Ölkəmiz daha bir böyük idman yarışına ev sahibliyi edir. Bu axşam Bakının ən gözəl idman saraylarından biri olan Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçiriləcək və bütün şahmat aləmi iki həftə ərzində planetin ən parlaq zəka sahiblərindən ibarət komandaların gərgin mübarizəsini diqqət mərkəzində saxlayacaq.
Azərbaycan Olimpiadanı keçirmək hüququnu 2012-ci ildə qazanmışdır. Bu barədə qərar Beynəlxalq Şahmat Federasiyasının (FİDE) həmin il İstanbulda keçirilmiş baş məclisində qəbul olunmuşdur.
Ölkəmizə belə yüksək etimad göstərilməsi təsadüfi deyil. Azərbaycanda şahmatın yaxşı ənənələri vardır və onun inkişafı dövlətin daimi qayğısı ilə əhatə olunmuşdur. Bugünkü nailiyyətlərimizin arxasında isə hələ ötən əsrin yetmişinci illərində Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən böyük işlər dayanır. Respublika rəhbərinin təşəbbüsü ilə 1974-cü ildə Azərbaycan partiya fəalları yığıncağında respublikada bədən tərbiyəsi və idmanın vəziyyəti və onların daha da inkişaf etdirilməsi yolları müzakirə olunarkən şahmata da xüsusi diqqət yetirilmişdir. Məhz həmin yığıncaqdan dərhal sonra Azərbaycanın bütün guşələrində şahmat məktəbləri açıldı, yüzlərlə, minlərlə uşaq və yeniyetmə təcrübəli mütəxəssislərin rəhbərliyi altında qədim və müdrik oyunun sirlərinə yiyələnməyə başladı.
Ulu öndərin sonralar, 1998-ci ildə Azərbaycanın uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında imzaladığı iki sərəncamı da bu gün xüsusi qeyd etmək olar. İndi Heydər Əliyevin şah gedişləri kimi dəyərləndirə biləcəyimiz həmin sərəncamlar bu gün bütün dünyada adları hörmətlə çəkilən Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov və təəssüf ki, artıq həyatda olmayan Vüqar Həşimov kimi gənc şahmatçıların inkişafına güclü təkan verdi.
Hazırda respublikamız şahmatın ən yüksək səviyyədə inkişaf etdiyi ölkələrdən biri kimi böyük şöhrət qazanmışdır. Azərbaycan şahmat məktəbinin yetirmələri istər uşaq və yeniyetmələr, istərsə də gənclər və böyüklər arasında bir çox mötəbər beynəlxalq yarışda, o cümlədən Avropa və dünya çempionatlarında qalib və mükafatçılar sırasında olmuş, fəxri kürsüyə yüksəlmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarına 30 avqust 2016-cı il tarixli məktubunda Azərbaycanda şahmatın inkişafını yüksək qiymətləndirmişdir: "Son illərdə şahmat üzrə dünya və Avropa miqyaslı yüksək statusa malik yarışların ölkəmizin paytaxtı ilə yanaşı bölgələrində də baş tutması Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə çevrilməsi yolunda atılmış mühüm addımdır. İnanıram ki, bu Şahmat Olimpiadası da ölkəmizdə bu intellektual oyunun təbliğinə öz layiqli töhfəsini verəcəkdir.
Ümidvaram ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq, ölkələr arasında sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcəkdir".
Azərbaycan paytaxtında Ümumdünya Şahmat Olimpiadası hələ başlanmasa da, artıq ilk rekord müəyyən edilmişdir. Olimpiadada 176 ölkənin komandası iştirak edəcək.
Azərbaycan təşkilatçı ölkə kimi həm kişilərin, həm də qadınların turnirində üç komanda ilə çıxış edəcək. Qrossmeysterlərimizin birinci komandası Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov və Arkadi Naydiçdən ibarət heyətlə mübarizə aparacaq. Komandanın kapitanı rusiyalı qrossmeyster Aleksey Dreyevdir. Təcrübəli mütəxəssis Olimpiadanın mətbuat xidmətinə müsahibəsində qeyd edib ki, Azərbaycan yığmasında yüksək səviyyəli şahmatçılar toplaşıb. Belə komandada kapitan kimi çalışmaq adama böyük zövq verir. Azərbaycan yığmasının heyətində ənənəvi olaraq güclü şahmatçılar çıxış edirlər. Mənim Azərbaycanın bütün şahmatçıları ilə yaxşı əlaqələrim var. Onların bəziləri ilə əvvəllər işləmişəm. Məsələn, ötən il Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilən turnirdə Şəhriyar Məmmədyarova kömək etmişəm. Əvvəlki illərdə Rauf Məmmədovla işləmişəm. Heyətində belə güclü şahmatçıların çıxış etdiyi komandaya rəhbərlik etmək xoşdur...
Şahmat pərəstişkarlarına məlum olduğu kimi, Azərbaycanın kişilərdən ibarət komandası dünyanın ən güclü komandalarından biri hesab olunur. Yığmamızın artıq iki dəfə Avropa çempionu adını qazanması onun gücündən, yüksək ustalıq səviyyəsindən, hər hansı bir yarışda medallar uğrunda mübarizə aparmaq bacarığından xəbər verir. Dreyev də müsahibəsində bu məsələyə toxunaraq bildirmişdir ki, Azərbaycan millisi kimi komanda yalnız çempionluq uğrunda mübarizə aparmalıdır. Reytinqə görə Azərbaycan 42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü komandasıdır. Bu səbəbdən də qazanılacaq istənilən əyarlı medalı uğur hesab edəcəyik.
Həqiqətən, şahmat aləmi Azərbaycan millisinin uğurlarına biganə deyil. Onun bugünkü heyətinin üzvləri dünya və Avropa səviyyəli istər şəxsi, istərsə də komanda yarışlarında layiqincə çıxış etmiş, Azərbaycanın dünyaya güclü bir şahmat ölkəsi kimi tanıdılması işinə öz töhfələrini vermişlər.
Bunu da xüsusi vurğulamaq olar ki, son üç ildə Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilən beynəlxalq turnirdə norveçli dünya çempionu Maqnus Karlsen başda olmaqla, dünya şahmat elitasının ən görkəmli nümayəndələri böyük məmnuniyyətlə iştirak etmişlər. İlk iki xatirə turnirində baş mükafatı Karlsen qazanmış, bu il isə üçüncü yarışın qalibi Məmmədyarov olmuşdur.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan millisi (2705) reytinqə görə Ümumdünya Şahmat Olimpiadasının dördüncü komandasıdır. Siyahıda ilk üç yeri Rusiya (2760; Vladimir Kramnik, Sergey Karyakin, Aleksandr Qrişuk, Yevgeni Tomaşevski və Yan Nepomnyaşi), 2740 əmsala malik ABŞ (Fabiano Karuana, Hikaru Nakamura, Uesli So, Rey Robson, Samuel Şenklend) və hazırkı olimpiya çempionu Çin komandası (2735- Van Yue, Li Çao, Din Lijen, Yuy Yanyi, İ.Vey) tuturlar. Bu komandalarla yanaşı, Ukrayna (2668) və Fransanın (2678) medallar uğrunda mübarizədə fəal iştirakı gözlənilir. Polşa, Macarıstan, Hollandiya, İspaniya, Kuba, Çexiya, Bolqarıstan komandaları da, şübhəsiz, Azərbaycan paytaxtına yüksək iddialarla gəlmişlər.
Çıxışları maraqla gözlənilən daha bir komanda Norveçdir. Bu ilin noyabr ayında ABŞ-da dünya şahmat tacı uğrunda rusiyalı Sergey Karyaginlə matçda mübarizə aparacaq planetin bir nömrəli qrossmeysterinin başçılıq etdiyi komanda reytinqə görə siyahıda yalnız 17-ci yerdədir və onun medallara iddiaçılar sırasında imkanları yüksək qiymətləndirilmir. Buna baxmayaraq, azərbaycanlı qədim və müdrik oyun pərəstişkarları dünya çempionunun Bakıda növbəti görüşlərini, bu dəfə Ümumdünya Şahmat Olimpiadasında keçirəcəyi oyunları diqqətlə izləməyə hazırlaşırlar.
Burada xatırlatmaq yerinə düşər ki, 2014-cü ildə Maqnus Karlsenin vətəni Norveçin Tromsö şəhərində keçirilmiş 40-cı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət komandası ilk yeddi turdan sonra lider olmuş, lakin son dörd raundda mövqeyini itirərək mükafatçılar üçlüyündən kənarda qalmışdır. Onda çempion adını 19 xalla Çin komandası qazanmış, sonrakı dörd yeri tutan kollektivlər finişə 17 xalla çatmışdılar. Nəticədə Macarıstan və Hindistan əlavə göstəricilərə görə müvafiq surətdə bürünc və gümüş medallara sahib olmuş, Rusiya və Azərbaycan fəxri kürsüdən kənarda qalmışdılar. Deməli, müəyyən dərəcədə Azərbaycan komandasının bəxtinin gətirmədiyini demək olar. Amma güman edək ki, 42-ci Olimpiadada bəxt də, idman xoşbəxtliyi də bizim qrossmeysterlərin tərəfində olacaq, onlar yüz minlərlə pərəstişkarları qarşısında öz vəzifələrinin öhdəsindən şərəflə gələcəklər. İkiqat Avropa çempionu Ümumdünya Şahmat Olimpiadasının medalçısı olmağa da layiqdir.
Qadınların turnirində Olimpiadanın medallarına əsas namizədlər Çin , Rusiya, Ukrayna, Gürcüstan komandaları hesab olunur. Azərbaycanın qadınlardan ibarət birinci komandası da məsul yarışa səylə hazırlaşmışdır. Bu komandanın şərəfini Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höcətova, Gülnar Məmmədova və Nərmin Kazımova qoruyacaqlar. Onlar komandanın kapitanı Fikrət Sideifzadənin rəhbərliyi ilə Olimpiadaya səylə hazırlaşmışlar. Z.Məmmədyarova və rəfiqələri Ş.Məmmədyarov və onun dostlarının komandası kimi yüksək ad-san sahibi olmasa da, bu komanda da özünü ən yaxşı cəhətdən göstərib Ümumdünya Şahmat Olimpiadasını birinci onluqda başa vura bilər.
Azərbaycan təşkilatçı ölkə kimi Olimpiadada hər iki turnirdə üç komanda ilə təmsil olunacaq. İkinci və üçüncü heyətlər belə formalaşdırılıb.
Kişilər, ikinci komanda-Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Ülvi Bacarani. Komandanı yarışa Azərbaycan şahmat məktəbinin yetirməsi, keçmiş bakılı, hazırda İsraildə yaşayan Emil Sutovski hazırlamışdır.
Üçüncü komandanın isə heyəti belədir: Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov, Abdulla Qədimbəyli. Baş məşqçi-Azər Mirzəyev.
Qadınlardan ibarət ikinci komandamız Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfovadan ibarət heyətlə çıxış edəcək. Komandanın baş məşqçisi Sərxan Quliyevdir.
Üçüncü komandaya Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova daxildirlər. Bu heyət Olimpiadada Rəsul İbrahimovun rəhbərliyi altında çıxış edəcək.
Əlbəttə, istər kişilərin, istərsə də qadınların yarışlarında milli komandamızın ehtiyat qüvvəsini sınaqdan çıxarmaq, təcrübə toplamaq üçün yaxşı imkan yaranmışdır və bu imkandan səmərəli istifadə öz bəhrəsini verəcək. Olimpiada sınaqları hər bir gənc şahmatçı üçün yaxşı məktəb olacaq.
Olimpiadada həm kişilərin, həm də qadınların turniri İsveçrə sistemi üzrə keçirilib on bir turdan ibarət olacaq. Hər komandanın heyətinə dörd əsas və bir ehtiyat oyunçu daxildir. Birinci turun görüşləri sentyabrın 2-də keçiriləcək, sonuncu raund isə sentyabrın 13-nə təyin edilmişdir. Sentyabrın 7-də komandalar istirahət edəcəklər.
Ümumdünya Şahmat Olimpiadasının baş hakimi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovdur. O, müxtəlif illərdə dünyanın bir sıra ölkələrində mötəbər yarışlarda, o cümlədən məşhur Linares (İspaniya) turnirində baş hakim vəzifəsini müvəffəqiyyətlə icra etmişdir. İndi isə bu rolda doğma Bakıda çıxış edəcək.
Beləliklə, son bir ildə birinci Avropa Oyunları, "Formula"-1 kimi yarışları böyük müvəffəqiyyətlə keçirən Bakı indi də Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarını və qonaqlarını qəbul edir. Dünyanın 180-ə qədər ölkəsinin kişilərdən və qadınlardan ibarət komandaları, planetin bütün şahmat elitası Azərbaycan paytaxtının qonağıdır. Milli Gimnastika Arenasında Olimpiadanın təntənəli açılış mərasiminə bir neçə saat qalır. Sentyabrın 2-dən isə bütün nəzərlər "hadisə yerinə" -" “Baku Crystal Hall”-a yönələcək.
...Payız 2015-də planetin ən mahir qrossmeysterləri Bakıya təşrif buyurmuşdular. Dünya kuboku turniri 128 rəqibi öz bayrağı altına toplamışdı. Bütün iştirakçıların və qonaqların zəngin təəssüratla ayrıldığı həmin yarışın Karyakinin (Rusiya) qələbəsi ilə başa çatdığını yəqin ki, unutmamısınız. Azərbaycan paytaxtında Dünya kuboku turnirinin əla təşkili haqqında söylənilən xoş sözlər də hələ xatirələrdə təzədir. Bu gün isə Bakı Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edir. FİDE-nin növbəti yüksək etimadı da şərəflə doğruldulacaq.
Oqtay BAYRAMOV,
Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.