Azərbaycan güləşçisi Mariya Stadnik Olimpiya Oyunlarının üçqat mükafatçısıdır!

Artıq bir çox ildir ki, 48 kq çəki dərəcəsində dünyanın ən güclü qadın güləşçilərindən biri kimi böyük şöhrət qazanmış Azərbaycan milli komandasının lideri Mariya Stadnik 2016-cı il avqustun 17-də Bakı vaxtı ilə gecəyarısı Rio-de-Janeyro- 2016 Olimpiya Oyunlarında fəxri kürsünün ikinci pilləsinə yüksəlmiş və olimpiadaların üçqat mükafatçısı olmuşdur. Güləşçimiz bununla da Olimpiya Oyunlarının üç medalının sahibi olaraq Azərbaycan idmanı tarixinə indiyə qədər heç kimin müvəffəq olmadığı parlaq bir səhifə yazmışdır.

Əlbəttə ki, tarixi nailiyyətdir! Ardıcıl üç Olimpiadada qaliblər sırasında olmaq , fəxri kürsüdə təbrikləri qəbul etmək hər idmançının, hər güləşçinin işi deyil. Stadnik isə bunu bacarmışdır. Hərçənd Pekin-2008-in bürünc medalını London- 2012-də gümüş mükafata çevirən Mariyanı Braziliyada yaponiyalı Eri Tosaka ilə final görüşündə qızıl medaldan, çempionluq zirvəsindən saniyələr ayırırdı.

Amma nə etmək olar, görünür, həmin axşam idman xoşbəxtliyi ondan üz döndərmişdi. Bütün görüş ərzində rəqibindən daha fəal güləşib daim hesabda irəli olan Mariya mübarizənin son saniyələrində üstünlüyü itirib gümüş mükafatla kifayətlənməli oldu.

Buna qədər isə Stadnik Argentina güləşçisi Patrisia Bermudes, polyak İvona Matkovska, yarımfinalda bolqarıstanlı Elitsa Yankova üzərində bir-birindən inamlı qələbələrə nail olmuş, bu üç görüşdə rəqiblərinə bir xal da verməyib ümumi 26:0 (!) hesabı ilə qələbə qazanmışdı.

Final görüşündə də işlər çox yaxşı, Azərbaycan güləşçisinin və onun on minlərlə pərəstişkarının arzuladığı kimi gedirdi. Yalnız son saniyələrdə hər şey ani halda dəyişdi- 2:3. Bu uğursuzluğa baxmayaraq, Mariya Stadnikin qazandığı gümüş medal çox böyük nailiyyətdir və güləşçimiz özü ilə , üç Olimpiya medalı- iki gümüş və bir bürünc mükafatla haqlı olaraq fəxr edə, qürur duya bilər. Ona görə də görüşdən bir qədər sonra fəxri kürsüdə qaliblərin mükafatlandırılması mərasimində göz yaşlarını saxlaya bilməyən Stadnikə adam "ağlama, Mariya, sən həqiqətən , qəhrəmansan!" demək istəyirdi. Nə qədər ki, ümumdunya Olimpiya hərəkatı var, nə qədər ki, hər dörd ildən bir Olimpiya Oyunları bütün dünyanı on yeddi gün ərzində vahid bir ailə kimi öz ətrafında sıx birləşdirir, Azərbaycan güləşçisi Mariya Stadnikin olimpiadalarda qazandığı iki gümüş və bir bürünc medal onların sahibinə dərin minnətdarlıq hissi ilə xatırlanacaq. Xeyirxah idman aləmi öz qəhrəmanlarını heç vaxt unutmur.

Avqustun 17-si artıq Olimpiya Oyunlarının üçqat mükafatçısı adını daşıyan Mariya Stadnikin komanda yoldaşı Yuliya Ratkeviç ( 58 kq ) üçün də düşərli olmadı. Dörd il əvvəl İngiltərə paytaxtında keçirilmiş XXX Yay Olimpiya Oyunlarında fəxri kürsünün üçüncü pilləsinə yüksəlmiş bu güləşçimiz Rio-2016-da həmin müvəfəqiyyəti təkrar etməyə çox yaxın idi.Ancaq təəssüf ki, Ratkeviç də son saniyələrin qurbanı oldu. Yuliya tunisli Mərvə Əmri ilə " bürünc" uğrunda mübarizənin gedişində 3:0 hesabı ilə irəli çıxmasına baxmayaraq bu üstünlüyü sona qədər qoruya bilmədi və qələbəyə , bürünc medala rəqibi sevindi. Həmin gün idman xoşbəxtliyi Stadnik kimi, Ratkeviçdən də üz döndərmişdi...

Olimpiadanın on ikinci günü Azərbaycan idmanı nümayəndələri daha bir tarixi nailiyyətə taekvondo turnirində sevindilər. İndiyə qədər dayanq ustalarımız Olimpiya Oyunlarında heç cür medal qazana bilməmişdilər. Nəhayət, Rio-de-Janeyroda bu xoşagəlməz ənənə pozuldu. Taekvondoçumuz Patimat Abakarova adını ölkəmizdə idmanın bu növünün tarixinə qızıl hərflərlə yazdırdı. İstedadlı və çox perspektivli bu idmançı  təsəlliverici görüşdə ikiqat Olimpiya çempionu çinli Jinqyu Buya, üçüncü yer uğrunda mübarizədə isə Fransa təmsilçisi Yastin Azeizə qalib gələrək taekvondoda ölkəmizə Olimpiya Oyunlarının ilk medalını qazandırdı. Patimatın bu böyük uğuru bütün taekvondoçular komandamızın zəfəri , Azərbaycan idmanına, Olimpiya hərəkatımıza gözəl töhfədir.

Mariya Stadnik və Patimat Abakarovanın uğurlarından sonra Azərbaycan yığma komandasının XXXI Yay Olimpiya Oyunlarında qazandığı medalların sayı 7-yə çatdı- 3 gümüş, 4 bürünc mükafat. Boksçular Kamran Şahsuvarlı və Lorenso Sotomayorun ölkəmizə təmin etdikləri daha iki mükafatı isə hələlik yadda saxlayırıq. Azərbaycan bu yeddi medalla mükafatçı ölkələrin siyahısında 55-ci mövqedədir (xatırladaq ki, Rio Olimpiadası 206 dövlətin nümayəndələrini öz bayrağı altına toplayıb).

Cədvəldə lider isə 28 qızıl , 30 gümüş və 28 bürünc mükafata malik ABŞ komandasıdır. İkinci- üçüncü yerləri böyük Britaniya (19+19+12) və Çin ( 18+ 15+ 20) yığmaları tuturlar. 

Final: Almaniya-İsveç

Qadınlardan ibarət futbol komandalarının final görüşündə Almaniya və İsveç kollektivləri qarşılaşacaqlar.

Yarımfinalda almanlar kanadalı rəqiblərini iki cavabsız qolla məğlubiyyətə uğratmışlar- 2:0. İsveç futbolçuları isə Olimpiada sahibləri braziliyalılar ilə gərgin oyunda finala vəsiqənin taleyini penaltilər seriyasında həll etmişlər- 4:3 (əsas və əlavə vaxtlarda qapılara top vurulmamışdır).

Bu gün Braziliya və Kanada komandaları arasında keçiriləcək üçüncü yer uğrunda görüşdə bürünc medalların sahibləri müəyyənləşəcək.

Almaniya- İsveç final matçı isə sabah oynanılacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında