Azərbaycanın “Qarabağ” - “Qəbələ” tandemi Avroliqada yoluna inamla davam edir

“Qarabağ”ın ardıcıl üçüncü, “Qəbələ”nin isə ikinci dəfə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsinə vəsiqə qazanmaları həm son illərdə Azərbaycanın dəyişməz çempionu Ağdam komandasının, həm də hazırda onun kimi beynəlxalq meydanda özünü ən yaxşı cəhətdən göstərən Qəbələnin eyniadlı klubunun qitə stadionlarında böyük məqsədlər uğrunda mübarizəyə kifayət qədər mükəmməl hazırlaşdıqlarını inamla təsdiq edir.

“Qarabağ”da, “Qəbələ” də ötənilki kimi,  2016/2017-ci illər mövsümündə də qrup mərhələsində Avropa klublarına qarşı hərəyə altı görüş keçirəcəklər. Bu dəfə təmsilçilərimizin qrupda ilk iki yerdən birini tutub, Avroliqada mümkün qədər uzağa getmək arzularını həyata keçirəcəkləri daha real görünür. Onların buna nə dərəcədə nail olacaqlarını isə yalnız qrup sınaqlarının finişində biləcəyik.

Hər iki klubumuzun beynəlxalq meydanda kəskin rəqabətdə topladığı təcrübə, hazırda nümayiş etdirdiyi əzmkarlıq, möhkəm iradə, başlıcası isə məzmunlu və məhsuldar oyun qrup mərhələsində də görüşləri nikbinliklə gözləməyə ciddi əsas verir.

“Qarabağ” bir həftə əvvəl İsveçdə ilk oyunda “Höteborq”a 0:1 hesabı ilə uduzmuşdu və cavab görüşündə hər şeyi öz xeyrinə həll etmək üçün çox çalışmalı idi.  Qurban Qurbanovun komandasının səfərdə qeydə alınmış həmin məğlubiyyətin əvəzini evdə gurultulu qələbə ilə çıxması bəlkə də çoxları üçün, ilk növbədə isə “Höteborq” üçün gözlənilməz olmuşdur. Artıq birinci hissənin birinci yarısında çempionumuzun kapitanı Rəşad Sadıqovun və Muarem Muaremin vurduqları iki top böyük ölçüdə mübarizənin taleyini həll etmişdi. Fasilədən sonra Dani Kintana hesabı 3:0-a çatdırdıqda isə “Qarabağ”ı bir daha Avroliqanın qrup mərhələsi iştirakçıları sırasında görəcəyimizə elə bir şübhə qalmadı. Hərçənd Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda rusiyalı hakim Vladislav Bezborodovun final işarəsinə hələ təxminən qırx dəqiqə qalırdı.

Ağdam klubunun avrokuboklarda ən inamlı qələbələrindən birini onun qrup sınaqlarında da ilk iki yerdən biri uğrunda mübarizəyə yüksək iddialarla başlayacağına ciddi işarə kimi də qəbul etmək olar.

“Qəbələ” isə, əslində, qrup mərhələsi məsələsini hələ birinci oyunda həll etmişdi. “Dalğa Arena”da Sloveniyanın Maribor şəhərinin eyniadlı klubu ilə görüşdə 3:1 hesabı böyük üstünlük idi. İndi məlum olduğu kimi, həmin üstünlük Mariborda keçirilmiş cavab görüşündən sonra iki oyunun ümümi yekununda Roman Qriqorçukun yetirmələrinin müvəffəqiyyətini təmin etdi.

Macarıstanlı hakim Viktor Koşşoinin görüşün başa çatmasına təxminən iyirmi dəqiqə qalmış “Qəbələ”nin oyunçusu Teo Uiksə qırmızı vərəqə göstərməsi də “Maribor”a kömək etmədi. Azərbaycan futbolçuları meydanda azlıqda qalmalarına baxmayaraq, oyunun sonunadək soyuqqanlılıqla, fədakarlıqla mübarizə aparıb, Sloveniya klubunun bütün hücumlarının qarşısını ala bildilər. İkinci hissənin ortalarında Markos Tavaresin vurduğu qolla 1:0 hesabı ilə qələbə qazanan “Maribor” bu müvəffəqiyyətə baxmayaraq, turnirdə çıxışlarını dayandırdı. Qrup mərhələsində mübarizəni  “Qəbələ” futbolçuları davam etdirəcəklər.

Azərbaycanın “Qarabağ”- “Qəbələ” tandemi UEFA Avropa Liqası yarışlarında yoluna inamla davam edir.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında