İndiyə qədər Azərbaycan idmançıları iştirak etdikləri Olimpiya Oyunlarında ən çox medalı, çoxunuzun yaxşı yadında olduğu kimi, dörd il əvvəl İngiltərə paytaxtında keçirilmiş XXX Olimpiadada qazanmışdılar. Onda həmvətənlərimizə 10 mükafat təqdim olunmuşdu. İndi, Rio-de-Janeyroda XXXI Olimpiya Oyunlarının finişə çatmasına hələ üç gün qalmış həmin göstərici bir qədər artmışdır.
Avqustun 19-dək Azərbaycan nümayəndə heyətinin hesabında 10 medal var idi, üstəlik də, boks yığmamızın üzvü Lorenso Sotomayor yarımfinala çıxmaqla komandamıza daha bir mükafatı təmin etmişdir. Deməli, artıq medallarımızın sayı 11-ə çatmışdı.
Dünən axşam Azərbaycan yığmasının üzvü Lorenso Sotomayor yarımfinal görüşü keçirib. Altmış dörd kiloqram çəkidə mübarizə aparan boksçumuz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşüb, hər üç raundda qalib gəlib. Bununla da, o, Azərbaycan boks tarixində yeni səhifə açıb. Çünki hələ Olimpiya Oyunlarında indiyədək idmanın boks növündə Azərbaycanın heç bir idmançısı finala çıxmayıb. Avqustun 21-də finala çıxacaq idmançımızın rəqibi Fazliddin Qaibnazarov (Özbəkistan) olacaq.
Cüdoçular Rüstəm Orucov və Elmar Qasımov, güləşçi Mariya Stadnik və avarçəkən Valentin Demyanenkonun gümüş, yunan-Roma güləşçiləri Rəsul Çunayev və Sabah Şəriəti, güləşçi Natalya Sinişin, avarçəkmə ustası İrina Osipenko-Radomskaya, boksçu Kamran Şahsuvarlı və taekvondoçu Patimat Abakarovanın bürünc mükafatları sayəsində Azərbaycan avqustun 19-dək medal qazanmış 81 ölkənin siyahısında 4 gümüş və 6 bürünc medalla 55-ci mövqedə idi.
Liderlər üçlüyünü isə medallarının sayını az qala 100-ə çatdırmış ( 34+33+31 ) ABŞ, habelə Böyük Britaniya (21+21+13) və Çin (20+16+22) komandaları təşkil edirlər.
Əgər mükafatçı təmsilçi-lərimizin siyahısına diqqət yetirsək, idmançılarımız medallardan üçünə indiyə qədər olimpiadalarda heç vaxt fərqlənmədikləri növlərdə – avarçəkmə və taekvondo yarışlarında nail olmuşlar. Avarçəkmə ustaları Valentin Demyanenko və İnna Osipenko-Radomskayanın müvafiq surətdə gümüş və bürünc medalları, taekvondoçu Patimat Abakarovanın da bürünc mükafatı hər iki növün ölkəmizdə inkişafının düzgün istiqamətdə aparıldığını təsdiq edir. Bu da təbii ki, gələcəyə ümidi daha da artırır.
Olimpiadada sonuncu üç medalımızın eyni bir günə, yarışların 18 avqust təqviminə təsadüf etməsi də finişdə yaxşı əlamətdir. Həmin gün əvvəlcə Demyanenkonun gümüş mükafatına sevindik, sonra bizim vaxtla gecə yarısı Sinişinin uğurunun şahidi olduq, Kamran Şahsuvarlı ( 75 kq ) dörddəbir finalda uduzduqdan sonra isə qəti məlum oldu ki, o, ilk dəfə iştirakçısı olduğu Olimpiya Oyunlarını bürünc medalla tərk edəcək.
Olimpiada rinqində üç qələbəsi ilə çoxlarını təəccübləndirən Kamran finalın astanasında kubalı Arlen Lopesə uduzub mübarizəni dayandırsa da, bunu ona heç kim irad tuta bilməz, əksinə, hamımız boks komandamızın gənc üzvünün fədakarlığından və əsl qələbə əzmindən böyük zövq aldıq. Qazandığı medal Şahsuvarlının son dərəcə çalışqan və mərd döyüşçü olduğunu göstərir.
Azərbaycan milli komandasında zəngin təcrübəli və yüksək yerlərə daha çox iddialı görünən boksçulardan fərqli olaraq, bu növdə ilk medalımızı məhz Kamranın qazanması, şübhəsiz, ona hörməti və gələcəkdə daha böyük uğurlarına inamı da artıracaq.
Əgər 18 avqust axşamında 75 kq çəki dərəcəsində finalçılar müəyyənləşdisə, 81 kq çəkidə qalib və mükafatçılar məlum oldu. Bu çəkidə Olimpiadanın çempionu adını final görüşündə Qazaxıstan idmançısı Adilbek Niyazımbetov üzərində qələbəyə sevinən kubalı Xulio La Kruz qazandı. Bürünc mükafatlar isə fransız Matye Boderlikə və Böyük Britaniya təmsilçisi Coşua Buatsiyə təqdim olundu.
Üç nəfərə iki medal və bir 5-ci yer. Qadın güləşçilərimiz Olimpiadada çıxışlarını belə nəticə ilə yekunlaşdırmışlar. Sözsüz, bu yüksək göstəricidir. Ölkəmizin idman tarixində Olimpiya Oyunlarının üçqat mükafatçısı kimi özünə çox şərəfli yer etmiş Mariya Stadnikin gümüş, Natalya Sinişinin bürünc medalları, eləcə də Yuliya Ratkeviçin tutduğu 5-ci yer Oyunlara yaxşı hazırlığın nəticəsidir. Sinişinin Rio-de-Janeyro xalçası üzərində bürünc medalı Seneqal və Venesuela güləşçiləri ilə təsəlliverici görüşlərdə qazandığını da qeyd edək.
Güləşçimizin çıxış etdiyi 53 kq çəki dərəcəsində daha bir "bürünc"ə isveçli Sofya Matsson, gümüş medala Yaponiya idmançısı Saori Yoşada sahib olmuşlar. Olimpiadanın çempionu adını isə ABŞ güləşçisi Luiza Marulis qazanmışdır.
Triatlon yarışlarında bizim Rostislav Pevtsov 56 rəqibin mübarizəsində yalnız 39-cu nəticə göstərmişdir. Amma bunu müəyyən dərəcədə başa düşmək olar. Başlıcası budur ki, Azərbaycan Olimpiya Oyunları kimi çox çətin və böyük şöhrət gətirən bir meydana həmin növdə də iştirakçı çıxara bilmişdir. Bundan sonra Azərbaycanın olimpiadalarda təmsil olunduğu ayrı-ayrı növlər haqqında danışarkən həyata Rio-2016-da göz açmış triatlonu da unutmayacağıq.
Olimpiadada bu növ üzrə yarışlarda qızıl və gümüş medallara britaniyalı Alister və Conatan Braun qardaşları sahib olmuşlar, bürünc mükafat isə Cənubi Afrika Respublikasına aparılmışdır.
Almaniya, Braziliya, ABŞ
Olimpiadada qadınların çimərlik voleybolu yarışında fəxri kürsüyə bu üç ölkənin təmsilçiləri yüksəlmişlər.
Çempionluq sevincini almanlar yaşamışlar. Braziliya və ABŞ komandaları da öz növbələrində müvafiq surətdə gümüş və bürünc medallara sahib olmuşlar.
Argentina – çempion!
Kişilərdən ibarət otüstü xokkey komandalarının turniri finişə çatmışdır. Rio-2016-nın qızıl medalları argentinalılara təqdim olunmuşdur.
Olimpiya çempionları həlledici final görüşündə Belçika komandası ilə qarşılaşmış və 4:2 hesabı ilə qalib gəlmişlər.
Final: Rusiya- Fransa
Rio-2016-da qadın həndbol komandalarının turnirində bu gün sonuncu və ən prinsipial görüşlər oynanılacaq.
Olimpiadanın qızıl medalları uğrunda matçda Rusiya və Fransa yığmaları üz-üzə gələcəklər. Hollandiya və Norveç komandaları isə öz aralarında keçirəcəkləri görüşdə üçüncü yerin sahibini müəyyənləşdirəcəklər.
Yarımfinalda Rusiya həndbolçuları norveçlilərə, fransızlar isə Hollandiya idmançılarına qalib gəlmişlər.
Oqtay BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.