Rio-de-Janeyro Olimpiadasında Azərbaycan rekordu – 18 medal!

Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları başa çatmış və dünyanın ən yaxşı idmançıları dörd ildən sonra Yaponiyanın paytaxtı Tokioda yenidən görüşmək ümidi ilə bir-birilə vidalaşmışlar. Azərbaycan olimpiyaçılarının çıxışlarından razı qala bilərik. Həmvətənlərimiz Rionun idman meydanlarında kəskin rəqabətdə 18 medal-1 qızıl, 7 gümüş, 10 bürünc mükafat qazanmış və komanda hesabında 39-cu yeri tutmuşlar. London-2012-də isə Azərbaycan komandası üzvlərinə 10 medal-2 qızıl, 2 gümüş və 6 bürünc mükafat təqdim olunmuşdu.

Rio-2016-nın iştirakçıları idmanın 28 növündə 306 dəst medal uğrunda mübarizə aparmışlar. Olimpiadanın ən yaxşı beş komandası ABŞ ( 46 qızıl, 37 gümüş, 38 bürünc medal ), Böyük Britaniya (27+23+17), Çin (26+ 28+26), Rusiya ( 19+18+19) və Almaniya (17+10+15 ) olmuşlar. Oyunların sahibləri braziliyalılar 7 qızıl, 6 gümüş, 6 bürünc mükafatla finişə 13-cü çatmışlar. Türkiyə komandası (1 qızıl, 3 gümüş, 4 bürünc) 41-ci yeri tutmuşdur.

Ölkəmizə medal qazandırmış, böyük qələbələri şərəfinə Rio-de-Janeyronun idman meydanlarında milli bayrağımızı yüksəklərə ucaltmış Azərbaycan olimpiyaçılarını bir daha xatırlayaq: taekvondoçu çempion Radik İsayev, gümüş medalçılar, cüdoçular Rüstəm Orucov, Elmar Qasımov, güləşçilər Mariya Stadnik, Toğrul Əsgərov, Xetaq Qazyumov, avarçəkən Anatoli Demyanenko, boksçu Lorenso Sotomayor, bürünc mükafatçılar, avarçəkən İnna Osipenko-Radomskaya, Rəsul Çunayev, Sabah Şəriəti   (yunan-Roma güləşi), güləşçi Natalya Sinişin , taekvondoçular Patimat Abakarova, Milad Beiqi Harçeqani, boksçu Kamran Şahsuvarlı, sərbəst güləşənlər Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov.

Azərbaycan komandası iki ən yüksək əyarlı mükafat qazandığı London-2012-dən fərqli olaraq, Rio-2016-da bir qızıl medalla kifayətlənsə də, əvəzində medalların ümumi sayına görə özü üçün olimpiadaların rekordunu müəyyən etmişdir.

Azərbaycanın mükafatçı olimpiyaçılarının siyahısından da göründüyü kimi, yığma komandamıza medalları taekvondoçular, cüdoçular, güləşçilər, avarçəkənlər, boksçular təmin etmişlər. Onların arasında baş rolu isə dayanq ustası Radik İsayev oynamışdır.

Olimpiya çempionunun komanda yoldaşları da onlara bəslənilən ümidi tam doğrultdular. Abakarova  və Harçeqani fəxri kürsünün bürünc pilləsində təbrikləri qəbul etdilər, Fəridə Əzizova isə medalın bir addımlığında dayanıb, beşinci yeri tutdu. Dörd taekvondoçumuzun bir qızıl və 2 bürünc mükafatı böyük nailiyyətdir.

Bir daha taekvondo yarışlarına qayıdıb Radikin görüşlərini xatırlasaq, o, qazaxıstanlı Ruslan Japarova, Koreya Respublikası nümayəndəsi Donq-Min Çaya, yarımfinalda Böyük Britaniya idmançısı Mahama Çoya inamla qalib gəldi, finalda isə Niger təmsilçisi Abdulrazak İssufunu isə 6:2 hesabı ilə məğlubiyyətə uğradıb, XXXI Yay Olimpiya Oyunlarının finişinə bir gün qalmış Olimpiadanın çempionu olmaqla bütün Azərbaycana böyük sevinc bəxş etdi.

Yeddinci qızıl medalımız

Radik İsayevin Rio-de-Janeyroda qazandığı ən yüksək əyarlı mükafat Azərbaycan idmançılarının Atlanta-1996-dan bəri Olimpiya oyunlarından vətənimizə gətirdikləri yeddinci qızıl medaldır.

Əvvəllər stend atıcısı Zemfira Meftahətdinova, sərbəst üsulla güləşən Namiq Abdullayev, yunan-Roma güləşi ustası Fərid Mansurov, cüdoçu Elnur Məmmədli, yenə "sərbəstlər"  Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya Oyunlarının çempionları olmuşlar.

Rio startlarından sonra Azərbaycan olimpiaçılarının medallarının ümumi sayının 44-ə çatdığını da qeyd edək. Atlanta-1996-dan (ABŞ)  Rio-2016-dək 26 medal qazanan idmançılarımız Braziliyada həmin medallara birdən-birə 18 mükafat əlavə etmişlər.

Finallarda uğursuzluq

Olimpiadanın finişində taekvondoçu çempion İsayevin güləşçi dostları sərbəst güləşənlər Toğrul Əsgərovla Xetaq Qazyumovun da işləri yaxşı gedirdi. Mübarizəyə səkkizdəbir finaldan başlayan Toğrul Andrey Kvyatkovski (Ukrayna), Frank Bolinaro (ABŞ), Frank Çamizo (İtaliya) üzərində qələbələrdən, onaltıda bir finaldan starta çıxan Xetaq isə polyak Radoslav Baran, iranlı Rza Yazdani, özbək Məhəmməd İbrahimov, ukraynalı Valeri Andriytsev ilə görüşlərdə müvəfəqiyyətdən sonra təəssüf ki, finalda bu uğurları davam etdirə bilmədilər. Əsgərov həlledici görüşdə Soslan Ramonova (Rusiya), Qazyumov isə Kars Snayderə (ABŞ) uduzub, gümüş medalla kifayətlənməli oldular.

Rio-2016-nın sonuncu günü daha bir idmançımız boksçu Lorenso Sotomayor (64 kq)  final döyüşünə çıxdı və gərgin mübarizədə qələbəni onun özbəkistanlı rəqibi Fazliddin Qaibnazarov qazandı.

Çoxnövçülüyün finalında

Azərbaycanda bədii gimnastikanın lideri Marina Durunda ilk dəfə iştirakçısı olduğu Olimpiya Oyunlarında çoxnövçülük üzrə final yarışlarında doqquzuncu nəticə göstərmişdir.

Final yarışlarında hakimlər gimnastımızın həlqələrdə çıxışını 16,950, topla hərəkətlərdə 17,541, gürzlərlə təmrinlərdə 17,716 və lentlə hərəkətlərdə 17,541 xalla qiymətləndirmişlər. Bu hərəkətlərin yekununda Marina Durunda 69,748 xal toplamış və doqquzuncu yeri tutaraq, birinci onluğa daxil olmuşdur.

Bədii gimnastların çoxnövçülük yarışlarında çempion adını isə rusiyalı Marqarita Mamun qazanmışdır. İkinci-üçüncü yerləri müvafiq surətdə onun həmvətəni Yana Kudryavtseva və ukraynalı Anna Rizzatdinova tutmuşlar.

Braziliyanın yerə-göyə sığmayan sevinci

Braziliya futbolçuları tarixdə ilk dəfə Olimpiya Oyunlarının çempionu adını qazanmışlar. Qızıl medalların taleyinin həll olunduğu final görüşündə Pelenin həmvətənləri Almaniya komandasına qalib gəlmişlər. Əsas və əlavə vaxtlardan sonra hesab heç-heçə olmuş (1: 1) və penaltilər seriyasında braziliyalılar  zərbələri daha dəqiq yerinə yetirmişlər.

Bu oyundan sonra "Marakana" stadionunda baş verənləri həyəcansız izləmək mümkün deyildi. Qaliblər də ağlayırdılar, məğlublar da. Ancaq qaliblərin göz yaşları sevinc göz yaşları idi. Hətta deyərdik ki, təkcə "Marakana"ya yox, yerə-göyə sığmayan sevinc. Braziliya tarixdə ilk dəfə futbolda  Olimpiya Oyunlarının çempionu olmuşdur.

Qadın həndbolunda Rusiya

Olimpiada proqramında ən maraqlı idman növlərindən biri olan həndbolçu qadınların yarışında zirvəyə Rusiya yığması yüksəlmişdir. Çempion finalda Fransa komandasına 22:9 hesabı ilə qalib gəlmişdir.

Bürünc medallar Norveç həndbolçularına təqdim olunmuşdur.

Voleybolda isə Çin

Qadınlardan ibarət voleybol komandalarının turnirinin finalında Çin və Serbiya komandaları qarşılaşmışlar. Birinci hissədə avropalılar qalib gəlmiş, oyunun sonunda sevinən tərəf isə asiyalılar olmuşlar.  Ardıcıl üç hissədə serblərdən üstün hazırlıq nümayiş etdirən çinlilər Olimpiadanın çempionları olmuşlar.

Üçüncü yeri ABŞ həndbolçuları tutmuşlar.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında