Azərbaycan Olimpiada-2016-da tarixi nailiyyəti ilə əsl idman ölkəsi olduğunu bir daha təsdiq etdi

Qazanılmış rekord sayda medal dövlətimizin idmana daimi qayğısının növbəti parlaq təzahürüdür

Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimində söylədiyi nitqdə qətiyyətlə demişdi:

" Bu Oyunlarda Azərbaycan Olimpiya komandası böyük heyətlə – 56 idmançı ilə iştirak edəcək. Lisenziyaların sayı isə 57-dir. Bu, keçən Yay Olimpiya Oyunlarından çoxdur. Biz London Yay Olimpiya Oyunlarında 53 idmançı ilə iştirak etmişik və bildiyiniz kimi, böyük qələbə-10 medal qazanmışıq, onlardan 2-si qızıl medaldır. Bu dəfə isə daha böyük heyətlə iştirak edəcəyik və əlbəttə ki, yaxşı nəticələr gözləyirik. Bunu deməyə əsas var, çünki idmançılarımız son dörd il ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında bizi sevindiriblər, ölkəmizin şöhrətini ucaldıblar və müxtəlif yarışlardan Vətənə böyük qələbələrlə qayıdıblar. Əminəm ki, Rio-de-Janeyroda da idmançılarımız vətənpərvərlik, peşəkarlıq, əzmkarlıq göstərərək ölkəmizi ləyaqətlə təmsil edəcəklər."

Belə də oldu. Azərbaycan olimpiyaçıları Rio-de-Janeyronun idman meydanlarında yaxşı hazırlıq səviyyəsi, fədakarlıq və əsl qələbə əzmi nümayiş etdirərək Vətəni 18 medal-1 qızıl, 7 gümüş və 10 bürünc mükafatla sevindirdilər, medalların keyfiyyətinə görə 206 ölkə arasında 39-cu, sayına görə isə 15-ci oldular. Bizim üçün çox qürurverici nəticədir ki, Azərbaycan olimpiyaçılarının komandası medalların sayına görə siyahıda 15-ci mövqedədir. Onlarla qüdrətli dövlət cədvəldə yığmamızdan sonrakı yerlərdə qalmışdır.

Təkcə bir ölkə ilə müqayisə aparaq. Hələ 1968-ci ildə XIX Yay Olimpiya Oyunlarının, 1970 və 1986-cı illərdə isə futbol üzrə dünya çempionatlarının təşkilatçısı olmuş Meksika kimi bir dövlət cəmi 3 gümüş və 2 bürünc medalla 61-ci yerlə kifayətlənmişdir.

Bəs medalların sayına görə ilk 15 yeri tutmuş ölkələr hansılardır? Siyahıya ABŞ başçılıq edir. Bu ölkənin idmançıları 121 medal qazanmışlar. Sonrakı yerlər isə bu ardıcıllıqla bölüşdürülür: Çin (70), Böyük Britaniya (67), Rusiya (56), Almaniya (42), Fransa (42), Yaponiya (41), Avstraliya (29), İtaliya (28), Kanada (22), Koreya Respublikası (21) , Hollandiya (19), Braziliya (19), Yeni Zelandiya (18), Azərbaycan (18). On dördüncü pillədə olan Yeni Zelandiya komandası daha çox qızıl medal qazandığına görə siyahıda ölkəmizdən irəlidədir.

Medalların sayına görə  XXXI Yay Olimpiya Oyunlarında dünyada 15-ci yeri tutmuş Azərbaycan komandası həmin göstərici üzrə Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında isə 2-ci olmuşdur.

Olimpiyaçılarımız 18 medalı idmanın beş növü üzrə yarışlarda- taekvondo, cüdo, güləş, boks və avarçəkmə turnirlərində qazanmışlar.

Onu da qeyd edək ki, Olimpiadada 56 idmançı ilə təmsil olunan Azərbaycanın qazandığı 18 mükafat orta hesabla hər üç nəfərə təxminən bir medal deməkdir.

Rio-2016 startlarından sonra Azərbaycan idmançıları arasında Olimpiya Oyunlarının ikiqat, üçqat mükafatçılarının sıraları bir qədər də genişlənmişdir. İndi güləşçilərdən Mariya Stadnik olimpiadaların iki gümüş və bir bürünc medalının sahibidir, Toğrul Əsgərov Londonda qazandığı çempion medalına Braziliyada gümüş mükafat da əlavə etmiş, İngiltərə paytaxtında Toğrul kimi fəxri kürsünün ən yüksək pilləsində təbrikləri qəbul etmiş digər sərbəst güləşənimiz Şərif Şərifov Rio-de-Janeyroda bir bürünc medal qazanmağı da bacarmışdır, daha bir güləşçi  Xetaq Qazyumov Pekin-2008 və London-2012-də qazandığı bürünc medallardan sonra Rio Olimpiadasının finalında güləşmiş və bu dəfə gümüş mükafatçı olmuşdur.

Azərbaycan idmanı nümayəndələrinin XXXI Olimpiadanın taekvondo turnirində böyük müvəffəqiyyəti bütün dünyanın diqqətini cəlb etmişdir. Əvvəllər heç vaxt olimpiadalarda bu növdə fəxri kürsüyə yüksələ bilməyən dayanq ustalarımız bu dəfə ötən Olimpiya Oyunlarındakı uğursuzluqlarının əvəzini  artıqlaması ilə çıxaraq dörd nəfərə üç medal qazanmışlar. Radik İsayevin qızıl, Milad Beiqi Harçeqani və Patimat Abakarovanın bürünc medalları idman tariximizə qızıl hərflərlə yazılmışdır. Fəridə Əzizovanın tutduğu beşinci yer də pis nəticə deyil.

Boksçularımız da bütün əvvəlki Olimpiya Oyunları ilə müqayisədə bu dəfə daha yaxşı çıxış etmişlər. Əgər indiyə qədər dəri əlcək ustalarımızın olimpiadalarda ən böyük uğurları bürünc medallar olmuşdusa, təmsilçilərimiz Rio-2016  döyüşlərində gümüş mükafat sevinci də yaşamışlar. Kamran Şahsuvarlının  bürünc medalına Olimpiadanın finişində yalnız final görüşündə uduzan Lorenso Sotomayorun  gümüş mükafatı da əlavə olundu və Azərbaycan boksçuları Olimpiya Oyunlarında çıxışlarının bütün tarixi ərzində ən böyük uğurlarını qazandılar- 1 gümüş, 1 bürünc medal.

Ölkəmizin avarçəkənlərinin Olimpiada 2016-da ikiqat müvəffəqiyyəti idmanın bu növünün də inkişafının daimi diqqət mərkəzində olduğunu, təcrübəli məşqçilərin rəhbərliyi altında gərgin və məqsədyönlü iş aparıldığını sübut edir. Valentin Demyanenkonun gümüş, İnna Osipenko-Radomskayanın bürünc medalları çox şeyə sübutdur. Bu uğurlar gələcəkdə Azərbaycan avarçəkmə ustalarının növbəti mötəbər yarışlarda-Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında da qaliblər sırasında olacaqlarına möhkəm inam yaradır.

Dövlətimizin və idmanımızın lideri cənab İlham Əliyevin yuxarıda xatırlatdığımız yolasalma mərasimindəki nitqində dediyi " Əminəm ki, Rio-de-Janeyroda da idmançılarımız vətənpərvərlik, peşəkarlıq, əzmkarlıq göstərərək ölkəmizi ləyaqətlə təmsil edəcəklər" fikri özünü tam doğrultmuşdur. Azərbaycan idmançıları Rio-de-Janeyronun idman meydanlarında çətin sınaqlardan şərəflə çıxmış, Azərbaycanı və bütün azərbaycansevərləri 18 medalla sevindirmişlər. Bununla da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ərəfəsində Olimpiya qənimətlərimizin sayı 44-ə çatmışdır. 1996-cı ildə ABŞ-ın ­Atlanta şəhərində keçirilmiş Olimpiya Oyunlarında 1 gümüş medal qazanan Azərbaycan idmançıları həmin Olimpiadadan ötən iyirmi il ərzində daha 43 mükafat qazanmışlar və indi olimpiyaçılarımızın hesabında 44 medal vardır.

Beləliklə, Rio-de-Janeyro-2016 Olimpiadası başa çatmışdır. Azərbaycan idmançılarını dörd  ildən sonra Yaponiyanın paytaxtı Tokioda XXXII Yay Olimpiya Oyunları gözləyir. Əlbəttə ki, təmsilçilərimiz əfsanəvi Pelenin vətəni Braziliyadakı kimi, Gündoğar ölkədə də  yüksək nəticələr uğrunda mübarizə ­aparıb növbəti Olimpiya medallarının sevincini yaşamaq üçün elə indidən hazırlığa start verəcəklər.

Olimpiadalara lisenziya qazanan idmançılarımızın sıraları getdikcə genişlənir, təmsil olunduğumuz idman növlərinin sayı artır ( bu dəfə triatlon, kamandan oxatma, velosiped idmanı və kanoe-slalom bizim üçün yeni növlər idi),  medalçılarımızın sayı çoxalır. Azərbaycanda idman, Olimpiya hərəkatı sürətlə inkişaf edir.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında