Rio-de-Janeyro Yay Olimpiya Oyunları: Ümidləri doğruldanlar

Yunan-Roma güləşçilərimiz Olimpiadanı iki "bürünc”lə başa vurdular

Olimpiya Oyunlarında 5 çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçilərimizin çıxışları iki "bürünc"lə yekunlaşdı. Qeyd edək ki, bu komandamız üçün yaxşı nəticə hesab olunur. Bu dəfə də ənənəmizə sadiq qalaraq, ümidləri doğruldan idmançılarımızdan söz açacağıq.

Yüngül çəkili pəhləvanımız Rəsul Çunayevə (66 kq) məşqçi korpusu, federasiya rəsmiləri, eləcə də idman ictimaiyyəti çox böyük ümidlər bəsləyirdi. 25 yaşlı pəhləvan ümidləri doğruldaraq əzmkar mübarizəsi sayəsində medal qazandı. Düzdür, gənc pəhləvanın yüksək əyarlı medal əldə etməsi üçün geniş imkanları və güclü potensialı var idi. Ötən il dünya çempionu olmuşdu. Eyni zamanda, dünya və Avropa çempionatlarının mükafatçısıdır. Olimpiya Oyunlarında nəticəsi ilə bağlı söhbətimiz əsnasında gənc pəhləvan özü də etiraf etdi ki, Rio Olimpiadasına qızıl medal üçün getmişdi: "Olimpiya Oyunlarının çempionu olmaq ən böyük arzum idi. Təəssüf ki, onu reallaşdıra bilmədim. Çalışacağam ki, növbəti Olimpiya Oyunlarında çempion titulunu qazanım". Güləşçi onu da qeyd etdi ki, olimpiadada medal əldə etdiyi üçün çox sevinir. O, ötən müddət ərzində gərgin məşqlər etdiyini, öz üzərində səylə çalışdığını və buna görə də çəkdiyi zəhmətin bəhrəsini gördüyünü də qeyd etdi. "Olimpiya medalı qazanıb, Azərbaycan bayrağını yüksəklərə ucaltdığıma görə çox sevinirəm", – deyə əlavə etdi.

Növbəti "bürünc"ə 130 kq-da güləşən Sabah Şəriəti sahib oldu. Gücündən maksimum istifadə edən Sabah üçün bu, çox böyük uğur hesab olunur. İdmançı fikirlərini "Xalq qəzeti" ilə bölüşərkən bunları dedi: "Rioda medal qazanmaq üçün var qüvvəmi sərf etdim. Rəqiblərim çox güclü idilər. Medal qazanmaq arzum onları üstələməyə imkan verdi. Həlledici qarşılaşmadakı rəqibimə Avropa çempionatında uduzmuşdum. Buna baxmayaraq, qalib gələcəyimə inanırdım. Olimpiya Oyunlarında Azərbaycanın bayrağını yüksəltdiyimə görə hədsiz sevinirəm".

Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovla əlaqə yaradıb, komandamızın çıxışı ilə bağlı fikirlərini qəzetimizin oxucuları ilə bölüşməsini xahiş etdik. E. Cəfərov bunları dedi: İki medalla olimpiadada çıxışlarını başa vuran komandamızın, nəticələrini, ümumilikdə, uğurlu hesab etmək olar. Düzdür, olimpiadanın favoritləri arasında yunan-Roma güləşçilərimizin də xüsusi yeri var idi və haqlı olaraq yüksək əyarlı medal da gözləyirdik. Bir neçə ay bundan əvvəl yığmamızın dünya kubokuna sahib olması və ötən illər ərzində dünya, Avropa çempionatlarında çox parlaq nəticələrə imza atması komandamızın geniş imkanları olduğunu göstərirdi. Amma bu, Olimpiya Oyunlarıdır və burada zəif rəqib olmur. Yəni dünyanın güclü idmançıları dördilliyin ən möhtəşəm idman yarışında medal qazanmaq üçün bütün imkanlarını səfərbər edirlər.

Təbii ki, mütəxəssis­lərimiz, məşqçi korpusu komandamızın çıxışı ilə bağlı analizlər aparacaq, gələcək yarışlara hazırlıqla bağlı bütün bunlar nəzərə alınacaq. Komandamız daha böyük uğurlar əldə etməyə qadirdir və düşünürəm ki, buna növbəti Olimpiya Oyunlarında nail olacağıq.

Leyla QURBANOVA,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında