir, ən güclü komandadır. Çinli dostlarımız əvvəlki Olimpiadanın çempionlarıdır. Fransanın çox güclü komandası var. Azərbaycan yığması da yaxşı və parlaq komandadır. Ümumiyyətlə, bütün komandalar çox güclüdürlər. Norveç yığması istənilən sürprizə səbəb ola bilər. Bütün komandaların qələbə üçün yaxşı imkanları var. Mən zəif kollektiv görmürəm. Hər hansı bir komanda istənilən rəqibə qalib gələ bilər.

Rusiyanın qadınlardan ibarət komandasının baş məşqçisi Sergey Rublevski: – Bir neçə güclü rəqibimizin olmasına baxmayaraq, komandamız Bakıda Ümumdünya Şahmat Olimpiadasında yalnız birinci yer uğrunda mübarizə aparacaq.

Həqiqətən, Aleksandra Kostenyuk, Valentina Qunina, Aleksandra Qoryaçkina, Natalya Poqonina və Olqa Giryadan ibarət heyət bu vəzifəni yerinə yetirməyə qadirdir. Amma, təbii ki, Ukrayna, Gürcüstan, Çin, Hindistan, ABŞ yığmaları da medal mübarizəsində heç də ikinci dərəcəli rolla kifayətlənmək fikrində olmayacaqlar. Onu da xatırladaq ki, Rusiyanın qadınlardan ibarət komandası son üç Olimpiadanın qalibidir.

Moskva Şahmat Federasiyasının vitse-prezidenti Sergey Smagin də Olimpiadada qadın komandalarının yarışı ilə əlaqədar öz proqnozunu bildirib: – Ümumdünya Şahmat Olimpiadasının qadın komandalarının yarışında medallara əsas namizədlər dünya çempionu Hou İfanın başçılıq etdiyi Çin kollektivi, Rusiya, Gürcüstan və Ukrayna komandaları olacaq. Həm kişilərin, həm də qadınların turnirində təxminən ilk üç turdan sonra çox şey müəyyənləşəcək.

Olimpiadada kişi komandalarının yarışında çempionluğa əsas namizədlərdən hesab edilən ABŞ komandasının üzvü Uesli So artıq Bakıda ilk müsahibəsini verib və bildirib ki, yarışın təşkili məsələsinə gəldikdə , Azərbaycanın böyük startları, o cümlədən şahmat turnirlərini necə yüksək səviyyədə keçirdiyini biz bilirik. Bu ölkəyə səfərlərimdən məndə həmişə xoş xatirələr qalır. İnanıram ki, ABŞ komandası və "doğma divarlar" arasında oynayan Azərbaycan ən yüksək yerlər uğrunda mübarizə aparacaqlar.

Azərbaycan paytaxtına birincilər sırasında gəlmiş Qazaxıstan şahmatçıları da Olimpiada sınaqlarından maksimum fayda götürmək fikirindədirlər. Bu ölkənin qadınlardan ibarət komandasının məşqçisi Serikbay Temirbayevin "sports.kz" saytına müsahibəsindən: – Bu çox mühüm komanda yarışıdır. Turnirdə dünya çempionları da daxil olmaqla planetin ən güclü şahmatçıları çıxış edirlər. Qazaxıstan komandaları layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklər. Olimpiada ciddi sınaqdır. Hər bir belə yarış professional inkişaf baxımından böyük sıçrayış etmək üçün yaxşı imkandır. Ümidvaram ki, biz bu imkandan yaxşı istifadə edəcəyik.

Əlavə edək ki, Qazaxıstanın kişi şahmatçıları da Bakıya mübariz əhvalla gəlmişlər. Bu komanda Olimpiadada Rinat Çumabayev, Murtas Kajqaleyev, Anuar İsmaqambetov, Petr Kostenko və Azamat  Uteqaliyevdən ibarət heyətlə çıxış edəcək.

Bakıda Ümumdünya Şahmat Olimpiadasında kimin fərqlənəcəyindən, medalların kimin üzünə güləcəyindən asılı olmayaraq, bu yarış Azərbaycanda şahmatın daha kütləvi hal almasında böyük rol oynayacaq. İki həftə ərzində planetin ən yaxşı qrossmeysterlərinin paytaxtımızda Ümumdünya Olimpiadası kimi çox məsul yarışda keçirəcəkləri görüşlər hər yerdə maraqla izləniləcək və geniş təhlil olunacaq. Qarşıdakı görüşlər ölkəmizdə şahmatın inkişafına yeni təkan verəcək, onunla məşğul olanların sıralarının daha da genişlənməsində mühüm addım olacaq.

"Baku Crystal Hall"da 42-ci Ümumdünya Şahmat Olmpiadası starta çıxır. Bu gün ilk matçlar oynanılacaq, turnir cədvəllərinə ilk nəticələr yazılacaq, kimi sevinəcək, kimi də məyus olacaq. Amma Bakıda Ümumdünya Şahmat Olimpiadası hamıda unudulmaz təəssürat oyadacaq, xoş xatirələrlə yadda qalacaq.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında