Azərbaycan boksçusu ilk dəfə Olimpiya Oyunlarının finalında

Bu tarixi hadisə 2016-cı il avqustun 19-da Bakı vaxtı ilə saat 22:00 radələrində baş verdi. Həmin axşam təmsilçimiz Lorenso Sotomayor ( 64 kq ) Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının boks turnirinin yarımfinal görüşündə rinqdən qalib ayrılaraq finalda Olimpiadanın çempionu adı və qızıl medal uğrunda mübarizə aparmaq hüququ qazandı.

Özü də bu çox inamlı qələbə idi. Sotomayor almaniyalı Artyom Arutyunyan ilə görüşdə rəqibindən güclü olduğuna hakimlərin heç birində şübhə yeri qoymadı və onlar hər üç raundda qələbə xallarını Azərbaycan boksçusunun xeyrinə qeydə aldılar.

Kuba boks məktəbinin yetirməsi, ötən illərin dünya və Olimpiya çempionu, əfsanəvi Teofilo Stivenson kimi görkəmli rinq ustasının davamçılarından biri olub, son illər ölkəmizdə yaşayan və milli komandamızın heyətinə cəlb edilən Lorenso məşqçilərin etimadını tam doğruldur. Boksçumuz artıq finaldadır və onun bu gün özbəkistanlı Fəzləddin Qaibnazarova qarşı keçirəcəyi həlledici görüşü bütün Azərbaycan böyük ümidlə gözləyir. Rinqdə ilk Olimpiya qızılımızın sevincini yaşamağımız üçün əla imkan yaranmışdır.

Azərbaycan komandası üzvünün finala çıxması həm də onu bildirir ki, ölkəmizin boksçuları indiyə qədər iştirakçısı olduqları Olimpiya oyunlarında ən yaxşı nəticələrini məhz Rio-2016-da göstərmişlər. Əgər buna qədər bir Olimpiadada boksda ən yüksək nəticəmiz iki bürünc medal olmuşdusa ( Afina-2004,  Ağası Məmmədov və Fuad Aslanov;  London-2012,  Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov ), bu dəfə hesabımızda Sotomayorun yarımfinalda qələbə sayəsində bürünc mükafatdan hələlik gümüşə çevirdiyi medal, bir də Kamran Şahsuvarlının 75 kq çəki dərəcəsində yarışan boksçuların rəqabətində qazandığı bürünc mükafat vardır.

Amma hamımız bunu da yaxşı bilirik ki, artıq qızıl da bizim üçün əlçatmaz deyil, bu medalın uzaq Braziliyadan Azərbaycana gətirilməsi üçün cəmi bir döyüş, bir qələbə qalır.

 Bu döyüşdən qalib ayrılmağın yollarını yəqin ki Lorenso yaxşı bilir. Hər halda, Sotomayor-Qaibnazarov finalı Azərbaycan tarixində özünə həm də qızıl final kimi yer edə bilər.

"Sərbəstlər" iki medalla başladılar

Rio Olimpiadasına maksimum sayda altı lisenziya qazanan və həmişəki kimi, indiki Olimpiya Oyunlarında da əsas zərbə qüvvəmiz olan Azərbaycanın sərbəst güləş ustalarından birinci olaraq xalça üzərinə Hacı Əliyev ( 57 kq ) və Cəbrayıl Həsənov ( 74 kq ) çıxdılar və hərəyə bir bürünc mükafat qazandılar, hərçənd onların medallarının keyfiyyəti daha yüksək ola bilərdi.

Hər iki güləşçimiz Olimpiada xalçası üzərində mübarizəyə səkkizdəbir finalda inamlı qələbələrlə başladı. Əliyev Koreya Respublikası nümayəndəsini, Həsənov isə kolumbiyalı Karlos Mendesi böyük hesabla məğlubiyyətə uğratdılar. Təəssüf ki, sonadək belə davam etmək mümkün olmadı və Hacı da, Cəbrayıl da fəxri kürsüyə aparan yolda təsəlliverici görüşləri gözləməli oldular.

Yaxşı ki, burada onların hər ikisi öz sözünü axıradək deməyi bacardı. Hacı Qazaxıstan güləşçisi Nurislam Saniyev və bulqarıstanlı Vladimir Dubova qalib gələrək Olimpiadanın bürünc mükafatçısı oldu.

 Yarımfinalda uduzduğuna görə üçüncü yer uğrunda mübarizədə yalnız bir görüşdə xalça üzərinə çıxan Cəbrayıl da öz növbəsində özbəkistanlı rəqibi Bekzod Abdurəhmanovdan güclü oldu və daha bir bürünc medal qazandıq.

Əlbəttə ki, Olimpiya turnirinə iki bürünc mükafatla başlamaq pis deyil. Yarışın elə birinci günü hər iki güləşçimiz fəxri kürsüyə yüksəlmişdir.Amma söhbət Azərbaycanın sərbəst güləş üzrə milli komandasından gedəndə hamı daha yüksək əyarlı medallar haqqında düşünür.

Daha bir taekvondoçumuz Olimpiya fəxri kürsüsündə

Əvvəlki Olimpiya Oyunlarında heç vaxt medallarının hesabını aça bilməyən Azərbaycanın dayanq ustaları, deyəsən, bunun əvəzini Rio-de-Janeyroda artıqlaması ilə çıxmağı qərara almışlar. Hər halda, üç taekvondoçumuzdan  ikisinin mükafatçılar sırasında yer tutması çox böyük nailiyyətdir.

 Qadınların yarışının birinci günü Patimat Abakarovanın 49 kq çəki dərəcəsində qazandığı müvəfəqiyyəti ( bürünc medal ) ertəsi gün kişilərdən ibarət komandamızın üzvü Milad Beiqi Harçeqani ( 80 kq ) təkrar etdi. O, Mali idmançısı İsmael Kulibali, iranlı dünya çempionu Mehdi Xodabaxşı üzərində qələbələrdən sonra yarımfinalda Böyük Britaniya idmançısı Məhəmməd Lutaloya uduzsa da , bürünc medal uğrunda görüşdə polyak Petr Pazinskiyə heç bir ümid yeri qoymayıb, vaxtından əvvəl böyük üstünlüklə qələbə qazandı və üçüncü mükafatın taleyini öz xeyrinə həll etdi.

Fəridə Əzizova ( 67 kq ) da dayanq üzərində ilk addımlarını inamla atdı. Peyci Makferson ( ABŞ ) və Niqor Tursunkulova ( Özbəkistan ) üzərində layiqli qələbələr onun üçün yarımfinala yol açdı . Amma finalın astanasında Koreya Respublikası idmançısı ilə görüşdə məğlubiyyət  qeydə alındı. Bürünc medal uğrunda görüşdə isə Fəridə Kot d-İvuar nümayəndəsinə uduzub Olimpiadada çıxışlarını beşinci yerdə başa vurdu.

Altmış dörd ölkədən 128 rəqibin mübarizə apardığı taekvondo yarışlarında sonuncu təmsilçimiz Radik İsayev    ( +80 kq )  dünən axşam starta çıxmışdır.

Marina Durunda çoxnövçülüyün finalında

Azərbaycanda bədii gimnastikanın lideri Marina Durunda Olimpiya turnirinin təsnifat yarışlarında qarşısında duran vəzifəni bacarıqla yerinə yetirmişdir.

 Son illər bir çox beynəlxalq yarışda, o cümlədən qitə çempionatında, Bakıda birinci Avropa Oyunlarında uğurla çıxış edərək mükafatçılar sırasında yer tutmuş gimnastımız Olimpiada-2016-da  da ayrı-ayrı təmrinlərdə yaxşı hazırlıq nümayış etdirmişdir.

 Hakimlər təsnifat startlarında Durundanın həlqə ilə hərəkətlərdə çıxışını 17.466, topla təmrinlərdə yenə 17.466 xalla qiymətləndirmişlər. Gimnastımız gürzlər və lentlə hərəkətləri isə daha dəqiq yerinə yetirmişdir – müvafiq surətdə 17.683 və 17.733 xal. Nəticədə Azərbaycan idmançısı dörd təmrinin yekununda 70.348 xal qazanaraq səkkizinci yeri tutmuş və çoxnövçülük yarışlarının final mərhələsinə vəsiqə qazanmışdır. Final startları dünən axşam keçirilmişdir.

Olimpiadanın mükafatçıları

Artıq son yarışları keçirilən və Rio-de- Janeyronun "Marakana" stadionunda təntənəli bağlanış mərasiminə hazırlıq görülən XXXI Yay Olimpiya Oyunlarında bir sıra növlərdə qalib komandalar və mükafatçılar müəyyənləşmişdir. Qadınlardan ibarət futbol komandalarının turnirində Olimpiadanın çempionu adını Almaniya yığması qazanmışdır. Gümüş və bürünc medallara İsveç və Kanada futbolçuları sahib olmuşlar. Qadın vaterpol komandalarının yarışlarında isə mükafata layiq yerlər bu ardıcıllıqla bölüşdürülmüşdür: ABŞ, İtaliya, Rusiya. 

Olimpiadanın çempionları ABŞ vaterpolçuları finalda İtaliya komandasını 12:5 hesabı ilə məğlubiyyətə uğratmışlar.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında