Nazim Əlicanov: Üçqat Olimpiya mükafatçımız qızıl ümidini itirməyib

Qadın güləşi üzrə yığma komandamız Rio xalçasında üç çəkidən ikisində medal əldə etdi. Pekin Olimpiadasında bürünc, “London-2012”-də gümüş qazanan Mariya Stadnik (48 kq) “Rio-2016”-da növbəti gümüş medalı ilə Azərbaycan idmanı tarixində üçqat Olimpiya mükafatçısı kimi ilkə imza atdı.

Dünya güləş aləmində tanınmış pəhləvanlardan olan Mariya Rio xalçasında qızıl medala iddialılardan  biri kimi diqqətdə idi. Qəzetimizin ötən saylarında Rio-de-Janeyro Yay Olimpiya Oyunları: Kimə ümid edirik? rubrikasında güləşçilərimizin medal ümidlərindən bəhs edərkən məşqçi və mütəxəssislərin Mariyadan qızıl medal gözlədiklərini yazmışdıq. Bunu da vurğulamışdıq ki, onun üçün yalnız son dünya çempionatlarının qalibi Eri Tosaka ciddi rəqib ola bilər. Rio xalçasında, doğrudan da, Tosaka onun rəqibi oldu. Amma deməzdim ki, çox ciddi. Təəssüf ki, son saniyələrdə güləşçimiz döyüşü rəqibə uduzdu. Baxmayaraq ki, qüvvələr bərabər idi.

Bürünc medalı isə komandamıza 53 kiloqram çəki dərəcəsində çıxış edən Nataliya Sinişin qazandırdı. O ilk görüşündə yaponiyalı 13 qat dünya və üçqat Olimpiya çempionu Saori Yoşidaya 0:4 hesabı ilə məğlub olsa da, bürünc medal uğrunda qarşılaşmalarda fürsəti əldən vermədi.

Qadınlardan ibarət milli komandanın  böyük məşqçisi Nazim Əlicanovla görüşüb, güləşçilərimizin çıxışları ilə bağlı fikirlərini oxucularımızla bölüşməsini xahiş etdik:

“Rio Olimpiadasının davam etməsinə baxmayaraq, artıq rekord sayda medal əldə edilib. Bu münasibətlə ölkəmizin idman ictimaiyyətini, xalqımızı təbrik edirəm. Qazanılmış nailiyyətlər Azərbaycanda bütün sahələr kimi, idmanın da sürətli inkişafının əyani göstəricisidir. Yığmamızın aktivinə iki medalı xanım güləşçilərimiz yazdırdılar - Mariya Stadnik gümüş, Nataliya Sinişin isə bürünc medal qazandı.  Yüksək güləş texnikası, taktiki və fiziki hazırlığı ilə fərqlənən Stadnik artıq güləş əfsanəsinə çevrilib. Bu istedadlı güləşçidən hamı qızıl medal gözləyirdi. Onun çempionluq üçün geniş imkanları var idi. Rio xalçasında ilk görüşləri yüksək səviyyədə keçirsə də, final qarşılaşmasında son saniyələrdə görüşü əldən verdi. Dünya çempionatında da belə bir halla qarşılaşıb məğlub olmuşdu. Mariya özünə qarşı çox məsuliyyətlidir. Qalib gəlmək şansı olduğu halda, məğlubiyyətə düçar olması onun özünə çox pis təsir edib. Təbii ki, bu idmandır, burada qalib kimi məğlublar da olmalıdır. Amma üçqat Olimpiya mükafatçımız qızıl ümidini itirməyib. Növbəti Olimpiya Oyunlarına qədər güləş təcrübəsini daha da artırıb, çempion olacağına əmindir.

Natalya bürünc medal uğrunda qarşılaşmalarında böyük əzmkarlıq göstərdi. Medal qazanacağına inanırdı. Təlim-məşqlərdə yarızarafat, yarıciddi “Olimpiya Oyunlarının bir medalı mənimdir”, - deyirdi. Qeyd edim ki, Sinişina 58 kq-da bu il Avropa çempionu olmuşdu. 53 kq-da Olimpiya Oyunlarında güləşməsi üçün çəkisalma prosesi ağır olsa da, bunun öhdəsindən uğurla gəldi. Yaponiya təmsilçisi ilə ilk qarşılaşmasında məğlub olmasına baxmayaraq, sonrakı görüşlərində böyük ustalıq nümayiş etdirdi. Belə demək mümkünsə, ağılla güləşdi, yəni xırda səhvə belə yol vermədi. 

Bildiyiniz kimi, 58 kq-da Yuliya Ratkeviç məğlub oldu. O ilk görüşləri yüksək səviyyədə keçirdi. Üçüncü yer uğrunda görüşdə məncə vaxtından qabaq sevindi, boşluğa yol verdi. Son saniyələrdə hücuma keçməkdənsə, rəqibi nəzarətdə saxlayıb, sadəcə vaxt ötürməli idi. Rəqibini yaxşı tanıyırdı. Birgə təlim-məşqlərdə Tunis komandasının tərkibində iştirak edirdi. Yuliya onunla qarşılaşmada fəallıq göstərib ardıcıl fəndlərlə fərqi 3 xala çatdırsa da, sonradan rəqib özünü toplayaraq sona 4 saniyə qalmış qalib oldu.

Düşünürəm ki, bir gümüş, bir bürünc medal qadın komandamız üçün uğurlu nəticədir.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında