Rio-de-Janeyro Yay Olimpiya Oyunları: Ümidləri doğruldanlar

Azərbaycan taekvondosu tarixində ilk Olimpiya medalı

Rio Olimpiadasında növbəti bürünc medalı 49 kq çəkidə Patimat Abakarova qazandı. Bu, taekvondo tariximizdə ilk Olimpiya medalıdır. Builki Avropa çempionatının gümüş mükafatçısı, "Bakı-2015"in bürünc medal sahibi Abakarova əsl əzmkarlıq göstərərək, ona bəslənilən ümidlərin əbəs olmadığını sübut etdi. Qeyd edək ki, Abakarova Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin təmsilçisidir.

İdmançı ilə əlaqə yaradıb "Xalq qəzeti" üçün fikirlərini qələmə aldıq: "İlk görüşdə məğlub oldum. Səbəbi isə həyəcanlı olmağım idi. Sadəcə, özümü vaxtında ələ ala bilmədim. Həmin görüşdən sonra başa düşdüm ki, potensialımdan maksimum istifadə etsəydim qələbə qazana bilərdim. Bürünc medal üçün şans yarananda bu fürsəti əldən qaçırmamaq üçün bütün var gücümü topladım. Özümə inandığım üçün döyüşə əminliklə çıxdım. Çinli ilə döyüşüm çətin olsa da öhdəsindən gəldim. Bürünc medal uğrunda Fransa təmsilçisi ilə qarşılaşmam isə gözlədiyim qədər də çətin olmadı. Taekvondo tarixində ilk Olimpiya medalı qazandığım üçün qürur duyuram.

Patimat Abakarovanın şəxsi məşqçisi Terennüm Bayramov yetirməsinin qələbə qazanacağına inandığını dedi: Patimat son qitə çempionatında uğurla çıxış etmişdi. Olimpiya Oyunlarında medal qazanacağına inanırdım. Fiziki, taktiki və texniki cəhətdən əla idmançıdır. Patimatın son döyüşləri inamlı təsir bağışladığından qələbə qazanacağına əmin idim.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayevlə əlaqə yaradıb Patimat Abakarovanın Olimpiya Oyunlarında çıxışı ilə bağlı fikirlərini "Xalq qəzeti" ilə bölüşməsini xahiş etdik. Xəzər İsayev Abakarovanın çıxışını yüksək qiymətləndirdiyini bildirdi, eyni zamanda, idmançılarımızın əzmkar mübarizəsi nəticəsində ayrı-ayrı növlərdə artıq rekord sayda medal qazanıldığını, qarşıdakı yarışlarda medalların sayının daha da artacağına, əyarının yüksələcəyinə əminliyini bildirdi: "Gömrükçü" İSM-in idmançısı Patimat Abakarovanın qazandığı bürünc medalın taekvondo idman tarixində böyük uğur olduğunu vurğulamaq istərdim.

Qeyd edim ki, "Gömrükçü" İSM-in boksçuları - Vüqar Ələkbərov "Sidney-2000"-də, Ağası Məmmədov "Afina-2004"-də, Şahin İmranov "Pekin-2008"-də bürünc medallar əldə etmişdilər. "London-2012"-də gömrükçülərimiz medal qazana bilməmişdilər. Patimat ümidləri doğrultdu və ilk dəfə bu növdə Olimpiya medalı qazandıq.

Leyla QURBANOVA,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında