Rio-de-Janeyro Yay Olimpiya Oyunları: Ümidləri doğruldanlar

“Bakıya Olimpiya medalı ilə qayıtmaqdan böyük qürur duyuruq”

Sərbəst güləş yarışlarının ilk günü Olimpiya xalçasında mübarizə aparan Cəbrayıl Həsənov (73 kq) və Hacı Əliyev (61 kq) bu növ üzrə ilk medalları qazandılar. İdmançılar və onların məşqçiləri ilə əlaqə yaradıb "Xalq qəzeti" üçün fikirlərini qələmə aldıq.

Sərbəst güləş üzrə yığmanın məşqçisi Arif Abdullayev yarışların ilk günündə mübarizə aparan hər iki güləşçimizin Olimpiya xalçasını medalla tərk etmələrini uğurlu nəticə adlandırdı: İkiqat dünya və Avropa çempionu olmuş Hacı Əliyev (57 kq) ilk rəqibi cənubi koreyalı ilə qarşılaşmanı böyük üstünlüklə başa vurdu. Rəqibləri arasında ən güclüsü, gürcü Vladimir Xinçeqaşvili (Gürcüstan) ilə qarşılaşmada da qalib gəlmək şansı böyük idi. Diqqətsizlik ucbatından ona uduzdu. Gürcü rəqibini məğlub etsəydi, digərlərinə asanlıqla qalib gələ bilərdi. Təsəlliverici görüşdə əvvəl Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayan  pəhləvanımız bürünc medal uğrunda qarşılaşmada bolqarıstanlı Vladimir Dubovu təmiz qələbə ilə mübarizədən kənarlaşdırdı.

Dünya və Avropa çempionatlarında dəfələrlə mükafatçılar sırasında yer tutmuş Cəbrayıl Həsənov da təcrübəli güləşçilərimizdən biridir. Londonda 5-ci nəticə göstərmişdi. Onun finalda mübarizə aparacağına əmin idik.

Rusiyalı idmançı ilə qarşılaşmada üstünlük onun tərəfində idi. Əks fəndə düşməsi ilə rəqibə məğlub oldu. Bürünc medal uğrunda qarşılaşmalarında isə sonadək üstünlüyü əldə saxladı və qalib gəldi.

Hacı Əliyev Olimpiya xalçasında böyük inamla mübarizə apardığını dedi: Özümə əmin idim ki, qələbə qazanacağam. İdmanda bəxt amili də mühüm rol oynayır. Ani bir səhv hər şeyi alt-üst edir. Bu, eyni zamanda, rəqibə də aiddir. 1/4 finalda qarşılaşma zamanı qalib gəlmək üçün potensialım var idi. Bunu döşəkdə də hiss edirdim. Son anda son cəhd üçün vaxt çatmadı. Bürünc medal uğrunda qarşılaşmalarım zamanı bütün bunları diqqətdə saxladım. Sevinirəm ki, Vətənə Olimpiya medalı ilə qayıdıram.

Cəbrayıl Həsənov da qazandığı nəticədən razı qaldığını dedi: İdman sürprizlərlə doludur. İlk görüşlərimi tam üstünlüklə başa çatdırdım. Rusiyalı rəqibimlə qarşılaşma zamanı da qalib olacağıma inanırdım. Burada bəzi məqamlar baş verdi. Ümumiyyətlə, yarışlar zamanı haqsızlıqlar olur. Biz idmançılar bununla üzləşməmək üçün da mübarizəmizdə daha qətiyyətli olmalıyıq. Amma bürünc medal da yaxşı nəticədir. Olimpiya medalı qazanmaq hər idmançıya qismət olmur.

Cəbrayıl Həsənovun şəxsi məşqçisi, Əməkdar məşqçi Aslan Ağayev yetirməsinin əsas medal ümidlərindən biri olduğunu qeyd etdi: Düzdür, yetirməmdən qızıl medal gözləyirdim. İlk qarşılaşmaları zamanı da sübut etdi ki, hərtərəfli hazırlığa malikdir. Kolumbiyalı Karlos Arturo İzquerdo və gürcüstanlı Yakob Makaraşviliyə heç bir şans vermədi. Rusiyalı güləşçi ilə qarşılaşması da onun xeyrinə qurtara bilərdi. Burada bir qədər ağılla güləşmək və sayıqlığı əldən verməmək lazım idi. Təəssüf ki, bu görüşdə gücündən maksimum istifadə edə bilmədi.

Bürünc medal uğrunda mübarizədə bütün qüvvəsini topladı və özbək güləşçi Bexzad Abdurrahmanov üzərində 7:9 hesablı qələbə ilə fəxri kürsünün üçüncü pilləsində yer aldı. Sevinirəm ki, Cəbrayıl ümidləri doğrultdu. Bakıya Olimpiya medalı ilə qayıtmaqdan böyük qürur duyuruq.

Leyla QURBANOVA,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında