Budur, qəhrəman Azərbaycan olimpiyaçıları Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub uzaq Braziliyadan Vətənə qayıtmışlar və artıq gec saatlar olsa da, Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu ilə, gül-çiçəklə, alqışlarla qarşılanmışlar.
Olimpiyaçılarımız burada valideynləri, yaxınları, ayrı-ayrı federasiyaların, idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb, həmkarlarımıza verdikləri qısa müsahibələrdə etimadı doğrultmalarından, Azərbaycana qələbə ilə qayıtmalarından böyük qürur duyduqlarını bildirmişlər. Onlar ölkəmizə rekord sayda-18 medal gətirmişlər və bu tarixi nailiyyətin qazanılmasında, mahir ustalar kimi yetişmələrində, Olimpiya zirvələri fəth etmələrində dövlətin, şəxsən ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi daimi qayğı və diqqətin çox böyük əhəmiyyətini qeyd etmişlər.
Olimpiyaçılarımızın qarşılanması mərasimində respublika gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Ağacan Abiyev, sərbəst güləş üzrə yığmamızın böyük məşqçisi Firdovsi Umudov, taekvondoçu çempion Radik İsayev, sərbəst güləş üzrə Olimpiadanın gümüş mükafatçısı Toğrul Əsgərov, daha bir gümüş medalçı avarçəkən Anatoli Demyanenko, güləş üzrə Olimpiya dərəcəli hakim Hicran Şərifov və başqaları Azərbaycan olimpiyaçılarının Rio-2016-da çıxışlarını yüksək qiymətləndirmişlər.
Sonra olimpiyaçılar hava limanından birbaşa Bakının mərkəzinə, Heydər Əliyev Sarayınin qarşısındakı parka gəlmiş, burada ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini dərin minnətdarlıq hissi ilə yad etmişlər.
Azərbaycanın istisnasız olaraq bütün idmançıları beynəlxalq meydanda ən böyük yarışlarda --Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, “Qran-Pri “-lərdə, “ Böyük dəbilqə “ turnirlərində və digər mötəbər startlarda qazandıqları qələbə və medallara görə ilk növbədə ümummilli liderə minnətdar olduqlarını yaxşı bilirlər. Çünki aləmi heyrətə gətirən, Azərbaycanı və Azərbaycanın dostlarını ürəkdən sevindirən, bədxahlarımızı isə susmağa məcbur edən bütün uğurlarımızın təməli məhz xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.Təsadüfi deyil ki, idmançılarımız, idman ictimaiyyətinin nümayəndələri, bir sözlə, bütün idman adamları ölkəmizdə insan həyatının bu mühüm sahəsinin inkişafında əldə olunan hər bir uğura, qazandıqları qələbə və medallara görə ilk növbədə Heydər Əliyevə minnətdar olduqlarını bildirirlər.
Ulu öndər istəyirdi ki, bütün dünya Azərbaycanın nəyə qadir olduğunu bilsin. Həmvətənləri də bu arzunu böyük müvəffəqiyyətlə həyata keçirirlər. Bu gün Azərbaycan bütün dünyada yekdilliklə etiraf olunduğu kimi, sürətlə inkişaf edən əsl idman ölkəsidir. Bu gün Azərbaycan idmanı, Azərbaycanda Olimpiya hərəkatı beynəlxalq idman dairələrinin ən yüksək tribunalarından dünyaya nümunə göstərilir.
Başqa cür ola da bilməz. Uzun illər ərzində respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövründə olduğu kimi, bu gün də Azərbaycanda idmanın inkişafı daimi dövlət qayğısı ilə əhatə olunmuş və onun sükanı etibarlı əllərdədir. Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev də ulu öndər Heydər Əliyev kimi idmanın, idman ictimaiyyətimizin ən yaxın dostudur. Prezidentin daimi qayğısı və hərtərəfli köməyi sayəsində bir-birindən yaraşıqlı Olimpiya idman komplekslərində idmançıların məşq və yarışlarda iştirakı üçün hər cür şərait yaradılmış, bütün idman təşkilatlarımız vahid bir komanda şəklində səmərəli fəaliyyət göstərir.
Rio-de-Janeyroda yenicə finişə çatmış XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmanı nümayəndələrinin tarixi nailiyyəti də dövlətimizin idmana böyük qayğısının bəhrəsidir. Olimpiada-2016-da 18 medal- 1 qızıl, 7 gümüş və 10 bürünc mükafat qazanaraq on səkkiz dəfə Azərbaycanın milli bayrağını yüksəklərə ucaldan olimpiyaçılarımız tarixi bir nailiyyət əldə etmişlər. Onlar- taekvondoçu çempion Radik İsayev, gümüş medalların sahibləri güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, Mariya Stadnik, cüdoçular Rüstəm Orucov, Elmar Qasımov, boksçu Lorenso Sotomayor, avarçəkmə ustası Valentin Demyanenko, bürünc mükafatçılar taekvondoçular Milad Beiqi Harçeqani, Patimat Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, avarçəkən İnna Osipenko- Radomskaya Azərbaycan yığma komandasının XXXI Olimpadada 18 medal qazanıb, onların sayına görə 207 ölkə arasında 15-ci, keyfiyyətinə görə isə 39-cu yeri tutmasını təmin etmişlər.
Rio-de-Janeyronun idman meydanlarında qazanılmış 18 medaldan yarısı, doqquzu güləşçilərin payına düşmüşdür. Bu isə Azərbaycanın güləş ustalarının Olimpiya Oyunlarında yeni nailiyyətidir. Güləş qədim vaxtlardan Azərbaycanda ən sevimli, ən populyar idman növlərindən biri olmuşdur və bu gün də idmanın bu növü öz ənənələrinə sadiqdir. Güləşçilərimiz ildən- ilə yeni-yeni zirvələr fəth edirlər.
Taekvondoçular da Olimpiadada parlaq qələbələri ilə sübut etdilər ki, bizim yerlərdə idmanın bu növündə də mahir ustalar yetişə bilər. Olimpiya Oyunlarının cüdo yarışlarında əvvəllər qızıl və bürünc medallar qazansaq da, heç vaxt bu növdə gümüş mükafatçımız olmamışdı. İndi isə Rio tatamisi üzərində iki cüdoçumuz yalnız final görüşündə uduzub fəxri kürsünün ikinci pilləsinə yüksəlmişdir. Boksçularımız və avarçəkənlərimiz də uğurlara nail olmuşlar.
Tezliklə, yaxınlaşmaqda olan oktyabr ayında ölkəmiz Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək, bu əlamətdar hadisə respublikamızın bütün güşələrində böyük bayrama çevriləcək. Bu illər ərzində Azərbaycanın həyatın bütün sahələrində keçdiyi şanlı yol, qazandığı bir-birindən böyük nailiyyətlər və yüksək beynəlxalq nüfuz ölkəmizi dünyaya ən qüdrətli dövlətlərdən biri kimi tanıtmışdır. Bu gün Azərbaycan inamlı addımlarla irəliləyir, birinci Avropa Oyunları, Formula-1 yürüşü, Ümumdünya Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları kimi ən böyük yarışların təşkilatçısı olmaq hüququ qazanır.
Dövlət müstəqilliyimizin 25-ci ildönümü bizim üçün ona görə ikiqat fərəhli, ikiqat əlamətdardır ki, bu bayrama iki ay qalmış Braziliyanın Bakı ilə qardaşlaşmış Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları qazandıqları bir qucaq medalla ölkəmizin idman, Olimpiya hərəkatı tarixinə qızıl hərflərlə növbəti parlaq səhifə yazmışlar.
İndi, Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində ölkəmizin müstəqil komanda şəklində iştirak etdiyi son altı Olimpiya Oyunlarında böyük əzmkarlıq göstərərək, qələbə və medalları ilə özlərini də, vətənlərini də şöhrətin zirvəsinə yüksəltmiş Olimpiya qəhrəmanlarımızı dərin minnətdarlıq hissi ilə xatırlamaq, zənnimizcə, yerinə düşər.
Hər şey Atlanta-1996-dan başladı. Onda müstəqil Azərbaycan Respublikası idmançılarının Olimpiya Oyunlarında medallarının hesabını sərbəst güləş ustası, Azərbaycan idmanının yetirdiyi ən görkəmli şəxsiyyətlərdən biri Namiq Abdullayev açdı. Həmin Olimpiadada yalnız final görüşündə uduzan Abdullayevin gümüş medalı çox yüksək nailiyyət idi.
Amma bu, N. Abdullayevin Olimpiya uğurlarının yalnız başlanğıcı idi. Dörd ildən sonra o, Avstraliyanın Sidney şəhərində daha böyük nailiyyət qazandı. Finalda da qalib gəlib Azərbaycanın müstəqil komanda kimi təmsil olunduğu ikinci Olimpiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxdı, tarixi qələbəsi şərəfinə Avstraliyada Azərbaycanın dövlət himni səsləndirildi, milli bayrağımız ən yüksəyə ucaldıldı.
Stend atıcısı Zemfira Meftahətdinova da Sidneydən Bakıya qəhrəman kimi qayıtdı. O da qızıl medal uğrunda mübarizədə əsl peşəkarlıq, yüksək ustalıq nümayiş etdirib Olimpiya Oyunlarının çempionu oldu. Bir olimpiadada iki qızıl medal nəyə desən dəyərdi. Onlarla, yüzlərlə ölkə idmançılarının bacarmadıqları bir işi olimpiadalarda yenicə müstəqil addımlar atan bir ölkənin təmsilçiləri böyük məharətlə yerinə yetirmişdilər.
Həmin olimpiadada daha bir mükafat isə boksçu Vüqar Ələkbərovun payına düşdü. Həmvətənimiz Sidney rinqindən bürünc mükafatla ayrılıb Azərbaycanın dəri əlcək ustalarının Olimpiya medallarının hesabını açdı.
Afina-2004. Bu dəfə daha çox 5 medalın- bir qızıl və dörd bürünc mükafatın sevincini yaşadıq. İndi Azərbaycanın yunan- Roma güləşində də Olimpiya çempionu var idi. Fərid Mansurov zirvəni inamla, qətiyyətlə fəth etmiş, bütün görüşlərdə rəqiblərini məğlubiyyətlə barışmağa məcbur etmiş və güləşin bu növündə müstəqil Azərbaycana ilk Olimpiya medalı, üstəlik də, qızıl mükafat qazandırmışdı.
Müasir Olimpiya Oyunlarının vətəni Yunanıstanda keçirilən Olimpiya Oyunlarında həmvətənlərimizə F. Mansurovun qızıl medalı ilə yanaşı, dörd bürünc mükafat da təqdim olundu. Onları Azərbaycana Sidney Olimpiya Oyunlarının çempionu Z. Meftahətdinova, güllə atıcısı İradə Aşumova, boksçular Ağası Məmmədov və Fuad Aslanov gətirdilər.
Dörd ildən sonra, 2008-ci ildə Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında fəxri kürsüyə Azərbaycanın yeddi təmsilçisi dəvət olundu. Çin Xalq Respublikasının paytaxtında ölkəmiz üçün mükafatları tatami ustası, bütün rəqiblərini bir göz qırpımında məğlubiyyətə uğradan Elnur Məmmədli, gümüş medalların sahibləri yunan-Roma güləşçiləri Rövşən Bayramov və Vitali Rəhimov, bürünc mükafatçılar, güləşçilər Mariya Stadnik, Xetaq Qazyumov, boksçu Şahin İmranov və cüdoçu Mövlud Mirəliyev qazandılar.
London-2012-də Azərbaycanın Olimpiya çempionları və mükafatçılarının sıraları bir qədər də genişləndi. Sərbəst güləşənlər Toğrul Əsgərov və Şərif Şərifov Olimpiadanın çempionları oldular, güləşçilər Rövşən Bayramov və Mariya Stadnik gümüş, digər güləşçilər Xetaq Qazyumov, Emin Əhmədov, Yuliya Ratkeviç, rinq ustaları Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov və ağırlıqqaldıran Valentin Xristov bürünc medallara sahib oldular.
Olimpiada-2016-nın qəhrəmanlarını isə bu qeydlərimizin əvvəlində xatırlatdıq. Dünyanın ən böyük yarışı hesab edilən Yay Olimpiya Oyunlarında artıq 44 medalımız vardır. Əgər onlardan 26-sı ilk beş Olimpiadada qazanılmışdısa, 18-nə Rioda nail olunmuşdur. Bu mükafatlar və onların sahibləri idmanımızın, bütün Azərbaycanın böyük sərvətidir!
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.