Xətai rayonunda gələcəyin olimpiyaçıları yetişir

Gənc nəslin sağlam böyüməsi və fiziki hazırlığı Azərbaycan dövlətinin sosial siyasətinin əsas prioritetlərindən biri olduğu üçün regionlarda, rayonlarda bu siyasətin həyata keçməsinə xüsusi diqqətlə yanaşırlar. Xətai rayonunda isə bu sahəyə xüsusi yanaşma var. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun hələ bir neçə il əvvəl imzaladığı sərəncama uyğun olaraq, rayonun orta ümumtəhsil məktəblərinin şağirdləri arasında bədən tərbiyəsi və idmanı daha geniş təbliğ etmək, məktəblilərin fiziki inkişafını və sağlamlığını qorumaq, istedadlı yeniyetmə və gəncləri aşkar etmək məqsədilə hər il spartakiada yarışları keçirilir. Bu yarışlarda qalib gələn rayon məktəbliləri şəhər və respublika yarışlarına göndərilir.

Belə idman yarışlarından biri də Rio-2016 Olimpiya Oyunlarının keçirildiyi günlərdə Xətai rayonunun 15 saylı uşaq gənclər və idman məktəbində baş tutmuşdur. Yarış məktəblilər arasında üzgüçülüyün dörd növündə  keçirilmişdir. Xətai Rayon İcra Hakimiyyətinin və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə gerçəkləşən yarışda müxtəlif məktəblərdən 72 yeniyetmə üzgüçü iştirak etmişdir.

Qaliblərin mükafatlandırılması mərasimində iştirak edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva  yarış iştirakçıları qarşısında çıxış edərək bildirmişdir ki, respublika Prezidenti cənab İlham Əliyevin ölkədə idmanın inkişafına olan diqqət və qayğısı təkcə bir faktla təsdiqlənir ki, dövlət başçısı özü respublika Olimpiya Komitəsinin prezidentidir. Prezidentin ölkədə idmanın inkişafına diqqət və qayğısı ondan irəli gəlir ki, dövlət başçısı millətimizin, xalqımızın gələcəyi olan uşaqların fiziki cəhətdən sağlam böyüməsini istəyir. Atalar nahaq demirlər: "sağlam bədəndə sağlam ruh olar".

Natiq Rio Olimpiya Oyunlarında ölkəmizin tarixində ilk dəfə rekord sayda – 18 müxtəlif əyarlı medalın qazanılmasının da dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində mümkün olduğunu söyləyərək əlavə etdi ki, mən əminəm, bu gün bu məktəbin üzgüçülük hovuzunda ilk uğuruna imza atanlar bir neçə ildən sonra ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcək, dövlətimizin bayrağını yüksəklərə qaldıracaq və adlarını idman tarixinə yazdıracaqlar. Unutmayın ki, siz idmançı uşaqlar bizim olimpiyaçılarımızın davamçılarısınız. 

J.Abdıyeva Xətai rayon məktəblilərinin, xüsusilə 15 saylı uşaq-gənclər idman məktəbinin qazandığı uğurlardan da söz açaraq qeyd etdi ki, məktəbin yetirmələri ötən ilin dekabrında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Yaz Kuboku beynəlxalq turnirində qızlar arasında voleybol üzrə yarışda ikinci yerə, bu ilin may ayında isə qonşu ölkənin Soçi şəhərində MDB dövlətlərinin Gənc Həmyerlilərin II Spartakiadasında qızlar arasında keçirilən voleybol üzrə  yarışda üçüncü yerə layiq görülmüşlər.

Natiq, həmçinin qeyd etdi ki, 2016-cı ilin səkkiz ayında Xətai rayonunda müxtəlif idman növlərində 23 idman tədbiri keçirilmiş və bu yarışlarda 4619 məktəbli və yeniyetmə iştirak etmişdir.

Çıxışının ­sonunda  J.Abdıyeva icra hakimiy­yətinin başçısı Razim Məmmədovun adından bugünkü üzgüçülük yarışının qaliblərini və onların valideynlərini təbrik edərək, gələcəkdə onlara daha böyük uğurlara imza atmağı arzuladı. Qeyd etdi ki, indi rayonda hər məhəllədə uşaqlar üçün yeni idman qurğuları, meydançalar salınır ki, onlar idmanla daha müntəzəm məşğul ola bilsinlər, gümrah və sağlam böyüsünlər.

Sonra üzgüçülük yarışının hər dörd növü üzrə qaliblər mükafatlandırıldılar. Onlara tutduqları yerlərə uyğun medallar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edildi.

İlqar RÜSTƏMOV,
"Xalq qəzeti"

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında