42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib

Bakının ev sahibliyi etdiyi 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar avqustun 31-də təşkil olunan yekun mətbuat konfransında məlumat verilib.

Mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri - Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov və Olimpiadanın baş hakimi Faiq Həsənov çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.

Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov tədbirdə iştirak edib.

Gənclər və idman naziri Azad Rəhimov Olimpiadaya hazırlıq prosesində Təşkilat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. Nazir əmin olduğunu bildirib ki, həm kişilər, həm də qadınlardan ibarət komandalarımız uğurla çıxış edərək yüksək nəticə göstərəcəklər. A.Rəhimov Olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, təşkilati işlərin peşəkarlıqla həyata keçirildiyini vurğulayıb. Nazir Bakı Şahmat Olimpiadasının indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşəcəyini xüsusi qeyd edib.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov 2014-cü ilin fevralında Azərbaycan Prezidentinin sərəncamına əsasən, Olimpiadanın keçirilməsi üçün yaradılan Təşkilat Komitəsinin bütün prosesləri yüksək səviyyədə həyata keçirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bütün aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində “Baku Crystal Hall” bu mötəbər yarış üçün tam hazır vəziyyətə gətirilib.

Qonaqların artıq Bakıya gəlmək üzrə olduqlarını deyən M.Məmmədov nümayəndə heyətlərinin ölkəmizə rahat gəlişi üçün dövlətimizin başçısının imzaladığı sərəncam sayəsində sadələşdirilmiş viza rejiminin tətbiq olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, idmançıların təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlər görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib. Olimpiadanın açılış mərasimi sentyabrın 1-də saat 19:00-da Milli Gimnastika Arenasında başlayacaq. Yarışlara isə sentyabrın 2-də saat 15:00-da start veriləcək.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Bakının bu mötəbər yarışa tam hazır olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın yüksək səviyyədə ev sahibliyi edəcəyi yarış bu baxımdan olimpiadalar tarixində mühüm tədbirlərdən biri olacaq.

Son illər Azərbaycanın mühüm beynəlxalq idman tədbirlərinin keçirildiyi ölkəyə çevrildiyini deyən E.Rüstəmov Olimpiadanın şahmat turnirləri arasında ən mötəbər yarış olduğunu qeyd edib. Həm kişi, həm də qadın şahmatçılarımızdan uğurlu nəticələr gözlədiyini deyən E.Rüstəmov bunun üçün idmançılarımızın yüksək hazırlıq prosesi keçdiklərini, təlim-məşq toplanışlarının təşkil olunduğunu, bu prosesə təcrübəli mütəxəssislərin cəlb olunduğunu diqqətə çatdırıb. E.Rüstəmov Olimpiadada iştirak edən şahmatçılarımıza uğurlar arzulayıb.

Olimpiadanın baş hakimi Faiq Həsənov mötəbər yarışda Azərbaycandan 30 hakimin iştirak edəcəyini bildirib. Diqqətə çatdırılıb ki, yarışa hazırlıqla bağlı azərbaycanlı hakimlər üçün müxtəlif seminarlar keçirilib. Sonuncu seminar sentyabrın 1-də təşkil ediləcək.

Sonra suallar cavablandırılıb.

Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib. Olimpiadanın keçirildiyi günlərdə Bakı həm də FİDE-nin növbəti konqresinə ev sahibliyi edəcək. Həmin konqresdə 183 ölkə təmsil olunacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında