Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə: Olimpiadada qazanılmış 18 medal bütün komandamızın uğurudur

Dünən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə MOK-un inzibati binasında Rio-2016 Yay Olimpiya Oyunlarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirdi.

Ç. Hüseynzadə Olimpiya Oyunlarının böyük bir tədbir, bayram kimi əhəmiyyətini, ölkəmizdə Olimpiya hərəkatının sürətli inkişafını xüsusi qeyd edərək bildirdi ki, Azərbaycan idmançıları Rio-de-Janeyroda çox yüksək nailiyyət qazanmışlar. Əgər 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilmiş Olimpiya Oyunlarında sərbəst üsulla güləşən Namiq Abdullayevin qazandığı və çoxlarını təəccübləndirən gümüş medal bizim yeganə mükafatımız olmuşdusa, indi Rio-2016-da əldə olunmuş 18 medal rekord göstəricidir. Bu Oyunlar sübut etdi ki, həqiqətən, biz birlikdə güclüyük. Medallar bütün komandamızın uğurudur.

Bizim üçün çox qürurverici bir haldır ki, indi hər yerdə etiraf olunduğu kimi, iştirakçıların sayına nisbətdə qazanılmış medallar baxımından ən yüksək göstəricini məhz Azərbaycan göstərmişdir, orta hesabla hər üç idmançımız bir medala sahib olmuşdur.

Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti idmanda bəxt məsələsinin də böyük rol oynadığını, finala çıxan bəzi idmançılarımızın, xüsusən də güləşçi Mariya Stadnikin, avarçəkən Valentin Demyanenkonun qızıl medalları yalnız son saniyələrdə əldən vermələrini onların bəxtlərinin gətirməməsi ilə əlaqələndirdi.

Çingiz Hüseynzadə Azərbaycan idmançılarının 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək növbəti Olimpiya Oyunlarına da səylə hazırlaşacaqlarını, orada da medallar uğrunda fəal mübarizə aparacaqlarını diqqətə çatdırdı. Həmçinin qeyd etdi ki, Tokio startlarına hazırlıq zamanı idmanın çoxlu medal qazandıran yüngül atletika və üzgüçülük kimi növlərinin daha geniş inkişafına xüsusi diqqət yetiriləcək.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında